Ermənistan-Azərbaycan sərhədini rus əsgərləri qoruyacaq?

210

Hurriyyet.org xəbər verir ki, İrəvan ilə Moskva Ermənistanın şərqində yerləşən 102 saylı bazanın hərbi hissələrinin ölkənin şərqinə doğru köçürülməsi məsələsini müzakirə edirlər. Bu barədə açıqlamanı Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan RİA Novosti agentliyinə müsahibəsində verib. Nazir deyib: “Rusiya bazasının (genişlənməsini nəzərə almaqla) heyətində olan hərbi birləşmələrin Ermənistanın şərq istiqamətinə göndərilməsi imkanından danışmaq daha doğru olardı. Hazırda bu məsələ ilə bağlı ikitərəfli müzakirə gedir”. Onun sözlərinə görə, Ermənistanda yerləşən Rusiya sərhədçilərinin öhdəsinə əlavə vəzifələr qoyulacaqdır.

Arutyunyan deyib: “Rusiya sərhədçilərinin öhdəsinə Ermənistan ilə Azərbaycanın sərhədini qorumaq və təhlükəsizliyini təmin eləmək kimi əlavə vəzifələr qoyulub. Şübhə etmirəm ki, Rusiya ilə Ermənistan dövlətləri arasındakı sərhəd xidmətlərinin arasında sıx və effektli qarşılıqlı əlaqə yaranıb. Ermənistandakı Rusiya sərhədçiləri öhdələrinə düşən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirirlər”.

Ermənistan İran, Türkiyə, Gürcüstan və Azərbaycan dövlətləri ilə həmsərhəddir.

Qeyd edək ki, Ermənistanın Türkiyə və İran ilə sərhədlərini daim rusiyalı sərhədçilər qoruyub. Ermənistan sərhədçiləri isə Gürcüstan ilə Azərbaycan arasında sərhəddə xidmət ediblər. İndən belə Azərbaycan-Ermənistan sərhədini rusların qoruyacağı təqdirdə, ermənilər yalnız Gürcüstanla sərhədi mühafizə edəcəklər. Ruslar onları bu zəhmətdən də xilas edərsə, Ermənistanın ümumiyyətlə orduya ehtiyacı qalmaya bilər.