Ermənistan ordusu Xankəndidən niyə çıxarılır?

87

Məhəmməd Əsədullazadə: “Bunu Paşinyan hakimiyyətinin Azərbaycanla əlaqələrini normallaşdırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar”

Əhəd Məmmədli: “Bu, Xankəndi, Ağdərə və Xocalıya bir addım da yaxınlaşmağımız deməkdir”

Elxan Şahinoğlu: “Düşünməməliyik ki, biz heç nə etmədən ermənilər Xankəndini tam boşaldacaq və məsələ özlüyündə xeyrimizə həll olunacaq”

Sosial şəbəkələrdə ermənilərin Laçın dəhlizi vasitəsilə Xankəndini boşaltmasına  dair videogörüntülər yayılıb. Görüntünü ermənilər yaysa da, bu barədə heç bir tərəfdən rəsmi açıqlama verilməyib. Görünür ki, bu addım hansı məqsədi daşımasından asılı olmayaraq, Xankəndinin və digər ərazilərin Azərbaycana məxsus olmasının etirafının əyani isbatıdır. Əgər, görüntülər həqiqətdirsə və Ermənistan belə bir addım atıbsa, bu onların siyasi-hərbi rəhbərliyinin reallığı nəzərə almasının göstəricisidir.

“Rusiya “sülhməramlı qüvvələri” silahlı separatçıların Qarabağdan çıxardılmasında maraqlı deyil”

“Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bunu Paşinyan hakimiyyətinin Azərbaycanla əlaqələrini normallaşdırmaq siyasətinin tərkib hissəsi kimi də qiymətləndirib. O, Rusiya “sülhməramlı qüvvələri”nin silahlı separatçıları Qarabağdan çıxardılmasında maraqlı olmadığını vurğulayıb: “Ermənistan ordusunun silahlı dəstələri Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında hələ də var. Eyni zamanda, yerli separatçıların silahlı birləşmələri də müşahidə olunur. Çünki  Ermənistan tərəfi bu ərazilərin özünə aid olduğunu iddia edir. Hazırda isə Laçın dəhlizi vasitəsilə Ermənistan ordusunun ağır texnika və digər texnikaları boşaldılır. Sözügedən texnikalar Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisində qalmış texnikalarıdır. Bu, separatçı dəstələrin Dağlıq Qarabağ ərazisindən tam boşaldılması demək deyil. Ümumiyyətlə, bəyannamənin 4-cü bəndinə əsasən erməni silahlı birləşmələri Qarabağda qalmamalıdır. Rusiya tərəfi isə birtərəfli şəkildə bu tələbin öhdəliklərini yerinə yetirmir. Hazırda erməni silahlı birləşmələri texnikalarını çıxartmağa başlayıb. Bunu Paşinyan hakimiyyətinin Azərbaycanla əlaqələrini normallaşdırmaq siyasətinin tərkib hissəsi kimi də qiymətləndirmək olar. Amma yerli separatçıların hələ də qaldığı müşahidə edilir. Hətta onlar Ağdərə istiqamətində istehakmlar da tikməyə başlayıb. Bir neçə gün əvvəl separatçıların rəhbəri Arayik Artunyan bildirdi ki, Rusiya ilə tərəfdaşlığı gücləndirməliyik. Digər tərəfdən isə Rusiya “sülhməramlı qüvvələri” silahlı separatçıların Qarabağdan çıxardılmasında maraqlı deyil. Bu da prosesə kölgə salır. Bu baxımdan bunu erməni silahlı dəstələrinin tamamilə boşaldılması kimi qiymətləndirməməliyik”.

“Minsk Qrupu məcburi köçkünlərin Xankəndinə, Ağdərəyə qayıtmasını təmin etməlidir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bu qənaətdədir ki, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasında da maraqlıdır: “Bu, Ermənistanın iqtisadi blokadadan çıxması deməkdir. Hazırda Ermənistanda qalan ərazilərin taleyi ilə bağlı bəyannamədə heç nə qeyd edilməyib. Bu ərazilərin statusuyla da bağlı heç nə bəlli deyil. Sadəcə qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və silahlı erməni birləşmələri bu ərazilərdən çıxarılmalıdır. Yerdə qalan məsələlərə isə Minsk Qrupu qarışır, Rusiya tərəfi isə status məsələsini ortalığa atmağa çalışır. Bu məsələlərin hansı istiqamətdə gedəcəyi bilinmir. Azərbaycan tərəfi bildirib ki, artıq Qarabağ münaqişəsi bitibdir. Müəyyən məsələlər var ki, Rusiya tərəfiylə koordinasiyalı şəkildə həyata keçirilir. Azərbaycan tərəfində qaranlıq məqam yoxdur. Minsk Qrupu məcburi köçkünlərin Xankəndinə, Ağdərəyə qayıtmasını təmin etməlidir”.

