Ermənistanın “Fitch Ratings”-in müəyyən etdiyi yeni reytinqi və iqtisadi vəziyyəti – BMTM-in analizi

99

Orxan Bağırov
BMTM-in eksperti

Fitch Ratings reytinq agentliyi 2021-ci ilin Martın 26-da Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating) dəyişməz saxlayaraq “B+” səviyyəsində müəyyən etmişdir. Bundan əvvəl 2020-ci ilin oktyabrın 5-də agentlik İkinci Qarabağ Müharibəsinin yaratdığı iqtisadi problemləri nəzərə alaraq Ermənistanın reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinə qədər endirmişdi. Daha əvvəl isə agentlik müsbət iqtisadi göstəricilərin fonunda Ermənistanın eyni adlı reytinqini 2019-cu ilin noyabrında “B+”-dən “BB-“ səviyyəsinə qaldırmışdı. Bu reytinqin əsas məqsədi nəzərdən keçirilən qurumun (bizim nümunədə dövlətin) maliyyə öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətini müəyyən etməkdir. Reytinq üzrə nəzərdə tutulmuş pillələr isə qurumun müflis olmaq həssaslığının səviyyəsini müəyyən edir.

B pilləsi yüksək spekulyativ pillə adlandırılır və özündə müflis olma riskinin mövcud olduğunu və çox məhdud təhlükəsizlik marjasının qaldığını əks etdirir. Hər pillə üzrə proqnozla yanaşı onun perspektiv istiqaməti (outlook) mənfi və ya müsbət olaraq müəyyənləşdirilir. Perspektiv istiqamət isə növbəti 1-2 il ərzində müəyyən edilmiş reytinqin yaxşılaşacağı (müsbət) və ya pisləşəcəyi (mənfi) ehtimallarını göstərir.

2020-ci ilin oktyabr ayında Ermənistan üçün müəyyən edilən reytinqdə perspektiv istiqamət müsbət müəyyən edilsə də göründüyü kimi cari ilin mart ayında müəyyən edilən proqnoz artırılmamış və eyni səviyyədə saxlanılmışdır. Bu isə onu göstərir ki, Ermənistanda iqtisadi proseslər müsbət istiqamətdə hərəkət edə bilməmişdir.

Reytinqi formalaşdıran əsas amillər 

Reytinqin müəyyən edilməsi ilə bağlı hazırlanmış hesabatda qeyd edilir ki, reytinqin formalaşmasına təsir edən mənfi amillərə dövlət və xarici borcun yüksək olması, xarici maliyyələşmə (external finances) imkanlarının zəif olması və hərbi münaqişənin yenidən alovlanmasına imkan verə biləcək geo-siyasi gərginliyin mövcudluğu göstərilir. Müsbət amillər kimi isə adambaşına düşən ÜDM-in yüksək olması, idarəetmə, inkişaf, biznes fəaliyyətinin asanlığı göstəricilərinin B reytinqi üzrə orta göstəricilərdən daha yaxşı olması, pandemiyanın və İkinci Qarabağ Müharibəsinin yaratdığı problemlərə baxmayaraq nizamlı siyasi keçidin həyata keçirilməsinə imkan yaradan institutların mövcudluğu aid edilir. Eyni zamanda vurğulanır ki, Ermənistan möhkəm makroiqtisadi və maliyyə siyasəti çərçivəsinə malikdir və hökumət etibarlı islahatların həyata keçirilməsində israrlıdır. Agentliyin mütəxəssislərinin fikrincə, iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın “Mənim Addımım” ittifaqı parlamentdəki çoxluğu əlində saxlayacaqdır və Paşinyan hakimiyyətdə qalacaqdır. Lakin, Paşinyan hakimiyyətdə qalsa da onun hakmiyyətinə olan dəstəyin zəifləməsi struktur islahatlarının həyata keçirilməsinə və korrupsiyaya qarşı mübarizəyə mane olacaqdır.

Eyni zamanda hesabatda qeyd edilir ki, müharibənin Ermənistan üzərində təsiri hələ uzun müddət hiss olunacaqdır. Bu özünü 10 minlərlə qaçqının Ermənistanda yerləşdirilməsində və Ermənistanın siyasi və iqtisadi baxımdan Rusiyadan asılılığının artmasında göstərəcəkdir.

