Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

123

ERMƏNİ TARİXİ VƏ ERMƏNİ – GÜRCÜ ZİDDİYYƏTLƏRİ. GÜRCÜLƏRİN SOYQIRIMI

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

Önyazı:

Erməni ideoloqları iddia edirlər ki, erməni xalqı nadir bir xalqdır:

“Bizim xalqımız müstəqil vahidlərin cəmidir. Digər xalqlar isə müstəqil cəmin sıfıra bərabər mənasız bir zərrəsidir.” (Aharonyan A. “Bogin” məcmuəsi, 1966, № 8-9, s. 90).

 

***

 

Ermənilərin tarixini onların iç-içə və ya qonşuluqda yaşadıqları xalqlarla zidliklər və məkrlər tarixi də adlandırmaq olar…

Ermənilər “erməni məsələsi”ni “dəmə qoymaq” – onun tarixi-ideoloji “əsaslarını” hazırlamaq üçün: 1) sərfəli tarixi-ideoloji kitablar yazmaq və erməniyanlı müəlliflərə bu xüsusda sifarişçi olmaq (həm də məmnunedici ödənişlə); 2) hədəf-obyekt millətlərin tarixi daş yaddaşlarında cərrahiyyə əməliyyatı təşkil edib, bu daşları sərfəli kitablarla uzlaşdırmaq; 3) ermənilər haqqında tarixi həqiqətləri “erməni həqiqətləri”nə görə redaktə etmək; hədəf-obyekt millətlərin (türklər, gürcülər və s.) tarixi şəxsiyyətlərinin və milli nailiyyətlərinin bəzisini mənimsəmək, bəzisinə hücuma keçmək… və s. vasitələrə əl atırlar.

“Albaniya tarixi”nin müəllifi azərbaycanlı Musa Qalakəndlidən yeni peyda etdikləri müəllif-Moisey Kalankatuatsi düzəldən ermənilər salnamənin orijinalını yoxa çəkərək, “Aluank (?) ölkəsinin tarixi” adlandırdıqları “qədim”, “tarixi” bir əsər də ortaya qoymuşlar.

Bir neçə il öncə, qədim Azərbaycan günəşi, xalqımızın yetirməsi (Urmiya türkü), irsinə ulu və bütün tərəqqipərvər dünyanın sayğı duyduğu Zərdüşt peyğəmbəri də mənimsəməyə çalışan ermənilər Almaniyada müvafiq bir kitab yayınlamışdılar (bu haqda Azərbaycan qəzetləri İnternetdəki xəbərlərə dayanaraq yazılar vermişdi)…

Puşkin, Nekrasov, Jemçujnikovun şeirlərində ermənilər haqda tənqidi, təhqiramiz fikirlərin təhrifinə və ya gizlədilməsinə nail olan erməni “ziyalı” fədailəri Şota Rustavelini də erməni çıxara bilmədiklərindən müsəlman çıxararaq (erməni professor Patkanyanın ardıcılı olan Marrın dili ilə), ürəkləri soyumayanda gürcülərin fəxri, çar Tamaranı gələcəyə ümidsiz baxan bir pozğun kimi təsvir edərək, onunla yatıb-duran erməni erkəklərinin yataq hüququndan istifadə edib həm də ölkəni (Gürcüstanı) idarə etdiklərini və düşməndən qoruduqlarını yazırlar. Çar Tamara ilə bağlı erməni məcara və “qəhrəmanlıqlarını” oxucu düşüncəsinə yeridən əsər – 1968-ci ildə İrəvanda ermənicə və sonra rusca çıxan Vermişevin “Amirspasalar” romanı – həm də gürcülərin tarix boyu öz müstəqilliklərini qoruya bilmədiklərini, buna nail olduqları dövrlərdə isə ona ermənilərin hesabına nail olduqlarını iddia edir.

Bu həyasızlıqlara “Qrakan Tert” erməni qəzetində “Xalqlar dostluğu haqda qiymətli roman” adı verərək yazı ilə çıxış edən Mikael Şatiryanın riyakarlığına, sadəcə olaraq, erməni mövqeyi də demək olar…

Bütöv xalqın tarixini oğurlayıb, ermənilər tərəfindən mənimsənilməsinə heyrət edən müəlliflərdən biri də Revaz Caparidzedir.