“Bunu diplomatik savaşda Azərbaycanın uğuru kimi qiymətləndirmək olar”

Politoloq Əhəd Məmmədli isə bunu müsbət addım kimi qiymətləndirib. O “Hürriyyət”ə açıqlamasında deyib ki, rus sülhməramlıları Qarabağa daxil olan zaman, paralel olaraq erməni silahlı dəstələri də Qarabağ ərazisini tərk etməli olduğu halda buna əməl edilmədi: “Bunu bir addım kimi qiymətləndirmək olar. İstənilən halda müsbət addımdır. Buna baxmayaraq, ərazi Rusiya sülhməramlılarının nəzarəti altında qalacaq. Amma bu, yenə də Xankəndiyə, Ağdərəyə və Xocalıya bir addım da yaxınlaşmağımız deməkdir. Əgər, erməni siahlı dəstələri tam şəkildə oranı tərk ediblərsə, bu Azərbaycan tərəfinin qeyri-rəsmi şəkildə mesajı olub. Ya erməni silahlı dəstələri oranı tərk edəcək, ya da Azərbaycan ordusu ora daxil olacaq. Bu baxımdan da Rusiya sülhməramlıları erməni silahlı dəstələrini ərazilərdən çıxarıblar. Yəqin ki, Rusiya sülhməramlıları da ermənilərə söz verib ki, biz burdayıq. İstənilən halda bu, Azərbaycan üçün müsbət haldır. Bunu diplomatik savaşda Azərbaycanın uğuru kimi qiymətləndirmək olar. Azərbaycan tərəfindən dövlət başçısı səviyyəsində bildirilib ki, artıq status yoxdur və Qarabağ Azərbaycanındır. Lakin Ermənistan tərəfi qalan ərazilərin özlərinin olduğuna isbatlamağa çalışır. Bu baxımdan, ərazilərin hüquqi statusu uğrunda mübarizə aparırlar. Bu istiqamətdə də bəyanatlar verirlər. Bəyannamədə qeyd edilib ki, rus sülhməramlıları Qarabağa daxil olan zaman, paralel olaraq erməni silahlı dəstələri də Qarabağ ərazisini tərk etməlidir. Lakin buna əməl edilmədi. Guya ki, indi riayət etməyə başlayıblar”.

“Qarabağdakı ermənilərin bir qismi daha rahat və təhlükəsiz həyat üçün bölgəni tərk etməyi düşünür, ancaq…”

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, sosial şəbəkələrdə yayılan məlum görüntülər, xəbərlər bizi rahatlatmamalıdır: “Sosial şəbəkələrdə görüntülərə istinadən “ermənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar” başlıqlı xəbərlər yayılır. Həmin görüntülərə istinadən yayılan xəbərlər bizi rahatlatmamalıdır. Yəni düşünməməliyik ki, biz heç nə etmədən ermənilər Xankəndini tam boşaldacaq və məsələ özlüyündə xeyrimizə həll olunacaq. Əlbəttə, Qarabağdakı ermənilərin bir qismi daha rahat və təhlükəsiz həyat üçün bölgəni tərk etməyi düşünür. Ancaq İrəvanla Moskva əllərindən gələni edəcəklər ki, bu kütləvi hal almasın”.

İndi bir çox vətəndaşlarımızı düşündürən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin sonrakı taleyidir. Hazırda bu bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Məlumdur ki, sözügedən rayonlar və şəhərlər Azərbaycanın əraziləridir. Təbii ki, bu rayonlarda ermənilər də yaşayıb və gələcəkdə də Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq yaşayacaqlar. Yenə də təbii ki, bunu zamanın öhdəsinə də buraxmaq olmaz…

YƏHYA