“Ermənistanı internetlə təmin edən əsas şirkət Azərbaycanın nəzarətinə keçib”

24
Tert.am, Ermənistan
29.03.2021

Gürcüstanın “Caucasus Online” şirkətinin sahibi Xviça Makasariya əlində qalmış səhmləri (51%) Azərbaycanın “NEQSOL Holding” şirkətinə satıb. Beləliklə, şirkətin səhmləri 100% azərbaycanlı iş adamı Nəsib Həsənovun əlinə keçib. Azərbaycan şirkəti bu səhmlərin 49%-ni hələ 2019-cu ildə almışdı.

İnformasiya təhlükəsizliyi sahəsində ekspert Samvel Martirosyan “Tert.am”a açıqlamasında “Caucasus Online” şirkətinin Ermənistanı internetlə təmin edən əsas şirkət olduğunu xatırladıb. Onun fikrincə, indi bu şirkət internetin verilməsinə süni şəkildə qismən və ya tam məhdudiyyət tətbiq edərsə, Ermənistanın internet təhlükəsizliyi ciddi təhdidlə üz-üzə qalacaq.

“Problem həm də ondadır ki, bu, Azərbaycana Ermənistan haqda, onun əhalisi haqda statistik və sair məlumatlar əldə etmək imkanı qazandırır. Əgər onlar davamlı şəkildə buna çalışarlarsa, ciddi nailiyyət əldə edə bilərlər”, – deyə ekspert qeyd edib: “Bizim üçün təhlükələrdən biri də odur ki, Azərbaycan konkret şəxslər və qurumlarla bağlı kəşfiyyat xarakterli məlumatlar əldə edə biləcək. Telekommunikasiya xəttinin onların əlində olması onlara kiberhücumlar həyata keçirmək imkanı da yaradır. Bir sözlə, bu halda Azərbaycanın nələrə nail ola biləcəyi ölkənin bu sahədə çalışan insanlarının peşəkarlığına bağlıdır”.

“Gözlənilən təhlükələrdən yayınmaq üçün hansı müdafiə mexanizmləri işlənməlidir?” sualına cavabında Samvel Martirosyan bildirib ki, Ermənistan bu məsələ ilə çoxdan məşğul olmalı idi. Onun sözlərinə görə, təhlükəni minimuma endirmək üçün ciddi vəsait və düzgün strategiya tələb olunur: “Hələ 5-6 il əvvəl məlumat yayılmışdı ki, Azərbaycan əsas internet provayderimizi almaq istəyir. Elə o zaman onlar “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni ala bildilər. Demək, bu, mərhələli proses imiş. Biz isə faktiki olaraq, heç bir mərhələdə məsələyə lazımi reaksiya verə bilməmişik”.

S.Martirosyan hesab edir ki, əslində bu, daha böyük layihənin tərkib hissəsidir: “Azərbaycan regionun nəqliyyat və kommunikasiya mərkəzinə çevrilməyə çalışır. Onlar bu sahədə Xəzər dənizinin digər sahilindəki ölkələrlə də razılaşmalar əldə ediblər. Bakı regionun bütün strateji kommunikasiya xətlərini öz nəzarəti altına almağa çalışır. Bu məsələ Gürcüstanı da narahat edir. Amma onlar da heç bir tədbir görmürlər”.

Martirosyan xatırladıb ki, söhbət Gürcüstanı, Ermənistanı və Azərbaycanı Avropa ölkələri ilə birləşdirən magistral telekommunikasiya xəttindən gedir. Gələcəkdə bu xətt Qazaxıstana və digər Xəzəryanı ölkələrə də keçərsə, Şərqi Qərblə birləşdirən magistral xətlərdən birinə çevriləcək.

(Erməni dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Tert.am