Erməni muzdlusu, baron Brambeus təxəllüslü rus yazıçısı Senkovskiyə görə isə, guya Gürcüstanın çox hissəsi, Tiflislə birgə, gədim zamanlardan ermənilərə məxsus olub! (? –X.İ.).

Moisey Xorenskinin tarixinin (görəsən, ermənilərin bu müəllifin əsərini saxtalaşdırmaları sonucunda meydana çıxan “tarix”dənmi söhbət gedir? –X.İ.) əfsanə olması, heç bir dəlilə söykənməməsi haqda hələ 1871-ci ildə qənaətini bildirən Lenorman, ermənilərin qədimlik iddialarına da cavab olaraq, onların Kirin müasiri Tiqranadək (I Tiqranın özünün də erməni olması təsdiqini tapmayıb –X.İ.) əfsanələrinin, rəvayətlərinin belə olmamasını diqqətə alaraq, öyünmələrinin yersiz olduğunu isbata yetirmişdir

***

Erməni alimi professor Patkanovun yetirməsi olması ilə fəxr edən cənab Marr da vaxtilə gürcüləri “Pələng dərisi geymiş pəhlivan”a görə hədələyərək bildirirdi ki, bu əsər gürcülərə məxsus deyil və orijinalı müsəlmanlara məxsusdur, həm də Londonda saxlanılır. Şota Rustaveli də müsəlmandır. Bir sözlə gürcülər bu əsəri müsəlmanlardan mənimsəyiblər: ya oğurlayıblar, ya da köçürüblər!..

 1877-ci ildə fransız qəzeti “Temp”in Tiflisə göndərdiyi Kutuli soyadlı müxbiri də orada planlaşdırılmış erməni əhatəsinə düşərək Gürcüstanı Ermənistan və Tiflisi də erməni şəhəri kimi “görərək”, beləcə də təqdim etmişdir.

Artsruni və onun parlamentarlar içində, böyük qonaqlıq-şadyanalıqlarda, filosoflar sırasında və b. sahələrdə olan “qonaqpərvər”, “Böyük Ermənistan”çı həmtayları bu yelbeyin fransız müxbirinə istədiklərini təlqin edərək onu xalis erməni ölkəsinin düz ortasında olduğuna inandıra bilmişdilər. Artsruni Avropadan Qafqaza həqiqət axtarmağa gəlmiş Kutuliyə “Bizim xalqımız poeziyanı sevmir, biz daha çox mühakimə və tənqidi sevirik” deyə erməni xalqını “dərin” xalq kimi təqdim etmişdir. Ancaq Avropadan gəlib erməni qonaqlığına düşmüş Kutulu ermənilərə elə avropalı Hötenin dili ilə cavab verə bilməmişdi: “ bir şəxsin ki, ürəyi şair səsindən titrəmir, o barbardır”.

Ezov isə Gürcüstan çarı, mütləq-hakim İraklini ələ salaraq, deyir: “Rusiyaya onu güzəşt etdi ki, hansı ona məxsus deyildi”. Ezova görə, o zaman Gəncə-Qarabağın taleyinə erməni monax Minas sərəncam verirmiş, Gürcüstan da İrakliyə məxsus deyilmiş. Yəni Ezovun niyyətində bunu demək istəməkdir: GÜRCÜSTAN GÜRCÜSTAN HA DEYİLMİŞ, QƏDİM ERMƏNİSTANMIŞ!.

“Ararat” sözünün yəhudi ismi olub (bizcə, bu özü də subyektiv fikirdir; bəzi başqa qaynaqlara görə, bu sözün qədim türkcədə açılışı var – X.İ.), “Urartu”dan törədiyini qeyd edən Qolmstremə görə, Urartu ərazisindəki mixi yazılı daşlar, guya, ermənilərin xeyrinə fəryad edirmiş. Mixi yazılar, xüsusən də assur-vavilon mixi yazıları üzrə nüfuzlu tədqiqatçı, qədim zamanların tarix bilicisi sayılan Fransua Lenorman isə, “Ermənistan”ın etnoqrafik deyil, coğrafi anlayış olduğunu sübut edir. Və o, bildirir ki, “Ermənistan” adı ilk dəfə Əhəmənilər dövründə xatırlanır, b.e.ə. VII əsrin sonunda. O vaxt ermənilər, yəni haykanlar haqda hər hansı bir xatırlama belə yox idi. Haylar isə Urartuya miladdan öncə, VI əsrdə gəlmişlər. Urartuya aid yazılar, assuri mixi yazıları isə çox əvvələ, ən sonuncuları b.e.ə. IX əsrə aiddir.

