Ermənilər təxribata əl atdı, Abdullayevdən CAVAB GƏLDİ

318

UNESKO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyası başa çatıb.

Azərbaycanın sədr müavini olduğu Hökumətlərarası Komitənin 14-cü sessiyasında Mədəniyyət Nazirliyinin və UNESKO yanında Daimi Nümayəndəliyimizin nümayəndələri iştirak ediblər.

Sessiya çərçivəsində kreativ sənayeyə dair 18 bənd üzrə müzakirələr aparılıb və onlara uyğun müvafiq qərarlar qəbul olunub. UNESKO yanında Daimi Nümayəndəliyimizin əməkdaşlarının müzakirələr zamanı qərar layihələri ilə bağlı irəli sürdüyü təklifləri təqdir olunaraq, yekdilliklə qəbul edilib.

Sessiyanın gündəliyinin əsas məsələlərindən olan tərəflərin ölkələrində Konvensiyanın həyata keçirilməsini əks etdirən dördillik periodik hesabatlarla bağlı dinləmələrdə Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək, Ermənistanın 2020-ci il hesabatına iradlarını bildirib və ermənilərin növbəti təxribatçı cəhdinə etirazını ifadə edib.

Diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ regionuna istinad edərək, uydurma marionet rejimin adını hallandırması Ermənistanın 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli sülh bəyanatına ziddir. Ermənistan tərəfi bununla Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa, Azərbaycan xalqının hüquqlarını və qanuni mənafelərini təhdid etməyə cəhd göstərir.

UNESKO-nun siyasiləşdirilməsinin yolverilməzliyini xüsusi qeyd edən səfir E.Abdullayev, bu regionun adının Qarabağ olduğunu və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını, 44 günlük müharibədən sonra Azərbaycanın ərazilərini 30 illik işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini və münaqişənin artıq olmadığını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Səfir çıxışında vurğulayıb ki, Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Şuşa gələcəkdə bütöv regionun mədəniyyət paytaxtı olacaq.

Daimi Nümayəndəliyin rəhbəri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edilmiş ərazilərimizdə artıq quruculuq işləri başlayıb. Quruculuq işlərinə cəlb olunmuş yerli və xarici şirkətlərlə birlikdə “ağıllı şəhər” və “ağıllı kənd” quruculuğu istiqamətində layihələrə start verilib.

Sessiya çərçivəsində Mədəniyyət Nazirliyinin, eləcə də Daimi Nümayəndəliyin əməkdaşları müxtəlif qərar layihələrinin müzakirəsində fəal iştirak edərək, “Kreativ Azərbaycan” portalı, ResiliArt Hərəkatı, kreativ layihələr, kreativ sektorda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının iştirakı kimi məsələlərə dair ölkəmizdə həyata keçirilimiş layihələrdən söz açaraq, ölkəmizin mövqeyini təqdim ediblər.

Hökumətlərarası Komitənin 14-cü sessiyasında növbəti 15-ci sessiyanın 2022-ci il fevralın 8-dən 11-dək keçiriləcəyi qərara alınıb. \\Kulis.az