“Evimi boşaltmayacağım təqdirdə məni öldürəcəyiylə hədələyirlər”

33

Tənha yaşayan 80 yaşlı Sadıq Hüseynov: “Qonşum deyir ki, çıx get bu evdən, səni öldürüb bu evə girəcəyik, evi öz adıma keçirəcəm”

Nəsimi rayonu 3-cü Alatava, ev 283-də tənha yaşayan, 20 Yanvar əlili, əslən Kəlbəcərdən olan 80 yaşlı şair Hüseynov Sadıq Yusif oğlu qonşusu İlqar Kazımov və onun ailəsinin hücumuna məruz qaldığını bildirib.  O, “Hürriyyət”in redaksiyasına gələrək Prezident İlham Əliyevə, həmçinin daxili işlər naziri Vilayət Eyvazova müraciət edib:

“Mən nəzərinizə çatdırıram ki, hərbi xidmətimi bitirib qayıtdıqdan sonra Bakı şəhərində bu günə qədər yaşayıram. 2007-ci ildən mənim qonşuluğumda yaşayan insan mənə hücum edir, lakin bunun qarşısını alan yoxdur. Yazmadığım yer yoxdur. Evimin qanuni dövlət sənədləri var, texniki pasport, qazın, suyun, işığın sənədləri hamısı qaydasındadır. Kazımov İlqar Qəzənfər oğluna dövlətin gücü çatmır ki, bu məsələ həllini tapsın. 44 günlük Vətən müharibəsində qalib bir dövlətin gücü bu şəxsə çatmır. Bu nəyə görədir? Cənab lider, bu niyə həllini tapmır?

Məndən evimi boşaltmağımı tələb edirlər. Boşaltmayacağım təqdirdə məni öldürəcəyiylə hədələyir. Bu adamdan soruşan yoxdur ki, məndən nə istəyir?! 2007-ci ildən bu qonşu məni yaşamağa qoymur. Mənə deyir ki, “çıx get bu evdən, səni öldürüb bu evə girəcəyik, evi öz adıma keçirəcəm”. Xahiş edirəm aidiyyatı qurumlardan, mənə kömək edilsin.  10 sm yer yoxdur ki, qapımı açam-örtəm. Gedib baxsanız, özünüz görərsiniz. Qapını açıb-örtmək mümkün deyil. Pəncərənin yerində onun qapısıdır. Mən ordan içəri keçəndə qapını açır, üzərimə hücum edir. Yaşamaq mümkün deyil. Oğlu mənə deyir ki, səni tikə-tikə doğrayacam. Mənim başıma bir iş gələrsə, İlqar və onun qohumları günahkardır. Daxili İşlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, ondan izahat alınsın”.

  1. Hüseynovun sözlərinə görə, Hövsanda 20 Yanvar əlilləri üçün nəzərdə tutulan binadan ona mənzildən iki otaqlı ev verilməsi deyilsə də, verilməyib:

“1961-ci ildən Bakı şəhərində yaşayıram. 1962-ci ildə idarə işində çalışmışam. Dövlət işində fəaliyyət göstərmişəm. Mənə deyirlər ki, səni türməyə göndərəcəyik. Əgər bu yaşa qədər heç bir cinayət törətməmişəmsə, bundan sonra da cinayət etmərəm. Mənə bildirmişdilər ki, Hövsanda 20 yanvar əlillərinə  bina tikilir, sənə də ordan iki otaqlı ev verəcəklər. Amma vermədilər”.

Qeyd edək ki, 80 yaşlı Sadıq Hüseynovun şikayəti əvvəlki saylarımızdan birində də yayımlanıb.

YƏHYA

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.