Əvvəlcə “Nairi”, sonra “Urartu” kimi tanınan ölkə haqda hələ assur çarı Salmansar və Tiqlat-Palasarın dövründəki yazılarda da xatırlanır. Yada salaq ki, I Salmansar b.e.ə. XIV, I Tiqlat-Palasar isə b.e.ə. XII əsrdə hökmranlıq etmişlər.

Lenormana görə, Urartu ölkəsinin aborigenlərinin nə dil, nə də qohumluq etibarilə ermənilərə heç bir aidiyyəti yoxdur. Bu Ermənistan ölkəsinin aborigenləri, b.e.ə. VII əsrin sonunadək, o tayfalarla qohum idi ki, bu tayfalara gürcülər və b. Qafqaz xalqları aiddir.

Professor İlya Serebrovun dediyi kimi: “Lenorman nəinki ermənilərlə gürcülərin mənşə qohumluğu haqda bütün düşüncələri aradan qaldırdı, hətta Əhəmənilərə qədərki Ermənistan ərazisinin özünü də ermənilərin hakimliyindən çıxararaq həmişəlik gürcülərə aidliyini möhkəmləndirdi”.

Bu gedişat erməni professoru Patkanovu qeyzləndirdi, ancaq tarixi dəlillərlə deməyə sözü olmadığından məsələni felyeton predmetinə çevirdi.

İ. Çavçavadze ermənilər tərəfindən başqa xalqların abidə yazılarının qaşınıb-qazılması, beləliklə başqalarının sahib olduğu tarixin və ərazinin mənimsənilməsi adətinin qədim erməni gələnəyi olduğunu sübut etmək üçün Lenorman və Henrix Raulinsonun elmi qənaətlərini əlavə şahid gətirir:

“Yuxarıda sadaladığım faktlara əsasən mən də Henrik Raulinsonun dediyini deməliyəm ki, “urartu dili” indiki hayos (hay) diliylə heç bir qohumluğa malik deyil. Hayoslar, Frigiyadan çıxmış, tədricən Frigiyanın doğusunda yerləşən yüksəklikləri tutmuş, oradan qədim urartuların bir hissəsini sıxışdırmış, bir qismini isə udaraq onların adlarını, inamlarını, dillərini və əfsanə-rəvayətlərini özlərininki ilə əvəz etmişlər”(Fransua Lenorman).

Lenorman ermənilərin nahaq yerə özlərini Toqormosdan törəmiş bir tayfa (xalq) olduğunu da nəzərə çatdırır. Bibliyada da adı keçən Urartu aborigenləri “toqorm”larla qohumluğunu sübut edib, qədim Urartunun varisləri olduğuna dünyanı inandırmaq istəyən ermənilərin və onların havadarlarının mülahizələri əsassızdır, çünki Lenorman aşkarlamışdır ki, indi ermənilərin “Van yazıları” kimi təqdim etdiyi mixi yazıların böyük qismi hələ b.e.ə. VII əsrin sonunadək həkk edilmişdi. Lenorman alarodluların urartulularla sinonim təşkil etdiyini (alardu –› Araruda –› ararudi –› Ararata –› Urartu) və bir sözlə, sonralar Ermənistan (Armeniya) adlanan ölkənin aborigenləri olan tayfa adlarının, onların mixi yazı və danışdıqları dillərin, qısası, etnik atributlarının haylarla heç bir əlaqəsi yoxdur.