Onu qeyd etmək yerinə düşər ki, Ermənistanda mövcud olan institutların nizamlı siyasi keçidi təmin edə bilməsi yalnız bu institutların möhkəm olması ilə bağlı deyil. Sadəcə Ermənistan xalqının başqa etibarlı seçimi yoxdur. Hazırkı hakimiyyətdən öncə mövcud olmuş hakimiyyətlərin yaratdığı quldur-korrupsioner sistem əhalinin sosial-iqtisadi vəziyyətini elə bir hala salmışdı ki, Ermənistan xalqı heç bir halda həmin dövrə qayıtmaq istəmir. İkinci Qarabağ müharibəsində Ermənistanın uğradığı biabırçı məğlubiyyətə baxmayaraq xalq əvvəlki vəziyyətə qayıtmamaq üçün hazırkı hakimiyyəti dəstəkləməkdə davam edir. Lakin, aydındır ki, hazırkı hakimiyyətə olan etimad əvvəlki kimi deyildir və islahatçı yeni bir siyasi qüvvə formalaşacağı halda xalqı öz ətrafına toplayaraq hazırkı hakimiyyət üçün güclü rəqibə çevrilə bilər. Bu baxımdan Ermənistanda davamlı siyasi institutların mövcud olduğunu demək olmaz. Həm də Ermənistanın siyasi və iqtisadi baxımdan Rusiyadan asılılığını yüksək olması belə institutların formalaşmasına mane olur.

Digər tərəfdən, Ermənistanda möhkəm makroiqtisadi və maliyyə siyasəti çərçivəsinin mövcud olduğu vurğulansa da mövcud iqtisadi vəziyyət və resurslar bu çərçivədən istifadə etməyə imkan yaratmır. Təkcə belə bir çərçivənin mövcud olması kifayət etmir. Eyni qaydada islahatların həyata keçirilməsində hökumət israrlı olsa da bunu reallaşdırmaq üçün zəruri imkanlara malik deyil. Xüsusilə də müharibədən sonra hazırkı hakimiyyətin mövqeyi zəiflədiyindən islahatları həyata keçirmək imkanları da azalmışdır. Qarşıda gələn illərdə Ermənistan yaranmış siyasi və iqtisadi böhrandan çıxmaq üzərində işləyəcəkdir və belə olan halda islahatları həyata keçirmək imkanları azdır.

Daha sonra hesabatda ayrı-ayrı istiqamətlər üzrə Ermənistan iqtisadiyyatında mövcud olan vəziyyət diqqətə çatdırılır. Bu istiqamətləri nəzərdən keçirək:

Dövlət borcu 

Hesabatda qeyd edilir ki, pandemiyanın və müharibənin təsiri ilə Ermənistanın dövlət borcu yendiən artmağa başlamışdır və nəticədə 2020-ci ilin sonunda dövlət borcunun ÜDM-ə nisbəti 67.3%-ə çataraq B pilləsi üçün nəzərdə tutulan orta həddi keçmişdir (63.8%). Agentliyin proqnozlarına görə dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi 2021-ci ilin sonuna 67.6%-ə qədər yüksələcəkdir. Bundan sonra tədricən azalaraq 2025-ci ilin sonuna 63.5% səviyyəsinə çatacaqdır və orta müddətli dövr üçün Ermənistan hökumətinin müəyyən etdiyi fiskal siyasətin icrası nəticəsində 2026-ci ildə bu göstəricini 60% səviyyəsinə qədər endirmək mümkün olacaqdır.

2020-ci ildə Ermənistanın qarşılaşdığı iqtisadi şoklar qarşıdan gələn illərdə iqtisadiyyatın dəstəklənməsi üçün maliyyə vəsaitlərinin ayrılmasını tələb etdiyindən dövlət borcunu daha tez azaltmaq mümkün olmayacaqdır. Digər tərəfdən isə dövlət borcunun 77%-ni (B pilləsi üçün orta göstərici 61%) xarici borcların təşkil etməsi milli valyutanın ucuzlaşması risklərini artırır.

Göründüyü kimi, Ermənistanda yüksək borc problemi hələ uzun müddət davam edəcəkdir. Bu da ölkənin maliyyə risklərini əsaslı şəkildə artırır. Dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin 2026-ci ildə 60% səviyyəsinə salınması proqnozu isə Ermənistanın orta müddətli dövr üçün müəyyən etdiyi fiskal siyasəti icra etdiyi halda mümkün olacaqdır. Mövcud iqtisadi problemlərin fonunda fiskal siyasətin hansı səviyyədə icra edilə bilməsi isə sual altındadır.

