Ermənistan müxalifəti Paşinyanı istefaya vadar edə biləcək?

156

Zaur Məmmədov: “Paşinyanın Kremlin bütün şərtlərini yerinə yetirdiyi halda Rusiyanın Ermənistanda çevriliş etməsinə ehtiyac yoxdur”

Elxan Şahinoğlu: Müxalifət təmsilçiləri regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılışının əleyhinədirlər, bu isə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına ziddir

Bugünlərdə, daha dəqiq desək, fevralın 20-də Ermənistanın paytaxtı İrəvanda, 10-dan çox siyasi partiyanın daxil olduğu “Vətənin Xilası Naminə Hərəkatı”nın təşkilatçılığı ilə Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə mitinq keçirilib. Mitinqdə çıxış edən Ermənistan müxalifətinin baş nazirliyə namizədi Vazgen Manukyan Nikol Paşinyanın istefasına nail olacaq “A” və “B” planlarını açıqlayıb. Onun sözlərinə görə, mitinqlərə nə qədər insan toplansa da, Paşinyan könüllü istefa verməyəcək: “Bu o deməkdir ki, onun nəyə güvəndiyini qırmaq lazımdır”.

Manukyan bildirib ki, baş nazirin güvəndiyi ilk qrup, problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır: “Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur“. Daşnaksutyun Erməni İnqilabi Federasiyası Ali Orqanının üzvü İşxan Sağatelyan isə qeyd edib ki, nümayişin təşkilatçıları Nikol Paşinyan istefaya çıxana qədər “aramsız etiraz aksiyalarının” keçiriləcəyini elan ediblər. Məhz bu səbəbdən də ötən gün İrəvanda növbəti kütləvi itaətsizlik aksiyası keçirilib.

“Bu qədər az insana görə nəinki hakimiyyətdən getməyə, heç növbədənkənar seçkilər keçirməyə ehtiyac yoxdur”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mözvuya dair fikirlərini bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, İrəvanda çox az insan müxalifəti dəstəkləyib: “Bu qədər az insana görə nəinki hakimiyyətdən getməyə, heç növbədənkənar seçkilər keçirməyə ehtiyac yoxdur. Yeri gəlmişkən, bu mitinq müxalifətin vahid olmadığını göstərmiş oldu. Beləliklə, Ermənistan əhalisi Qarabağsız Ermənistana, forpost olmayan Ermənistana və Azərbaycanla, Türkiyə ilə sərhədləri açacaq Hayastana üstünlük verdi. Lakin bu, bugünlük belədir. Sabah Rusiya lazım gələn kimi orada istədiyini edəcək”. Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, indi Paşinyanın Kremlin bütün şərtlərini yerinə yetirdiyi halda Rusiyanın Ermənistanda çevriliş etməsinə ehtiyac yoxdur: “Yeri gəlmişkən, son 1 həftədə Ermənistanda və Gürcüstanda baş verənlər bir daha göstərdi ki, hər iki ölkədə hakimiyyət öz siyasi opponentlərinə qarşı qanunsuz addımları atmaqdan çəkinmir”.

“Paşinyan və komandasının istefasını tələb edənlər 3 ay ərzində fasilələrlə keçirdikləri etiraz aksiyalarında eyni şüarları təkrarlasalar da dəyişən bir şey yoxdur”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Paşinyan və komandasının istefasını tələb edənlər 3 ay ərzində fasilələrlə keçirdikləri etiraz aksiyalarında eyni şüarları təkrarlasalar da dəyişən bir şey yoxdur: “Ermənistanın müxalifət nümayəndələrinin keçirdikləri etiraz mitinqindəki çıxışlarının əsas leytmotivi bundan ibarət olub: “Müharibədə məğlub olduq, “müstəqil Artsax” artıq yoxdur, Ermənistan sərhəd boyu kiçilir, ordu dağılıb, Rusiyadan tam asılı vəziyyətə düşmüşük, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edir, bu hakimiyyəti devirsək yenidən gücümüzü qaytara bilərik, Türkiyənin düşmənləri ilə ittifaq qurmalıyıq”. 3 ay ərzində fasilələrlə keçirdikləri etiraz mitinqlərində eyni şüarları təkrarlayırlar, ancaq dəyişən bir şey yoxdur. “Türkiyənin düşmənləri” dedikdə isə bu dövlətlərin adını çəkirlər: Rusiya, İran, Çin, ABŞ və Fransa. Birinci 3 dövlətin Türkiyə ilə münasibətlərində hər şey hamar deyil, ancaq nə Moskva, nə Ankara, nə də Pekin ermənilərə görə anti-Türkiyə siyasətinə baş vuracaqlar. Əksinə, Rusiya, İran və Çin Azərbaycan və Türkiyə ilə birgə regional layihələri reallaşdırmağa çalışırlar. O ki qaldı, ABŞ və Fransaya, Vaşinqton və Paris 44 günlük müharibədə ermənilərə kömək etmədilərsə, indi Ermənistanı necə xilas edəcəklər? Ermənistanda hələ də anlamaq istəmirlər ki, Türkiyə artıq Cənubi Qafqazda möhkəmlənib və bu, əbədidir!”

