FOTOREPORTAJ| “Mən evimin salamat qalıb-qalmadığını bilmirəm”

513

NATIONAL GEOGRAPHIC, ABŞ
08.02.2021

Müəllif: Rəna Əfəndi

“Biz hər şeyimizi qoyub çıxdıq”, – deyə İradə Quliyeva bildirir: “Hətta pulumuzu, sənədlərimizi götürə bilmədik. O evə bir daha dönməyəcəyimiz ağlımıza gəlməzdi”.

İradə və ailəsi Azərbaycanın qərbində yerləşən Ağdam rayonunun Qasımlı kəndini 1992-cı ildə tərk edib.

Cənubi Qafqazda yerləşən qonşu dövlət – Ermənistanla Azərbaycan son aylaradək Dağlıq Qarabağ regionu üzündən münaqişə vəziyyətində idi. Sovet dönəmində bu region Azərbaycanın tərkibində muxtar vilayət olub. Amma əhalisinin əksəriyyəti erməni olan bölgə sonradan Ermənistan SSR-ə birləşmək iddiasını qaldırmışdı. Nəhayət, Sovet İttifaqının dağılmasından sonra iki müstəqil ölkə arasında genişmiqyaslı müharibə başlamışdı.

Beləliklə, hər iki tərəfin həyata keçirdiyi zorakılıq aktları uzun illər davam etmiş birgəyaşayış ənələlərini pozmuş, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilmişdi.

Qasımlı kəndinin işğalından cəmi bir neçə həftə əvvəl İradə və həyat yoldaşı İmran kəndlərindən cəmi 10 mil cənubda yerləşən Xocalıdan qaçıb gəlmiş bir neçə ailəyə sığınacaq vermişdi. “Bu insanlar yarıçılpaq vəziyyətdə gəlmişdilər. Yaralarından qan axırdı”, – deyə İmran xatırlayır: “Bir uşaq demək olar ki, donmuşdu, nəfəs ala bilmirdi”.

O zaman erməni hərbi birləşmələri Xocalıdan qaçmağa çalışan sakinlərə atəş açması nəticəsində yüzlərlə mülki şəxs – kişi, qadın və uşaq həlak olub. O zaman həmin hadisə “Human Right Watch” da daxil olmaqla, bir çox beynəlxalq təşkilat tərəfindən pislənib.

Xocalı hadisəsi zamanı çəhərdən meşələrə qaçmış onlarla insan orada donaraq da dünyasını dəyişib. “Xocalının işğalından sonra bizi nələrin gözləyə biləcəyini anladıq”, – deyə İmran qeyd edir.

Erməni hərbi birləşmələrinin Ağdam rayonu daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal etməsi nəticəsində yarım milyondan çox azərbaycanlı, o cümlədən Quliyevlər ailəsi ev-eşiyini itirib. Bu ailə Azərbaycanın paytaxtı Bakı ətrafında Sovet dövründən qalmış sanatoriyada sığınacaq tapıb. Onlar 20 ildən çoxdur doğma vətənlərinin həsrəti ilə yaşayır. Onlar öz evlərini yenidən görəcəklərinə ümidlərini itirmişdilər…

Lakin 2020-ci il noyabrın 20-də İradə sevincindən televizorun ekranını öpürdü. Azərbaycan Ordusu Ağdamı geri almışdı…

Azərbaycan bir zamanlar ona məxsus olmuş ərazilər üzərində nəzarəti bərpa etmək üçün ötən ilin sentyabrında hərbi əməliyyata başlamışdı. Koronavirus pandemiyasö dövrünə təsadüf etmiş İkinci Qarabağ müharibəsi 44 gün çəkib və Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatıb. Bu bəyannamə ilə Azərbaycan hərbi nailiyyətlərini qoruyub.

“Elə bil üstümdən ağır bir yük götürülüb”, – deyə İradə bildirir. Azərbaycanlı məcburi köçkünlər təxminən 30 ildən sonra, nəhayət, işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər. Lakin onların həmin ərazilərdə daimi yaşaya bilməsi üçün hələ xeyli vaxt lazımdır. Hələlik bölgəyə gediş-gəliş hərbçilərin ciddi nəzarəti altındadır. Ən pisi odur ki, hərbi əməliyyatların baş vermədiyi rayonlarda belə, həyat üçün zəruri hər şey məhv edilib. Buna baxmayaraq, Quliyevlər ailəsi öz köhnə evlərini görmək istəyir. Odur ki, mən onlarla birgə həmin ərazilərə yollandım…

“Dünyanın ən gözəl yeri”

