FHN-nin Modul Tipli Hospitalında korrupsioner dəstə kök salıb

132

Mühafizə xidmətinin rəisi Elçin və qəbula cavabdeh olan Rəhim həkim nədən hələ də məsuliyyətə cəlb edilməyib?

Onlar korrupsiya faktıyla həbs edilən baş həkim İmran Ağayevin əlaqələndirici köməkçiləri olub

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatından sonra qəbul şöbəsinin rəisi Rəhim adlı şəxs işə xəstəxananın arxa qapısından gəlir

Ötən sayımızda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməllərinin ifşa edilməsi və xəstəxanada qanunsuz fəaliyyət göstərən iki müxtəlif mühafizə xidmətinin əməlləri barədə məlumat vermişdik. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi barədə məlumat daxil olub.

Bildirilir ki, İ.Ağayev müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə edib, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb. Sonra bu pulu aralarında bölüblər.

Qeyd edək ki, bir ay öncə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşaraq əmək haqlarının verilməməsindən şikayətçi olublar. Həmçinin, onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər. Əməkdaşlar aylardır əməkhaqlarını ala bilmədiklərini də qeyd etmişdilər. “Müqavilədə həftədə 40 saat işləmək nəzərdə tutulduğu halda, bizi istirahətsiz 64 saat işləməyə məcbur ediblər, bunun müqabilində əməkhaqqı ala bilməmişik. Burada haqsızlıq baş alıb gedir. İşçiləri xəbərdarlıqsız işdən çıxarırlar. Xəstəxanada şərtlər çox ağırdır, nahar etməyə və sanitar qovşaqdan istifadə etməyə belə icazə vermirlər. Necə ola bilər ki, sanitar qovşaqdan istifadə edilməyə icazə verilməsin?! Biz məsul şəxslərlə görüş tələb edirik, onlar isə qarşımıza çıxmaq istəmirlər”, – aksiya iştirakçılarından biri qeyd edib.

“Hürriyyət”in əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının mühafizə xidmətinin rəisi Elçin adlı şəxs və qəbula cavabdeh olan xəstəxanın həkimi Rəhim adlı şəxs hələ də məsuliyyətə cəlb edilməyib. Məlumata görə, xəstələrdən rüşvət qismində pulların alınması birbaşa mühafizə xidmətinin rəisi Elçin adlı şəxsin vəasitəsilə həyata keçirilib. Xəstələrin qəbulu da birbaşa onun seçimi ilə təşkil edilib. Mülki mühafizə xidmətindən olan Elçin adlı şəxsin daim baş həkimin müavini İlyas adlı şəxsin otağında olduğu deyilir. Maraqlıdır ki, xəstəxananın mühafizəsini təşkil etməli olan əməkdaş niyə baş həkimin müavini İlyas adlı şəxsin otağında vaxtını keçirib?.. Korrupsiya faktı aşkarlandıqdan sonra mülki mühafizə xidməti FHN-in xüsusi formasıyla təchiz olunub.

Digər bir məlumatda isə FHN-in Modul tipli xəstəxanasında iki fərqli mühafizə xidmətinin olduğu iddia edilir: FHN və mülki mühafizə xidmətləri… Mülki mühafizənin rəisi  Elçin, FHN-in mühafizə xidmətindən isə Mustafa adlı şəxs… Modul Tipli Hospitalda FHN-in mühafizə xidmətinin qeyri-rəsmi olduğu iddia edilir. Burdan maraqlı bir sual yaranır. Görəsən, xəstəxanada iki mühafizə xidməti kimə və nəyə lazım idi?. Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti yetərli deyildimi? Əlavə olaraq, mülki mühafizə xidmətinin xəstəxanada olması onu göstərir ki, bu şəxslər xəstələrlə xəstəxana rəhbərliyi arasında “bağ” rolunu oynayıb. Əgər burda korrupsiya faktı varsa, niyə bu şəxslər də məsuliyyətə cəlb edilməyib? Hər halda onlar korrupsiya faktıyla həbs edilən baş həkim İmran Ağayevin əlaqələndirici köməkçiləri olub. Əldə etdiyimiz məlumata görə, sözügedən mülki mühafizə xidməti də məhz bununla əlaqədar xəstəxanaya gətirilib. Xəstəxanada FHN-in mühafizə xidmətinin səlahiyyətlərinin az olması da ondan xəbər verir ki, nazirlik də nəyinsə müqabilində bu məsələyə susqunluq nümayiş etdirib.

