“Ermənilərin mütləq əksəriyyəti Rusiyanın vassallığını qəbul edir” – ELXAN ŞAHİNOĞLU

39

“Paşinyanın partiyasının müharibədə ağır məğlubiyyətdən sonra reytinqi azalsa da, o rəqiblərini yenə də dəfələrlə üstələyir”

“”GALLUP International Association” beynəlxalq mərkəzinin İrəvan ofisi hər ay Ermənistanda sorğular keçirir. Bu təşkilatın Ermənistanda keçirdiyi son sorğunun nəticəsi diqqəti çəkir. Soğrunun birinci hissəsi parlament seçkisinə, ikinci hissəsi isə Ermənistana tərəfdaş olan dövlətlər və təşkilatlarla bağlıdır. Mərkəzin keçirdiyi sorğunun nəticəsinə görə, Ermənistanda parlament seçkisi bu həftə keçirilərsə baş nazir Nikol Paşinyanın “Mənim addımın” partiyası seçicilərin 31 faiz səsini qazanacaq. Ötən ay da eyni nəticə qeydə alınmışdı”. Hurriyyet.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Paşinyanın partiyasının müharibədə ağır məğlubiyyətdən sonra reytinqi azalsa da, o rəqiblərini yenə də dəfələrlə üstələyir: “O biri qrupların sıralamasına nəzər yetirək: Eks-prezidenti Robert Köçəryan 5.9 faiz, “Çiçəklənən Ermənistan” 4.4 faiz, “Respublika Partiyası” 2.4 faiz, “Daşnaksütun Partiyası” 2.1 faiz, Vazgen Manukyanın lideri olduğu “Vətən Xilas Hərəkatı” 1 faiz, digərləri isə sıfırın altındadırlar. Bu nəticə o deməkdir ki, Nikol Paşinyanın partiyası iyundan sonra Ermənistan parlamentində yenidən çoxluğa malik olacaq. Sadəcə əsas sual budur: Paşinyanın əldə edəcəyi səslər ona təkbaşına hökuməti formalaşdırmağa imkan verəcəkmi? Bütün hallarda Nikol Paşinyan yeni hökumətin də əsas ortağı olacaq. Sorğu bir başqa rəqəmi də ortaya qoyub: Ermənistan vətəndaşlarının cəmi 41.2 faizi 20 iyun parlament seçkisindən iştirak edəcəklərini bildiriblər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Paşinyan iyuna qədər daha çox tərəfdarını seçkiyə həvəsləndirməlidir: “”GALLUP International Association” beynəlxalq mərkəzinin İrəvan ofisi “Ermənistan hansı ölkə və qurumlarla müttəfiqliyi gücləndirməlidir” sualına da cavab axtarıb. Rusiya mütləq liderdir. Ermənilərin 62.9 faizi Ermənistanın Rusiya ilə müttəfiqliyi gücləndirməyi lazım biliblər. Sonrakı yerlər belədir: “ABŞ 16.4 faiz, Fransa 6.4 faiz, Avropa İttifaqı 5.2 faiz, İran 2.4 faiz, Gürcüstan 0.7 faiz, NATO 0.7 faiz, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 0.2 faiz”. Bu nəticə ondan xəbər verir ki, ermənilərin mütləq əksəriyyəti Rusiyanın vassallığını qəbul edir. Ermənistanla əlaqələrə önəm verən Tehranda görsünlər ki, sorğunun nəticələrinə görə ermənilər Amerika ilə əlaqələri İranla əlaqələrdən daha üstün tuturlar. Gürcüstanla bağlı rəqəm də Tiflis üçün düşündürücü olmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az