Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

267

ORTA ASİYADA DAŞNAKLARIN TÖRƏTDİYİ FACİƏLƏR “BÖYÜK ERMƏNİSTAN” İDDİALARI FONUNDA

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

Örnəklərdən də göründüyü kimi, Ermən adı müxtəlif fonetik variantlarda Qazax, Özbək, Türkmən, Başqord ellərində işlənir. Ermen adının boyadı kimi işlənməsi göstərir ki, yuxarıdakı yeradları etnotoponimlərdir…”.

Yuxarıda sunulan bəlgələrdən və sadalan bilgilərdən çıxış edərək ilginc bir mülahizə sürmək istərdik: Ermənilərin mənşəyi haqda gürcü alimləri M.Tamaraşvilinin, onun ardıcılları Şota Tetvadze və Otar Tetvadzenin  “…Elmi araşdırmalar əsasında etiraf olunmuşdur ki, ermənilərin qədim əcdadları vaxtilə Orta Asiyanın quzey-doğusunda məskunlaşmış əhali olmuşdur…” qəbildən fikirləri ilə Azərbaycanlı professor F.Ağasıoğlunun qənaətləri genəldə faktlar üzərindən səsləşir, ancaq burada ən mühüm bir zidlik vardır ki, o da gürcü müəlliflərinin “ermən” boyadının keçdiyi tarixi faktları (yazıları) sonradan (Urartuya köç etdikdən sonra) mənimsəyən “hay”lara (yəni “hay” etnos adını özündə saxlamaqla,   həm də dönüb “erməni” olanlara) aid etmələridir. Erməni millətçiləri, irqçiləri və terrorçuları olan daşnakların gizli planlarında  “…müstəqil “Böyük Ermənistan”ın sınırları “Türkiyə Ermənistanı” və Qafqazdan başqa, Rusiya Türküstanının və İranın bir hissəsini də içərisinə alırmış” kimi tarixi-siyasi-ideoloji altyapıları da belə anlaşılır ki səmimi – ya qeyri-səmimi gürcü alimlərinin də yuxarıda təqdim etdiyimiz dəlil və qənaətlərinə dayanır. Yəni Orta Asiya və Urartuda, Qafqazda “ermən” boyadına aid yararlı nə varsa “hay”ların adına çıxarıldıqda, avtomatik olaraq  bütün “ermən” boyadının dövr etdiyi coğrafiyalara da “hay” iştahası yetərək bu saxta çıxış nöqtəsindən “Böyük Hayastan” kabusunun konturları cızılır. O səbəbdən də (türkləri hər yerdə özlərinə düşmən çıxarmaqlarından başqa) daşnakların Türküstan Muxtariyyətinin boğulmasında və yerli türkləri bolşevik mundirində soyqırıma, etnik təmizləməyə, təcavüz və başqa alçaldıcı aktlara uğradılmasında erməni adını və kimliyini, etnik bioqrafiyasını  mənimsəmiz hayların əsl maraqlarının ciddi səbəbləri ortaya çıxır.

Onu da düşünməyə dəyər ki, görəsən erməni mənşəli aşağıdakı şəxslərin istər qərbyönümlü hökumətlərdə (Zakaspi Müvəqqəti Hökümətinin timsalında), istər də rus-bolşevik rejimləri dönəmində Türküstanda (Orta Asiya ellərində çox cüzi ermənisoylu elektorata rəğmən) rəhbər vəzifələrə gətirilmələri necə – “Böyük Ermənistan” iddialarından vaz keçmədiklərinə, özlərini ermənipərəst Qərb və Moskva vasitəsilə bu vəzifələrə təyin etdirməklə gələcəkdə o gizlin iddialarına zəmin yaratmaqda israrlı olduqlarına dəlalət  etmirmi?! Ermənilərin yaxın tarixdə Türküstanda hansı önəmli vəzifələr daşımış olduqlarına dair (yuxarıda adı keçənlərə əlavə olaraq) aşağıdakı natamam siyahıya diqqət yetirək:

Mikirtiçev – Qərbyönümlü Zakaspi Hökumətinin nazirlərindən biri, general Lazarev– Zakaspi Hökumətinin müdafiə naziri; Levon Mirzoyan – Azərbaycan Kommunist Partiyasının və Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi (müvafiq olaraq, 1925-1929-cu və 1933-1938-ci illərdə), Amayak Kobulov  – Özbəkistan Dövlət Təhlükəsizlik komissarı (naziri), sonra Özbəkistan Daxili İşlər Xalq Komissarı, Derenik Apresyan – Özbəkistan Daxili İşlər Xalq komissarı, Suren Şadunts – Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1934-1936), Qriqori Arutinov (Harutyunyan) – Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi…

Görəsən nədən bir türk, gürcü, tacik Ermənistanda  rəhbər vəzifələrə təyin edilə bilmirdi, ancaq ermənilər heç bir sosial bazası olmadığı halda yuxarıda adı keçən respublikalarda 1-ci şəxs və ya çox yüksək, önəmli görəvlərə təyin edilirdilər?..