Artıq 2021-ci ilin büdcə layihəsinin icrası ilə bağlı problemlər yaşanmaqdadır. Ona görə də dövlət borcu ilə bağlı 2026-cı il üçün müəyyən edilən proqnozun əldə edilməsi imkanları zəif görünür.

Büdcə kəsri 

Ermənistanda mövcud olan iqtisadi problemlər büdcə kəsrinin də yüksək səviyyəyə çatmasına səbəb olmuşdur. Agentliyin məlumatlarına əsasən bu göstərici 2020-ci ilin sonunda ÜDM-in 5.1%-i səviyyəsinə çatmışdır. Halbuki, bu göstərici 2019-cu ildə 0.8% səviyyəsində idi. Büdcə kəsrinin yüksəlməsinə istər pandemiya ilə əlaqədar olaraq, istərsə də müharibəyə görə hökumətin büdcə xərclərini artırması səbəb olmuşdur. Agentliyin proqnozlarına görə, büdcə kəsrinin ÜDM-ə nisbəti tədricən azalaraq 2021-ci ildə 4%- ə, 2022-ci ildə isə 2.8%-ə çatacaqdır.

Ermənistanda 2021-ci il üçün müəyyən edilmiş iqtisadi bərpa planı əsasında fiskal dəstək tədbirlərinin davam etdirilməsinin nəzərdə tutulması büdcə kəsrinin sürətlə azaldılmasına imkan yaratmır. Lakin, iqtisadi problemlər davam edərsə və Ermənistan hökuməti iqtisadiyyatı dəstəkləmək üçün gözləniləndən daha çox maliyyə vəsaitləri ayırmağa məcbur olarsa büdcə kəsrinin ÜDM-ə nisbətini hətta gözlənilən sürətlə azaltmaq mümkün olmayacaqdır.

Onu da qeyd etmək yerinə düşər ki, 2021-ci ilin büdcə kəsri fevralda Ermənistana verilmiş 750 milyon ABŞ dolları (bundan sonra dollar) həcmində olan Avrobond (illik 71% maliyyələşmə şərti ilə) hesabına maliyyələşdiriləcəkdir. Bu faktor özü də bir daha Ermənistanın xarici borclardan asılı qaldığını göstərir.

Xaricdən maliyyələşmə 

Ermənistanda xaricdən maliyyələşmə (external finances) problemləri də iqtisadi sistemin ən zəif cəhətlərindən hesab edilir. Xarici maliyyələşmə problemlərindən biri əmtəə ixracından asılılığın yüksək olmasıdır. Belə ki, 2020-ci ildə ölkəyə daxil olan xarici valyutanın 41%-i məhz bu mənbədən formalaşmışdır. Ona görə də gümüş və qiymətli metalların dünya bazarlarında qiymətinin dəyişməsi Ermənistanın xarici valyuta ehtiyatlarının formalaşmasına əsaslı şəkildə təsir edir. Bununla yanaşı, Ermənistan iqtisadiyyatına yönəldilən xarici birbaşa investisiyaların da həcmi azalmaqdadır. Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə iqtisadiyyata yönəldilmiş xarici birbaşa investisiyaların həcmi 39% azalmışdır. Bu azalmada pandemiya ilə yanaşı müharibənin də rolu böyük olmuşdur. Müharibənin Ermənistanda yaratdığı qeyri-stabil vəziyyət hələ uzun müddət investisiyaların cəlb edilməsi ilə bağlı problemlər yaradacaqdır.

Digər tərəfdən isə Ermənistana daxil olan xarici maliyyə vəsaitlərinin məhdudlaşması ölkənin xarici borc öhdəliklərinin əsaslı şəkildə artmasına səbəb olur. Belə ki, 2020-ci ildə Ermənistanın xarici borcu ÜDM-in 55.1%-i səviyyəsinə çatmışdır və 2022- ci ilin sonuna 62.2%-ə çatacağı gözlənilir. Yaranmış bu vəziyyət Ermənistanın iqtisadi müstəqilliyi üçün ciddi təhdidlər formalaşdırır.