Quliyevlər ailəsi ilə birlikdə Bakıdan Ağdama yollanırıq. Ölkənin şərqində yerləşən paytaxtla Ağdam arasında 200 mildən çox məsafə var. İradə xanım səhəti ilə əlaqədar, uzaq səfərə yollanmaq gücündə deyil. Odur ki, İmrana oğlu Rəşad, Rəşadın xanımı və iki qızı qoşulur. Rəşad valideynləri ilə birlikdə Ağdamı tərk edərkən 12 yaşında olub. Onun övladları Bakıda doğulub və atalarının vətənini yalnız televizorda görüblər. 9 yaşlı Fidan daha həyəcanlı görünür. “Ağdam dünyanın ən gözəl yeridir”, – deyə o, bildirir. Uşağın üzü xoşbəxtlikdən şölə saçır: “Atam belə deyir. Bilirəm ki, o, düz deyir”. Fidan ekranı qırılmış köhnə planşeti özünə səxəb. O, ailə səfərini çəkəcək.

5 saatlıq səfərdən sonra bir zamanlar Ermənistanla Azərbaycan arasında təmas xətti olmuş əraziyə çatırıq. Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanması ilə sona çatmışdı. O vaxtdan iki düşmən ordu məhz bu təmas xətti boyu düzülmüşdü. Buralarda heç kim yaşamır. Dağılmış asfalt yolun kənarı ilə tikanlı məftillər çəkilib. Yolun kənarında piyadalar əleyhinə tələlərin qurulduğu görünür. Qoruyucu geyimli insanlar bu ərazilərdə yavaş-yavaş hərəkət edir və hər santimetri yoxlayır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yerli bölməsinin rəhbəri Xaliq Zülfüqarovun sözlərinə görə, işğaldan azad olunmuş bütün ərazilərin minalardan təmizlənməsinə 10 ilədək vaxt sərf oluna bilər: “Biz harada mina olduğunu, harada olmadığını bilmirik. Odur ki, hər tərəfi təhlükəli sayırıq”.

Vaxtilə 40 minə yaxın insanın yaşadığı Ağdam şəhərinə çatırıq. Quliyevlər ailəsinin həyəcan və gözləntiləri heyrətlə əvəzlənir. Şəhərdə salamat qalmış yeganə bina məsciddir. 30 ildə şəhərdəki bütün tikililəri söküb, qarət ediblər. Rəşad və həyat yoldaşı Ağdamın mərkəzində insanı təşfişə salan sakit meydanda “selfi” çəkirlər. Şəhərin mərkəzindən xeyli uzaqda hərbçilərin səsləri və mina partlayışları eşidilir.

Tarixi məscidə daxil olur, buradan açıq səmaya baxıram. Məscidin günbəzi və minarəsi yoxdur. Hər yanı ot basıb. Yandırılmış küləş və peyin qoxusu gəlir. Məsciddən bir zamanlar anbar kimi istifadə edirlərmiş.

Dünyanın bəlkədə ən yaşlı çinar ağacının ucaldığı şəhər meydanında hərbi nəzarət məntəqəsi var. Şəhərə gələnləri orada saxlayırlar. Zabitlər bizə də ərazini gəzmək icazəsi vermək istəmirlər. Çünki ərazi hələ də minalardan təmizlənməyib. İmran kişi məsul şəxslərə yalvar-yaxar edir: “Bütün bu yolu evimi görmək üçün gəlmişəm. Yaşlı adamam, bu şansın bir də əlimə düşüb-düşməyəcəyini bilmirəm. İstəmirəm evimi görmədən ölüm”.

Zabit rəhbərliyə bir neçə dəfə zəng edir. Nəhayət, bizi buraxırlar, amma müşayiət üçün bizə hərbçi də qoşurlar. Qarşımıza şərt qoyulur: asfalt yoldan və əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara bir addım da atmaq olmaz!

Daş parçası və xatirələr

Quliyevlərin doğma kəndi Qasımlının yaxınlığındakı qəbiristanlıqda dayanırıq. Burada onların ailə üzvlərinin də qəbirləri var. İmran və Rəşad uzaqdan məzar daşlarına tərəf boylanırlar. Qəbiristanlığa daxil ola bilmirlər – icazə yoxdur.

Kənd kənarında bəzi evlərin divarları yerindədir. Amma əksər binanın dam örtüyü, pəncərə çərçivələri yoxdur. Bəzi evlərdə yanğın izləri də görünür. 1993-cü ildə bu rayonda məskunlaşmış bəzi ermənilər 2020-ci ilin noyabrında Ağdamı tərk edən zaman buradakı evlərə od vurublar.