Qeyd edək ki, həmin mühafizə xidməti hazırda da işini davam etdirir. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanada ikinci mülki mühafizə xidmətinin olmasının adı nədir? Nəyə görə dövlət büdcəsindən lazımsız işlərə əlavə pullar ayrılmalıdır? Prezidentin açılışını etdiyi digər modul tipli xəstəxanalarda yalnız bir mühafizə xidməti fəaliyyət göstərdiyi halda, niyə FHN-in Modul tipli xəstəxanasında iki mühafizə xidməti çalışır?.. Görünür, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi keçirlən əməliyyatda adını sadaladığımız şəxslərdən ya xəbərsiz olub, ya da “arxası” güclü olan bu şəxslər həbs edilməkdən belə qorxmurlar. Əgər bütün bunların başında duran baş həkim İmran Ağayevdirsə, adını çəkdiyimiz şəxslər də onun qohumlarıdır. İmran Ağayevin fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğlu olduğu deyilir. Modul tipli xəstəxananın baş həkimi İmran Ağayevin həbsindən sonra general-leytenant Faiq Tağızadənin qudası Yeganə Abbasova xəstəxanın baş həkimi vəzifəsinə gətirilir. Əgər Yeganə Abbasova Faiq Tağızadənin qudasıdırsa, niyə yenidən vəzifəyə qohumluq əlaqəsi olan şəxs gətirilir?..

Məlumdur ki, Azərbaycanda yüksək vəzifəli şəxslər arasında qohumluq əlaqələri mövcuddur. Nazirlər, məmurlar bir-birindən qız alıb-verməklə, həm aralarındakı bağları gücləndirir, həm də bir növ təsir dairələrini, çevrələrini genişləndirirlər. Məhz buna görə, hökumətdə yüksək vəzifə tutan qudaların sayı olduqca çoxdur. Görünür ki, yalnız qohumların vəzifələrə yerləşdirilməsində əsas məqsəd rüşvəti bir yerdən idarə etmək, yaxud da dövlət əmlakını mənimsəməkdir.

Maraqlısı budur ki, sözügedən şəxslər hələ də azadlıqdadır və məsuliyyətə cəlb edilməyib. Deyilənə görə, Baş Prokurorluğun FHN-in Modul tipli xəstəxanada keçirtdiyi əməliyyatdan sonra qəbul şöbəsinin rəisi Rəhim adlı şəxs işə xəstəxananın arxa qapısından gəlir, eyni qaydayla işdən arxa qapıdan çıxır.

Məsələylə bağlı gün ərzində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətiylə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, medianın suallarına cavab verməli olan qurumun mətbuat xidməti zənglərə cavab vermir.

Bu gün Azərbaycanda müasir standartlara cavab verən xeyli sayda özəl və dövlət xəstəxanaları fəaliyyət göstərir. Tibb müəssisələri ilə bağlı ilk təəssürat onun girişi ilə başlayır. Çox təəssüf ki, FHN-in Modul tipli  müəssisələrinin mühafizə xidmətlərində çalışan bu şəxslər sadəcə “əlaltı” rolunu oynayıb. Bundan əlavə, xüsusi formada olmamaqlarıyla yanaşı, müasir tələblərə də cavab verməyiblər. Bu məsələyə xüsusi diqqət yetirməyə ehtiyac var.

İcra başçılarının səs-küylü həbsləri cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə müəyyən ümidlər yaratsa da, qısa müddətdə ənənəvi vəziyyət bərpa olundu. Həbsxanaya göndərilənlərin iş başında olan həmkarları heyrətamiz şəkildə cinayətkar fəaliyyətlərini davam etdirirlər.  İctimai iştirakçılıq, ictimai nəzarət mexanizmləri yaradılmalı, məmurların gəlir bəyannamələrinin açıqlanması məcburi hala gətirilməlidir. Qohumbazlıq, tayfabazlıq kimi neqativ hallar aradan qaldırılmalı, tenderlər, dövlət vəsaitlərinin xərclənməsi kimi məsələlər tam şəffaflaşdırılmalıdır.

YƏHYA