Xaricdən maliyyələşmə ilə bağlı problem yaradan məsələlərdən biri isə cari hesab kəsridir. 2020-ci ilin yekunlarına əsasən Ermənistanda cari hesabın kəsri ÜDM-in 4.35%-i səviyyəsində olmuşdur (2019-cu ildə 7.2%). Cari hesabın kəsrinin ötən il azalmasına imkan yaradan səbəblərə pandemiya ilə əlaqədar olaraq idxal edilən məhsul və xidmətlərin həcminin azalması və müharibə ilə əlaqədar olaraq diaspora vasitəsilə qeyri-rezidentlərin köçürmələrinin artması olmuşdur. Lakin, cari ildə və qarşıdan gələn illərdə istehlakın, kapital xərclərinin artması və diaspora vasitəsilə pul köçürmələrinin azalması cari hesab kəsrinin artmasına imkan yaradacqdır.

Agentliyin proqnozlarına görə cari hesabın kəsri 2021-ci ildə 6.1%-ə, 2022- ci ildə isə 6.8%-ə qədər yüksələcəkdir. Xarici Birbaşa İnvestisiyalar isə 2021-ci ildə cari hesab kəsrinin ancaq 25%-ni qarşılaya biləcəkdir.

Xarici maliyyələşmə problemləri 

Ermənistan hökumətinin iqtisadiyyatı maliyyələşdirmə imkanlarını azaltmaqla yanaşı, milli valyuta üzərində təzyiqlər formalaşdırır, hansı ki, öz növbəsində inflyasiyaya artırıcı təsir edir. Maliyyələşmə imkanlarının daralması iqtisadi inkişafa mane olmaqla yanaşı sosial narazılığın artması üçün imkan yaradır.

Valyuta məzənnəsi və inflyasiya 

İqtisadi problemlərin və müharibənin təsiri ilə Ermənistanın milli valyutasının (Dram) ucuzlaşması baş vermişdir. Agentliyin məlumatlarına əsasən, Dram 2020-ci ildə 9% ucuzlaşmışdır. Valyutanın sabitliyini qorumaq üçün isə Ermənistan 2020-ci ildə 147 milyon dollar həcmində valyuta satışları həyata keçirmək məcburiyyətində qalmışdır. 2019-cu ildə isə valyuta satışlarının həcmi 566 milyon dollar həcmində olmuşdur. İqtisadi vəziyyətin daha pis olmasına baxmayaraq 2020-ci ildə valyuta satışlarının 2019-cu il ilə müqayisədə az olmasının əsas səbəbi pandemiya ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması olmuşdur. Pandemiya ilə bağlı qadağalar eyni zamanda ölkədən xarici valyuta axınını məhdudlaşdırmışdır. Pandemiya olmasa idi, müharibənin yaratdığı vəziyyət valyutanın daha çox ucuzlaşmasına və buna görə də daha çox xarici valyuta ehtiyatlarının satılmasına səbəb olacaqdı.

Agentliyin hesabatına görə, Ermənistanda valyutanın kəskin ucuzlaşmasının qarşısını almaq üçün malik olduğu üstünlüyü əsasən Xarici Maliyyə İnstitutlarına və xarici kommersiya maliyyələşməsinə çıxışının olmasıdır. Belə çıxışın olmasına baxmayaraq bundan istifadə Ermənistanın xarici borclarını artırmaqla ölkənin maliyyə müstəqilliyini sual altında qoyur. Ona görə də belə imkanların olmasına baxmayaraq Ermənistan bundan tam istifadə edə bilmir.

Valyutanın ucuzlaşması ilə yanaşı Ermənistanda inflyasiyanın sürətlənməsi də baş verir. Agentliyin məlumatlarına əsasən, Ermənistan Mərkəzi Bankının inflyasiyanın hədəfləməsi siyasəti inflyasiyanın aşağı səviyyədə qalmasına imkan yaratmışdır. Ermənistanda 2014-2019-cu illərdə orta inflyasiya səviyyəsi 0.9% təşkil etmişdir. İnflyasiyanın sürətlənməsi əsasən 2021-ci ildən etibarən başlamışdır2020-ci ilin sonuna inflyasiya səviyyəsi 1.2% olduğu halda mart ayına qədər 4 dəfə artaraq 5.3% səviyyəsinə çatmışdır. İnflyasiyanın sürətlənməsinə təsir edən əsas amillərə ərzaq qiymətlərinin qalxması, milli valyutanın ucuzlaşması və artan qiymət gözləntiləri olmuşdur.