Nar bağında köhnə avtomobil qalıqları görünür. Budaqları əyilmiş ağaclarda meyvələr yetişib. Çöllükdə iki at otlayır. Tərk edilmiş həyətlərdə itlər dolaşır.

Bizi müşayiət edən hərbçi Ağdam rayonuna Azərbaycan Ordusunun tərkibində gəlib. “Biz Ağdama daxil olduqda yaşlı erməni ər-arvad əşyalarını götürmək üçün bizdən bir neçə dəqiqə vaxt istədilər. Biz onları gözlədik. Amma evdən yalnız iki qutu narla çıxdılar”, – deyə o, bildirir.

Qasımlı kəndi də Ağdam şəhərinə bənzəyir. Buradakı evlərin də fasadları və pəncələri dağıdılıb. Hər bir ev kərpic-kərpic sökülüb, əşyalar daşınıb. Deyilənə görə, işğaldan sonra buradakı evlərin əşyaları yaxın ərazidə yerləşən İran bazarında satılıb.

İndi İmran və ailəsi qarşıda tam fərqli mənzərə görürdü. Amma ərazini tanıdıqları üçün evlərini tanıyırlar. Çayın üzərindəki körpüdən keçirik. İmran bu əraziləri yaxşı xatırlayır. Kəndə daxil olan kimi, hansısa bulağı axtarmağa başlayır. Bulaq iki kəndi birləşdirən yolun üzərindədir.

“Budur! Bizim evimizdir!”, – deyə İmran bildirir və dağıntılar arasında salamat qalmış divarı göstərir. Ərazini ot basıb: “Sanki Xirosimadır”.

Hərbçi həyətə girməməmiz üçün xəbərdarlıq edir. Orada mina ola bilər. Ailə yolun kənarından evlərinin qalıqlarının göründüyü istiqamətdə fotolar çəkir.

İmran oğluna ərazini göstərir: “Sol tərəfdəki bibinizin evidir, ora isə mənim əmim qızının evidir”. O, emosiyanal danışır. Dağıntılara belə, fikir vermir. Beynində bu divarlar hələ də salamatdır.

Rəşad o qədər də yaxşı xatırlamadığı küçələləri gəzir, şəkillər çəkir. Sanki o, üzləşdiyi mənzərədən şoka düşməmək üçün ətrafa telefonunun kamerasından baxır.

“Bu dəfələrlə yıxıldığım tut ağacıdır… Bax, ata, bizim qara qayamız hələ də buradadır!”, – deyə Rəşad xarabalıqların arasındakı iri daş parçasını göstərərək, qışqırır: “Ata, bu, suya atıldığım körpüdür, xatırlayırsan?”.

Həyəcanla danışan Rəşad sanki əhvalı pozulmuş İmranın fikrini yayındırmağa çalışır. Yaşlı adam isə səssizcə addımlayır. Artıq onun həyacanı da sönüb. İmran reallığı anlamağa başlamışdı…

“Atama görə narahat idim. Onun ağlamaması və əsəbiləşməməsi üçün zarafatlar edirdim. Atamın ürəyi çox zəifdir”, – deyə Rəşad izah edir: “Evimiz dağılıb. Ancaq bütün uşaqlıq xatirələrim geri döndü. Sanki bu əraziləri heç vaxt tərk etməmişdik”.

Rəşad öz bağlarındakı ağacdan nar qopararaq qızı Günelə verir. “Gəlin bağçamızdan dərdiyimiz ilk meyvəni yeyək”, – deyə o təklif edir. Günel qırmızı nar dənələrini ovucuna yığır.
Batan günəş xarabalığa çevrilmiş şəhərə qızılı işıq saçır, ailə istəksiz şəkildə maşını Bakıya gedən yola döndərir…

Qayıtmaq üçün tezdir

Quliyevlər ailəsi ilə vidalaşdıqdan sonra işğaldan azad edilmiş digər ərazilərə yollanıram. Bu vaxt bir zamanlar yaşadıqları evləri axtaran digər məcburi köçkünlərlə rastlaşıram.

Bu dəfə azad edilmiş rayonların ən böyüyünə – Kəlbəcərə gedirəm. Rayon 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilən zaman dinc sakinlər Murovdağ silsiləsi ilə qaçmağa məcbur olubmuş. Kəlbəcərə məhz bu yolla gedirəm. Bəli, 1990-cı illərin əvvəllərində minlərlə azərbaycanlı şaxtalı havada bu yollara səpələnibmiş. Onların çoxu bu “səfər”dən sağ çıxmayıb. Bu gün qarın örtdüyü torpağın üzərində mina işarələri görünür.

