Fars körfəzində ABŞ-İran gərginliyi: Atəş açılıb – VİDEO

105

ABŞ ilə İran arasındakı gərginlik beynəlxalq sulara daşınıb. 
 
Ovqat.com ABŞ Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verir ki, İran İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) donanmasına aid 3 gəmi Fars körfəzindəki beynəlxalq sularda Amerika gəmiləri ilə üz-üzə gəlib.

Gərginlik ABŞ qüvvələrinin xəbərdarlıq atəşi açılmasına qədər davam edib.

Məlimata görə, SEPAH gəmiləri ABŞ Hərbi Dəniz Donanması Siklon tipli sahil patrul gəmilərinin 10-cu üzvü olan “USS Firebolt” və ABŞ Sahil Mühafizəsi patrul gəmisi “Baranoff” ilə “bilinməyən səbəbdən lazımsız şəkildə yaxın təmasa girib”, hər iki ABŞ gəmisinə 68 yard qədər yaxınlaşıblar. (1 yard – 0.91 metr)

SEPAH gəmilərinə dəfələrlə xəbərdarlıq edildiyini bildirən ABŞ Dəniz Qüvvələri rəsmilərinin iddiasına görə, “Firebolt” və “Baranoff” hadisə əsnasında beynəlxalq sularda rutin dəniz təhlükəsizliyi əməliyyatları həyata keçirirmişlər. Anidən İran gəmiləri onlara yaxınlaşıb. ABŞ ekipajları radio dalğalarla və səs-küylü cihazlarla göyərtədən göyərtəyə çox sayda xəbərdarlıq göndərsə də SEPAH gəmiləri “yaxın manevrlərini” davam etdiriblər.

“ABŞ qüvvələri riskini azaltmaq, toqquşmaların qarşısını almaq və vəziyyəti yumşaltmaq üçün İran qüvvələri ilə “fəal şəkildə əlaqə qursalar da, bütün bu təşəbbüslər fayda verməyib. Nəhayət, “Firebolt” heyəti xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb. Yalnız bundan sonra SEPAH gəmiləri təhlükəli məsafədən uzaqlaşıblar”, – məlumatda belə deyilir.