Unutmayaq ki, vaxtilə erməniləri, özəlliklə də Qafqazda, aşırı dərəcədə himayə etdikdən sonra çox ciddi fəsadlarla üzləşən çar Rusiyası 1883-cü ildə özü də bir müddət ermənilərin mühüm vəzifələrə təyin edilməsini yasaqlamışdı. Ermənilərə etimadın 1918-ci il Qafqaz dərslərindən ibrət götürməyi tövsiyə edən N.Nərimanovun İ.Stalinə yazdığı (iyun 1923 –27 may 1924-cü il tarixli) gizli məktubunda da bənzər təklif yer almaqdadır.

Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayevin açıqlamasına görə, Levon Mirzoyanın Qazaxıstana rəhbər təyin olunduğu 1920-1930 ci illərdə ölkə əhalisinin 40%-i administrativ üsullarla aclığa məruz qoyularaq  məhv edilmişdir ki, hal-hazırda qazaxlar bu hadisəni soyqırımı kimi qiymətləndirməyi müzakirə edirlər.

Qeyd: Türkiyənin ünlü dövlət xadimi və bir sıra sənədli kitablar müəllifi Kazım Qarabəkir paşanın araşdırmalarına görə, ABŞ-ın Kaliforniya Ştatında yaşayan erməni professor Minasyan və onun bəzi həmfikir soydaşları 1930-cu illərdə, Türkiyə əleyhinə köklənmiş erməni dairələri suçlayaraq, onları türk dövlətinə qarşı münasibət kurslarını dəyişməyə çağırmış, hətta bu çağırışlarını ermənilərin türk mənşəli olmaqları ilə əsaslandırmışlar… Minasyanın ABŞ-da nəşr olunan ermənidilli, müstəqil “Mişak” qəzetində işıq üzü görmüş “Biz türkük” məqaləsi sonra, Türkiyədə erməni dilində dərc olunan “Jamanak” qəzetinin 09.11.1932 tarixli sayında təkrar çap edilmişdi.

Erməni professor Minasyanın bu nəticəyə gəlməsində hansı amillər rol oynamışdı? Məncə bu suala aydınlıq gətirməyə çalışarkən əsasən aşağıdakı amillərə diqqət yetirilməlidir:

1.“Hay” və “ermən” (ermen, armen, arman) boyadlarının dolaşıq salınması;

2.Tarixi miqrasiya prosesləri gedişatında Urartu bölgəsində və Qafqaz Albaniyasında bu etnosların qismən qarışması. Bu proseslərdə hayların ermən  və alban türk boylarından mədəni  və dini irsi mənimsəyərək, bir çox hallarda “özününküləşdirməsi”… Bu proseslərə bir etnik kimliklə (hay) daxil olan etnosun, sonda iki etnik kimlik (hay və erməni) daşımasının yaratdığı fəsadlar…

Ancaq rəsmi elmi qənaətlər haylarla türklərin ayrı-ayrı irqi başlanğıclara malik olduqlarını təsdiq edir. Antropoloji səciyyələrinə görə, hay irqi balkan-qafqaz irqinin ön asiya variantından ibarətdir, Anadolu türkləri isə əsasən aralıq dənizi irqinə mənsubdurlar…

MAHAÇQALADA SOYQIRIMI AKTINA DAİR

23-24 mart 1918-ci il. Petrovsk (Mahaçqala). Xüsusilə mühüm işlər üzrə müstəntiq Komarovskinin məruzəsinə görə, Bakıdan qaçqın düşən müsəlmanların bir hissəsi (850 nəfər) erməni saqqallılarından qurtararaq “Poseydon” paroxodu ilə Petrovska (Mahaçqalaya) çatdı. Ancaq “Kornilov” paroxodunda baş vermiş yanğınla bağlı onlar üç gün reyddə (reyd– burada: dəniz sahili yaxınlığında limanın girəcəyində gəmilərin dayanması üçün külək tutmayan yer– X.İ.) gözləməli olmuşdular. 4-cü gün qoca, qadın və uşaqları “Evelina” paroxodu ilə geriyə-Bakıya qaytardılar. Yerdə qalan 18-45 yaşlarında 750 nəfərin Mahaçqalada yerləşdiyindən xəbər tutan Şaumyanın göstərişi ilə Stepan Lalayan öz bandası ilə oraya hərəkətə keçdi. Lalayan dəstəsi ilə ora çatdıqdan sonra müsəlmanları 10-15 nəfərlik qruplarla qazamatda və yaxud şəhər kənarında ağaclıqlarda min bir əzab və hoqqa ilə öldürmüşdür. Şahid ifadələrinə görə, 8-10 nəfəri bir-birinə bağlayaraq kimin tüfənginin daha çox adam vuracağı barədə mərcləşirdilər. Başqa müsəlmanları isə əl-ələ zəncirlə bir-birinə bağlayıb, kənardakılardan başlayaraq bir-bir başlarına, qarın və sinələrinə zərbələr endirərək öldürdülər. Bəzilərini isə üz-üzə bağlayır və çalışırdılar ki, bir qılınc zərbəsilə onların başlarını üzsünlər.