Dağların o biri tərəfindəki Kəlbəcər şəhəri də xarabalığa çevrilib. Mübariz Mikayılov hərbi çadırın arxasında yerləşən evinin dağıntılarını tapan zaman elə mənim yanımdaca ağlamağa başlayır. “Ərazi sanki daha da kiçilib. Bura mən xatırladığımdan da balacadır”, – deyə o, bildirir.

Mübarizin uşaqlıq dostu Ceyhunun isə evi salamatdır. Kəlbəcərin işğalından sonra burada kimsə məskunlaşıbmış. Ceyhun deyir ki, evin pilləkənin istiqaməti belə, dəyişdirilib.

Ermənilər ötən ilin noyabrında Kəlbəcəri tərk edən zaman buradakı evlərin də əksəriyyətini yandırıblar.

Bu amansız, uzun illər davam etmiş müharibənin son mərhələsində 3 minə yaxın azərbaycanlı hərbçi həlak olub. Birinci Qarabağ müharibəsindən bu yana təxminən 750 min azərbaycanlı məcburi köçkün həyatı yaşayır.

“Bütün bu illər ərzində bizə zülm edilib. Əsgərlərimiz bizim mənliyimizi özümüzə qaytardılar”, – deyə Birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş, lakin artıq azad olan Qubadlı sakini bildirir. O, Bakıda doğum evinin binasında yaşayır. Bu şəxs ölkə boyu çətin şəraitdə yaşayan məcburi köçkünlərdən biridir.

Məcburi köçkünlərin əksəriyyəti, xüsusən yaşlı nəsil ata-baba yurduna qayıtmaq arzusu ilə alışıb-yanır. Lakin bu ərazilərin daimi yaşayış üçün tam yararlı vəziyyətə gətirilməsinə bəlkə də 10 il vaxt lazımdır.

“Burada hava almaq mümkün deyil”, – deyə fanerdən hazırlanmış daxmada yaşayan 80 yaşlı Mülayim İsmayılova bildirir: “Qubadlıda hər şeyim var idi: evim, torpağım. İnəyim də var idi. Hər gün təzə süd sağırdım. Burada südü pul ilə alıram. Belə həyat olar?”.

“Biz torpaqlarımızı qaytardığımıza görə xoşbəxtik. Amma bayram edə bilmirik. Çünki bunun uğrunda çox sayda qardaşımızın qanı tökülüb”, – deyə onun oğlu Fəzahir qeyd edir.

Mingəçevir şəhərinin Sovet dönəmində turist düşərgəsi olmuş ərazisi də bu gün məcburi köçkün qəsəbəsinə çevrilib. Orada gənc dul qadın, 2 uşaq anası Günay Həmidova ilə tanış oluram. Əvvəllər valideynləri ilə yaşayırmış. Onlar düşərgənin yeməkxanasında məskunlaşıblarmış. Qadın ailə qurduqdan sonra buranı fanerlə iki yerə bölüblər.

“Bura qışda soyuq, yayda isə istidir”, – deyə Günayın atası şikayətlənir. O, Ağdama qayıtmaq arsuzunu dilə gətirir: “Əgər hökumət şəhərimizi bərpa edərsə, qayıdacağıq. Mən evimin salamat qalıb-qalmadığını bilmirəm”.

Ermənistanla Azərbaycan arasında ötən ilin sentyabrında müharibə başlayan zaman Günay və uşaqları ailə başçısına yaxın olmaq üçün cəbhəyanı əraziyə köçüblərmiş. Lakin Günayın həyat yoldaşı döyüşlərin birində ağır qəlpə yarası alır və 5 gün sonra şəhid olur. İndi şəhidin 3 yaşlı oğlu tez-tez atasını soruşur, onun çərçivəyə salınmış və qonaq otağından asılmış şəkli ilə danışır.

“Onun şəkil ilə danışmasına icazə vermişəm” – deyə Günay bildirir. Mərhum həyat yoldaşının saatına toxunur. “Bu saatın əqrəbləri…”, deyir və bir anlıq susur: “… Onun ölüm vaxtını göstərir… Ümid edirəm ki, oğlumuz da cəsur böyüyəcək və atası kimi hərbi xidmətə yollanacaq”.

Ondan oğlunu itirəcəyindən qorxub-qorxmadığını soruşuram: “Mən qorxmuram. Müharibə başa çatıb”.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: NATIONAL GEOGRAPHIC