İnflyasiyanın sürətlənməsi Mərkəzi Bankın inflyasiyanın hədəflənməsi siyasətini həyata keçirməsinə mane olur və Mərkəzi Bankı xarici valyuta ehtiyatlarından istifadə etməyə məcbur edir. Ona görə də inflyasiyanın artımı bu templə davam edərsə xarici valyuta ehtiyatlarının əsaslı şəkildə əriməsinə yol aça bilər. Bu da maliyyə resurslarının çatışmazlığı fonunda ölkənin maliyyə təhlükəsizliyi üçün digər əsaslı təhdidə çevrilə bilər. Belə risklərin mövcud olmasına baxmayaraq agentliyin proqnozlarına əsasən 2021-ci il üçün orta inflyasiya göstəricisi 3.5% səviyyəsində olacaqdır. Lakin, aydındır ki, hazırda Ermənistanda inflyasiya riskləri böyükdür və inflyasiya göstəricisinin agentliyin proqnozlarından daha yüksək olması ehtimalları çoxdur. İnflyasiyanın  sürətlənməsinin qarşısını almaq üçün isə Ermənistanın Mərkəzi Bankı yenidən maliyyələşmə faizlərini son 4 ay ərzində 2 dəfə dəyişərək 5.5%-ə çatdırmışdır. Qısa müddət ərzində yenidən maliyyələşmə dərəcəsinin iki dəfə artırılması özü də inflyasiya risklərinin çox olduğunu göstərir.

Ümumi Daxili Məhsul

Həm pandemiyanın, həm də müharibənin təsiri ilə Ermənistan iqtisadiyyatı 2020-ci ildə əsaslı şəkildə kiçilmişdir. Agentliyin hesablamalarına əsasən 2020-ci ildə ÜDM 7.6% azalmışdır (B pilləsi üzrə orta kiçilmə 4.5%-dir). Lakin, daha öncə Ermənistanın İqtisadiyyat Naziri 2020-ci ildə 8.5% azalmanın olduğunu bildirmişdi. ÜDM-in azalmasında tikinti, turizm, xidmət və əmlak sahələrində iqtisadi aktivliyin kəskin azalması əsas rola malik olmuşdur.

Agentliyin proqnozlarına görə, Ermənistan hökumətinin həyata keçirmək istədiyi ekspansionist maliyyə siyasəti Ermənistanda iqtisadiyyatın 2021-ci ildə 3.2%, 2022-ci ildə isə 4% artmasına imkan yaradacaqdır. Lakin, Ermənistanın ekspansionist maliyyə siyasətini səmərəli şəkildə həyata keçirmək imkanları azdır. Bu həm maliyyə vəsitlərinin çatışmazlığı, həm də yüksək dövlət borcunun mövcudluğuna görə əlavə borcların cəlb edilməsi imkanlarının az olması ilə bağlıdır. Ona görə də Ermənistanda cari ildə iqtisadi artımın əldə edilməsi həyata keçirilən maliyyə siyasətinin nə dərəcədə səmərəli olmasından asılı olacaqdır.

Bank sistemi

Agentliyin hesabatında Ermənistanda bank sektorundakı vəziyyət də nəzərdən keçirilmiş və müharibənin bank sektoruna mümkün təsirləri diqqətə çatdırılmışdır. Hesabata əsasən Ermənistanda bank sistemi ötən il baş verən iqtisadi şoklara baxmayaraq davamlılığını qoruya bilmişdir və kapitallaşma səviyyəsi yüksəkdir. Dövlətin verdiyi subsidiyalaşdırılmış kreditlər özəl sektorda kreditləşmə səviyyəsinin 2020-ci ildə 18.3%-ə çatmasına səbəb olmuşdur və cari ildə azalaraq fevralda 11.4% səviyyəsinə çatmışdır. Ermənistanda bank sistemi üçün risk formalaşdıran əsas səbəb isə xarici valyutada olan depozitlərin həcminin çox olmasıdır. 2020-ci ilin yekun göstəricilərinə əsasən, Ermənistanın bank sistemində olan ümumi depozitlərin 42.3%-i dollarladır. Dollarlaşmanın səviyyəsinin yüksək olması isə qeyri-rezidentlərin xaricdən pul köçürmələrinin iqtisadiyyatda böyük paya malik olması ilə bağlıdır. Hazırda milli valyutanın ucuzlaşması prosesi getdiyindən dollarlaşmanın yarada biləcəyi risklər də artmaqdadır. Agentliyin fikrincə müharibənin bank sisteminə təsiri isə çox zəifdir. Ona görə ki, əvvəl işğalda olan ərazilərimizdə yerləşən qondarma rejimə ayrılan kreditlər ümumi kreditlərin 5.3%-ni, cəlb edilmiş depozitlər isə ümumi depozitlərin cəmi 1%-ni təşkil edir.

