Ermənistanın müdafiə nazirindən sırtıq mövqe: “Artsaxın özünümüdafiə ordusunu modernləşdirəcəyik”

570

“Hər şeydən əvvəl “artsax” əhalisinin təhlükəsizliyini oradakı özünümüdafiə ordusu təmin etməlidir. Əlbəttə ki, onun döyüş hazırlığını bərpa etmək və modernləşdirmək baxımından görüləsi çox iş var, amma istənilən halda bu işləri görmək lazımdır”.

Musavat.com-un məlumatına görə, bu sinik sözləri Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA-Novostinin “Gələcəkdə Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmə sistemini necə görürsünüz, erməni tərəfi bunun üçün hansı addımları atır” sualını cavablandırarkən bildirib.

“İkincisi, Ermənistan hələ də “artsax xalqı”nın təhlükəsizliyinin qarantı olaraq qalır və biz bu tarixi missiyanı heç vaxt öz üzərimizdən götürməyəcəyik. Üçüncüsü, yəqin ki, ən başlıcası, əlbəttə ki, bölgədəki Rusiya hərbi varlığıdır. Bunun sayəsində əvvəlcə atəşkəsə nail ola, ardınca isə böyük bir insani fəlakətin qarşısını ala bildik. Fikrimcə, Rusiya Federasiyası ilə ortaq səylər sayəsində bölgədə uzunmüddətli sülh təmin ediləcək”, – deyə, Arutunyan qeyd edib.

Ermənistan müdafiə nazirinin öz ölkəsinin darmadağın olmuş ordusunun dərdini çəkmək əvəzinə, sırtıqcasına mifik “özünümüdafiə ordusu”nun bərpasından dəm vurması heyrət doğurmaya bilmir. Deyəsən, Arutyunyan onu nazir vəzifəsinə təyin etmiş Nikol Paşinyanın imza atdığı 10 noyabr kapitulyasiya sənədini yaxşı oxumayıb. Dağlıq Qarabağ coğrafi ərazisində nəinki hansısa qanunsuz ordu, heç qanunsuz ov tüfəngi olan erməni də qalmayacaq. Hər şey qırağa, bunu beynəlxalq hüquq tələb edir.