“Eyham vururlarsa deməli nəsə planlaşdırırlar…”

159

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya ilə münasibətlərdə “çətin günlərin gözlənildiyini” deyib. Və “qətiyyətli addımlar atmağın zəruriliyindən” danışıb.

“Biz hesab edirik ki, Rusiya ilə münasibətlərimizdə çətin günlər qarşıdadır, çünki bir sıra məsələlər var ki, bizim mövqelərimiz dərindən fərqlənir. Habelə bir sıra hərəkətlər var ki, biz onlara qətiyyətli cavab verməliyik”,-Sallivan MSNBC telekanalının efirində bildirib.

Milli təhlükəsizlik müşaviri bəyan edib ki, Moskva ilə sonrakı münasibətlər bir sıra ciddi çağırışlarla müşaiyət olunacaq və bunlar Amerikadan öz maraqlarını qorumağı tələb edir.

Ceyk Sallivana Rusiyadan onun həmkarı, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev cavab verib. “Bir halda ki, onlar eyham vururlar, deməli nəsə planlaşdırırlar. Əgər planlaşdırırlarsa deməli həyata keçirə də bilərlər. Lakin o zaman onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı olacaqlar”,-Patruşev bildirib.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Qərb Rusiyada “etnik və dini münaqişələr yaratmaq, yad ideallar və normalar sırımaq” cəhdləri göstərir.

Qeyd edək ki, Cozef Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-la Rusiya arasında münasibətlər daha da kəskinləşib. Bu günlərdə Bayden Putinin ünvanına “qatil” ifadəsi işlədib. Cavabında Putin ona “sağlamlıq” arzu edib və bildirib ki, “kim nə deyirsə onun özünə aiddir”…

virtualaz.org