Nəticə

“Fitch Ratings” agentliyinin Ermənistan üçün müəyyən etdiyi sonuncu reytinq və bununla bağlı hazırlanmış hesabatda yer alan məlumatlar və proqnozlar onu göstərir ki, Ermənistanda mövcud olan iqtisadi problemlər hələ uzun müddət davam edəcəkdir. 2020-ci ildə həm pandemiyaya görə, həm də müharibəyə görə Ermənistanın qarşılaşmış olduğu iqtisadi şoklar ənənəvi iqtisadi problemləri daha da dərinləşdirmiş və yeni risklərin formalaşmasına imkan yaratmışdır. Ermənistanın xarici borcdan asılılığı 2020-ci ildə daha da artmışdır və agentliyin proqnozlarına görə bu proses cari ildə də davam edəcəkdir. Növbəti beş il ərzində dövlət borcunun ÜDM-ə nisbəti ən yaxşı halda 60%-ə düşəcəkdir. Bu isə Ermənistanda maliyyə təhlükəsizliyi problemlərinin yüksək olaraq qalacağını göstərir.

Digər tərəfdən isə ötən ilki iqtisadi şoklara görə Ermənistan hökuməti büdcə xərclərini artırmağa məcbur olmuşdur ki, bu da büdcə kəsrinin əsaslı şəkildə artmasına yol açmışdır. Ermənistanda həm də xaricdən maliyyələşmə problemləri artmaqdadır. Bu problemlərə əmtəə ixracından asılılığın yüksək olması, iqtisadiyyata yönəldilən xarici birbaşa investisiyaların həcminin kəskin azalması, dövlət borcunun böyük hissəsinin xarici borclar olması və cari hesab kəsrinin artma ehtimallarının çox olmasıdır. Bu problemlər ölkədə xarici valyuta ehtiyatlarının formalaşmasına mane olur ki, bu dövlətin xarici borclardan asılılığı azalda bilməməsinə səbəb olur. Bundan başqa Ermənistanda milli valyutanın sürətli ucuzlaşması və inflyasiyanın yüksəlməsi prosesləri də getməkdədir. 2020-ci ildə Ermənistanda milli valyuta 9% ucuzlaşmış, inflyasiya isə 2021-ci ilin ilk üç ayında 4 dəfə artmışdır. Post-müharibə dövründə Ermənistanda yaranmış iqtisadi və siyasi vəziyyət qarşıdan gələn aylarda qeyd edilən proseslərin davam etməsinə səbəb olacaqdır. Ermənistanın ÜDM göstəricisinin artacağı proqnozlaşdırılsa da bu daha cox maliyyə siyasətinin səmərəliliyindən asılı olacaqdır. Mövcud şəraitdə isə azad maliyyə siyasətinin aparılması mümkün deyildir və artıq 2021-ci ilin büdcə layihəsinin icrası ilə bağlı problemlər yaranmışdır. Agentlik tərəfindən müəyyən edilən reytinqdə perspektiv istiqamət müsbət müəyyən edilsə də dərin iqtisadi problemlərin olması növbəti reytinqin daha yaxşı olacağını deməyə əsas vermir. Bunlarla yanaşı Ermənistanda siyasi vəziyyətin qeyri-müəyyən olması, qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi güclər arasında mübarizənin kəskinləşməsi, hazırkı hökumətin hakimiyyətdə qalma ehtimalının çox olmasına baxmayaraq xalq arasında etimadının azalması kimi amillər də Ermənistanda iqtisadi siyasətin həyata keçirilməsinə və islahatların davam etdirilməsinə əsaslı şəkildə təsir edəcəkdir. Ancaq o aydındır ki, siyasi proseslərin hansı istiqamətdə cərəyan etməsindən asılı olmayaraq Ermənistan iqtisadiyyatının xarici borclardan asılılığını azaltmaq və maliyyə təhlükəsizliyi problemlərini həll etmək üçün uzun zamana və böyük resurslara ehtiyac vardır. Hazırda Ermənistanın iqtisadi inkişafını sürətləndirməsi üçün ən səmərəli yol regional əməkdaşlığa qoşularaq özünü izolyasiyadan azad etməsi ola bilər.