“EuroHome”un direktoru niyə həbs edildi? – DETALLAR

153

“EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi.

Baş Prokurorluq “Eurohome” ticarət mərkəzində baş verən yanğınla bağlı açıqlamasında qeyd olunub ki, mayın 11-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirlərilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilib.

Yanğın söndürüldükdən sonra baş prokuror Kamran Əliyevin göstərişinə əsasən dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinin müasir kriminalistik texnikası və vasitələri ilə təchiz edilmiş səyyar kriminalistik laboratoriyası vasitəsilə prokurorluq əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müfəssəl müayinə olunaraq hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim olunub.

Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb.

Hər iki yanğın hadisəsinin “Eurohome” MMC-yə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində vahid icraatda davam etdirilirdi.

Qeyd edək ki, “EuroHome”un sahibi Azay Möhnətovdur.