“Yaxın gələcəkdə Dağlıq Qarabağda da əhalinin nisbəti tədricən azərbaycanlıların xeyrinə dəyişəcək”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Ermənistanda nə vaxtsa yenə Azərbaycan torpaqlarının işğalı haqqında düşünsələr, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, artıq qarşılarında Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcəklər: “Rusiya isə ermənilərə görə bu ittifaqla qarşıdurmaya gedən deyil. Ermənilərin əsas qorxusu odur ki, məğlub Ermənistan Azərbaycan və Türkiyə qarşısında geri çəkilməkdə davam edəcək. Bu qorxuda həqiqət payı var. Azərbaycanın və Türkiyənin əhalisi artır, Ermənistanın isə azalır, yaxın gələcəkdə Dağlıq Qarabağda da əhalinin nisbəti tədricən azərbaycanlıların xeyrinə dəyişəcək. Bu, qarşımızda duran əsas vəzifələrdən biri olmalıdır! Əgər Ermənistan ərazi iddiasından vaz keçib regional əməkdaşlığa üstünlük verməsə və Dağlıq Qarabağda yaşayan ermənilər qanunlarımıza tabe olmasalar, Azərbaycanla Türkiyənin əsas strarteji hədəfi düşməni daha da gücsüz duruma salmaq olacaq. Bu təbiidir!”

İrəvanda baş tutan mitinqdə çıxış edənlərin müəssisələri tətilə, ordu və polisi isə qiyama çağırdıqlarını vurğulayan politoloq bildirib ki, Paşinyan var gücüylə bunun qarşısını almağa çalışacaq: “Ancaq müxalifət də hakimiyyəti içəridən dağıtmaq üçün fəaliyyətinə ara verməyəcək. Paşinyanın yaxın aylarda devriləcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Kreml də Paşinyanın indiki mərhələdə devrilməsini istəmir. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarını həyata keçirməlidir. Ancaq Paşinyanın içəridən devrilməsi ehtimalını da diqqətdən qaçırmamalıyıq. Müxalifət liderləri açıq deyirlər ki, Paşinyanı devirsələr belə, 10 noyabr bəyanatından kənara çıxa bilməyəcəklər. Ancaq müxalifət liderləri eyni sözləri 11 yanvar Moskva razılaşmasına aid etmirlər. Yəni müxalifət təmsilçiləri regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılışının əleyhinədirlər. Bu isə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına ziddir. Demək, əgər müxalifət və ya ordu içərisindən hansısa qüvvə Paşinyanı devirsə yeni durum formalaşacaq. Bundan çəkinmək lazım deyil, əksinə manevr imkanlarımız genişlənəcək və Dağlıq Qarabağda yarımçıq qalan işlərimizi sonlandıra bilərik. Rusiya prezidenti Vladimir Putin də 10 noyabrdan bir neçə gün sonrakı müsahibəsində qeyd etmişdi ki, Ermənistan razılaşmalardan imtina edərsə ağır nəticə ilə üzləməli olacaq. Ona görə bizim Ermənistanda zorakı hakimiyyət dəyişikliyi ilə bağlı ssenarimiz olmalıdır”.

“Rusiya Ermənistanın Azərbaycanla sərhədini qorumağa razılaşıb, bu halda bizə qarşı hər hansı tərxibat baş verərsə buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar”

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi son müsahibədə deyib ki, Rusiya sərhədçiləri Türkiyə və İrandan sonra Azərbaycanla sərhəddə də yerləşməyə başlayıblar: “Bu məqsədlə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə dislokasiyasına başlanacaq. Demək, bu məqsədlə Azərbaycanla sərhədə yaxın ərazidə kazarmalar tikiləcək. Bu açıqlama bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib. Rusiya Ermənistanın Azərbaycanla sərhədini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar. Biz də öz tərəfimizdən sərhədimizi gücləndirməliyik, Laçın dəhlizi üzərindən sərhədimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır. Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhədi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur”.

Vazeh BƏHRAMOĞLU