Beləliklə həmin gün Lalayevin bandası tərəfindən 535 nəfər qətlə yetirildi. İnsanların tükürpədici dərəcədə eybəcərləşdirilmiş meyitləri hər yanda tökülüb qalmışdı – kəllələri doğranmış, əl-ayaqları kəsilib-atılmışdı. Şahidlər bildirdilər ki, daha betər eybəcərləşdirilmiş meyitlər erməni terrorçu “elitası” «Daşnaksütyun”un tüğyan etdiyi qazamatda, xüsusi otaqda “tapılmışdı.”

Şahidlərin məlumatlarına görə, erməni terrorçuları öldürdükləri uşaqların kəlləsinə paya keçirib şəhərdə qələbə əhvalı ilə gəzirdilər. Öldürülənlər və yaralananlar içərisində azərbaycanlılar, ləzgilər, türkmənlər, kürdlər, yəhudilər və gürcülər vardı.

QAFQAZ ALMANLARININ SOYQIRIMI VƏ DEPORTASIYASI

Erməni millətçilərinin ötən əsrin əvvəlində indiki Xanlar (Göygöl) rayonu ərazisində yaşamış almanlara qarşı həyata keçirdikləri qanlı cinayətlər də indiyədək geniş ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub.  Effektiv Təşəbbüslər Mərkəzinin Xanlar şəhərində təşkil etdiyi elmi-praktik konfrans həmin tarixi gizlinlərin aşkara çıxarılması yönündə mühüm hadisə sayıla bilər.

Xanlar (Göygöl) rayonundan millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin «Hüquq siyasəti və dövlət quruculuğu» daimi komissiyası sədrinin müavini Rövşən Rzayevin təşəbbüsü ilə keçirilən konfransda Azərbaycanın tarixçi alimləri ilə yanaşı, Bonn Universitetinin professoru, Qafqaz almanlarının tarixinin tədqiqatçısı xanım Eva Mariya Auxun başçılıq etdiyi alman nümayəndə heyəti də iştirak edirdi. Qonaqlar arasında XIX əsrin əvvəlində Azərbaycana gəlmiş alman kolonistlərinin (koloniya – burada: başqa bir ölkədə əcnəbilərin yaşadığı yer, məhəllə; kolonist koloniyada yaşayan –X.İ.) tanınmış nəsillərindən birinin – Forerlər ailəsinin nümayəndəsi Tomas Forer də yer almışdı. İki əsr öncə bu torpaqlara pənah gətirmiş əcdadlarının azərbaycanlılarla dostluq içində yaşadıqlarını nəzərə çatdıran T.Forer alman kolonistlərinin indiki nəslinin də Azərbaycana ən səmimi hisslər bəslədiyini bildirdi.

Xatırladaq ki, almanların Rusiya imperiyasının əyalətlərinə köçü hələ XVIII əsrin əvvəlində I Pyotrun təşəbbüsü ilə başlanmışdı. Ondan sonra II Yekaterinanın çarlığı dövründə bu proses davam etmişdi. XIX əvvəlində imperator I Aleksandr (o, Baden şahzadəsi Yelizavetaya evlənmiş, bacısı Yekaterinanı isə Vürtemberq kralı Fridrix Vilhelmə ərə vermişdi) alman koloniyalarının təşviqini daha da genişləndirdi. 1816-1817-ci illərdən başlayaraq Avropada Napoleon müharibələrindən yoxsul vəziyyətə düşmüş minlərlə alman Qafqaza, o cümlədən Azərbaycana köç etməyə başladı. 1819-cu ildə Vürttemberq krallığından olan ilk alman koloniyası Gəncə yaxınlığına gəlib çıxmış və burada Helenendorf (sonra–Xanlar, indi– Göygöl adlanır –X.İ.) yaşayış məntəqəsinin əsasını qoymuşdular.

Təxminən eyni vaxtda Rusiya imperiyası cənubda Osmanlı və İranla müharibələr aparırdı və onların nəticəsi olaraq Azərbaycana, o cümlədən Gəncəbasar bölgəsinə ermənilərin də köçürülməsi başlanmışdı. Lakin, alman kolonistlərindən fərqli olaraq, ermənilər bu torpaqlara mənfur niyyət və istilaçılıq arzusu ilə gəlmişdilər. Onlar çox tezliklə təkcə azərbaycanlılara deyil, alman icmasına da qarşı düşmənçilik hissini büruzə verməyə başlamışdılar. Ymumilikdə, almanların Xanlardakı 122 illik tarixinin bütün mərhələləri ermənilərin bu xalqa qarşı fitnəkarlıq əməlləri ilə zəngindir və tarix elmləri doktoru, professor Abbas Seyidov konfransdakı məruzəsində bu barədə konkret faktları diqqətə çatdırdı.

  (Ardı var)