İndi isə Nikolskiyə müraciət edək: “Assuri və Vavilon mənbələrinə görə, Urartu ölkəsi onlarda Nairi ölkələri adlanan daha geniş bir bütövün hissəsi idi…”

İndi ermənilərin mənimsədiyi qədim adlardan biri Nairinin əsl sahiblərinin ünvanını xeyli dəqiqləşdirdikdən sonra, Nikolskinin çox maraqlı, növbəti açıqlamalarına diqqət edək: “60-cı illərin (XIX əsr nəzərdə tutulur –X.İ.) əvvəllərində cənab Mesrop, hələ sadə bir monax olduğu vaxt, mxitarçıların yazılarından oxuduğu– harada ki indi ermənilər məskunlaşmışlar, orada mixi yazılar vardır məntiqinə görə o, bu daşları (yazıları) yığmaq istəyirdi ki, bunların qədim Ermənistan tarixinə yaxınlığı üzə çıxacaq”.

Nikolskiyə dayanaraq, İ.Çavçavadze yazır ki, Mesrop altı və ya səkkiz yazını Patkanov vasitəsilə bu işin mütəxəssisləri olan Mordtmona, Seysə və Müllerə göndərdi. Nəticə erməniləri, əlbəttə ilk öncə cənab Mesropu və erməni professoru Patkanovu məyus etdi: daşları tədqiq edən yuxarıda adlarını çəkdiyimiz mütəxəssislər öz rəylərində bildirdilər ki, həmin yazıların ermənilərlə heç bir bağlılığı yoxdur.

Qeyd edək ki, Mesropun təqdim etdiyi yazıların çoxu Eçmiədzindən 25 verst məsafədə, quzey-batı istiqamətində tapılmış daşlar idi. Burada “Bluri” adlandırılan bir təpə və onun yanında hansısa qədim xarabalıqlar var. Ermənilər çoxdan ora tamah salaraq bildirirdilər ki, orada onların qədim paytaxtı-mifik “Armavir” yerləşmişdir. Nəhayət mütəxəssis alimlər, Uvarovun rəhbərliyi ilə orada qazıntı aparıb, bir həftəlik çalışmalardan sonra, nə illah eləsələr də, o xarabalıqlarda erməniyə aid nəinki bir “mübtəda”, “xəbər”, heç “vergül” də tapılmadı. İşi belə görən erməni başbilənləri-Mesrop və Patkanov bilmədikləri məsələ haqqında mübahisə və etiraz edərək, yeni tədqiqatların aparılmasını tələb etdilər.

İ.Çavçavadze erməni alimlərinin saxtakarlığını müəyyən edən D.Bakradze, İlya Serebryakov, Lenorman, Raulinson, Nikolski kimi alimlərin adını çəkərək, Patkanov, Artsruni, Ezov, Xudabaşev və onların “elmi” sexlərinin heç nədən iyrənmədən öz qaralarını ağartmaq, başqasının ağını qaraltmaq yolundan əl çəkmədiyini bildirir.

Erməni sevdalısı Q.Qolmstrem də gürcü və b. xalqların dili ilə fəryad edən daşların ermənicə ah-uf elədiyini inadla iddia edərək dostlarına əsassız mədhiyyə söyləməkdən də utanmır: “Bu xalq (ermənilər) çox əsrlər ərzində xristian pravoslav tövsiyələrinə özünün dönmədən sadiq qaldığını sübut edib”.

Bu boyda eybəcər yalana dözməyən İ.Çavçavadze deyir: “ Din-vicdan, inam məsələsidir, bu məsələdə hər kəs sərbəst və toxunulmazdır. Ancaq uşaq da bilir ki, ermənilər qriqoryan məzhəbinə məxsusdurlar və ümumiyyətlə (genəllikdə) Rusiyada və xüsusilə (özəlliklə) rus ədəbiyyatında məlum olan məzhəbə (pravoslavlığa –X.İ.) heç aidiyyətləri yoxdur… Çünki (pravoslav) tövsiyələrindən ermənilər hələ VI əsrdə imtina ediblər və o zamandan pravoslavlıqdan ayrılıblar”.

Erməni alimlərinin və onların himayədarlarının yazılı əməllərindən, yazılı riyakarlığından dad edən İ.Çavçavadze özünə və oxucuya əslində cavabı aydın olan bir bəşəri sualla müraciət edir: “Təkcə Ezov kifayətdir ki, öz-özündən qorxub ümidsizcə bir nida edəsən: doğrudanmı insan Tanrının obrazı və bənzəridir?!”.

(Ardı var)