Ermənistanda “Su-30SM” qırıcıları ilə bağlı qalmaqal

315

Ermənistanın Rusiya istehsalı olan qırıcılardan Azərbaycanla ikinci Qarabağ müharibəsində istifadə etməməsi ölkədə müzakirə olunmaqdadır. Müxalifət baş nazir Nikol Paşinyanı bu haqda yalan danışmaqda, ziddiyyətli bəyanatlar verməkdə suçlayır.

Paşinyan isə martın 24-də parlamentdə deyib ki, onun bəyanatlarında ziddiyyət yoxdur. O, Ermənistanın “Su-30SM” qırıcıları üçün raket almadığını deyirdi. Müharibədən qabaq isə sosial mediada qırıcıların raket atşılarını uğurla sınaqdan keçirdiyini yazmışdı.

Baş nazir Yerevanda bir yürüşdə deyib ki, Yerevan 2020-ci ilin mayında Rusiyadan “Su-30SM” qırıcıları alsa da, 44 günlük müharibə başlayanadək təyyarələr üçün raketləri ala bilməyib.

Paşinyan martın 24-də parlamentdə hökumətyönlü deputatın bu haqda sualını cavablandırıb. O deyib ki, qırıcılar ultramüasir və güclü olduqlarından, “aydındır ki, təyyarə və müxtəlif modifikasiyalı raketləri istehsal edənlər eyni müəssisələr deyillər”.

“Başqa sözlə, onlar bir yerdə istehsal olunmurlar, bir yerdən alınmırlar. Təəssüf ki, müharibə vaxtı ultramüasir “Su-30SM”-lərin öz təyinatı və gücünə uyğun istifadəsini mümkün edəcək ləvazimat və raketlər almağa vaxtımız qalmadı”, – Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, təyyarələr 2020-ci ili mayında Ermənistana gətiriləndə təlim uçuşları həyata keçirilib və sınaqlarda Ermənistan ordusunun arsenalında olan raketlərdən istifadə olunub.

Paşinyan bir ziddiyyətə də aydınlıq gətirməyib. 2019-cu ilin dekabrında o, həmin vaxt müdafiə naziri David Tonoyanla birlikdə sözügedən təyyarələrin nümayişini izləyib, birinin kabinəsinə də keçib. Bunu göstərən fotolar yayılıb. Başqa bir bəyanatında isə “Su-30SM” qırıcılarının Ermənistana 2020-ci ilin mayında gətirildiyini deyib.

Müxalifətin “Parlaq Ermənistan” partiyasından deputat Ani Samsonyan bu məqamı vurğulayaraq Paşinyanı yalan danışmaqda suçlayıb.

“Hökumət yalan danışmağı, manipulyasiya etməyi, ictimaiyyəti yanlış yönəltməyi nə vaxt dayandıracaq?” – o sual edib.

Baş nazir deputatın sualına cavab verməyib. Onun müavini Tiqran Avinyan isə deyib ki, “Su-30 SM”-lə bağlı suallara tam cavab verilib, əlavə ediləsi bir şey yoxdur.

Paşinyan bu ayın əvvəlində Rusiya istehsalı olan “İsgəndər” raketlərinin müharibə vaxtı yaxşı işləməməsi haqda dediyini təkzib elədi. Rusiyanın hökumətpərəst deputatları onu bacarıqsızlıqda və yalan danışmaqda ittiham edirdi.

“AzPolitika.info”