Ermənilər müharibə cinayətlərini davam etdirir

183

Düşmən mina xəritələrim gizlətdiyi üçün də beynəlxalq məhkəmədə cavab verəcək

İşğalçıları torpaqlarımızdan qovub, Qarabağı azad etdikdən sonra da ermənilərin müharibə cinayətləri davam edir. Düşmənin basdırdığı minalar Azərbaycan vətəndaşlarının həyatına təhlükələr törədir, can alır.

İşğaldan sonrakı dövrün ağır mirasları sırasında yerlə bir edilmiş yaşayış məntəqələrimiz, tarixi-mədəniyyət abidələrimiz var. Üstəlik, müharibəni hər gün yenidən yaşadan, yaddaşlara gətirən minalar da işğaldan azad edilən tarixi torpaqlarımızda bizləri gözləyir.

Bu baxımdan təhlükəsizliyin təmin edilməsi, minaların tam olaraq zərərsizləşdirilməsi üçün müharibə bitəndən dərhal sonra tədbirlər görülməyə başlayıb. Bununla belə, bu günə qədər 50-dən artıq hərbçi və mülki şəxs işğaldan azad edilmiş ərazilərdə minaların qurbanı olub.

Prezident İlham Əliyev ötən həftə Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edərkən azad edilmiş torpaqların minalardan təmizlənməsi işinin birinci dərəcəli vəzifə olduğunu vurğulayıb.

Sitat: “Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin.

Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”.

Bundan başqa, Prezident Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana vermədiyini açıqlayıb. Bu, əslində müharibə cinayətlərinin bilərəkdən davam etdirilməsidir.

Mina təhlükəsi ilə bağlı aparılan maarifləndirmə işlərinə baxmayaraq azad edilmiş torpaqlarda ölüm halları qeydə alınmaqda davam edir.

Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, ile ilgili görsel sonucu

Son belə hadisə 3 gün əvvəl baş verib. Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib. Aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106″ markalı, Az 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşməsi müəyyən olunub. Qeyd olunur ki, hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib, digər iki nəfərin axtarışları isə davam etdirilir.

Bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevralın 4-də Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da, polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O. Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Ş. Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin - “ANAMA” cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar ile ilgili görsel sonucu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin – “ANAMA” cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə yaydığı son məlumata görə, Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən – 13 (on üç) müraciət daxil olub. Daxil olmuş 13 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina,  2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 483 931 kv.m (1 448 ha) ərazi yoxlanılmış, 119 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 296 tikili yoxlanılıb. Agentliyin partlayış qrupu tərəfindən 231 ədəd partlamamış hərbi sursat (PHS) və 421 ədəd mina zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bu arada Türkiyə Azərbaycana 20 ədəd mexaniki mina təmizləyən maşın göndərib.

20 MEMATT ile ilgili görsel sonucu

Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki mina təmizləyən maşın) Azərbaycana çatdırılıb. Bütün görülən tədbirlər tez bir zamanda işğaldan azad edilmiş torpaqların müharibənin öldürücü qalıqlarından olan minaların təmizlənməsinə xidmət edir.

Azərbaycan bütün imkanlarını səfərbər edərək, Qarabağı minalardan da təmizləyəcək. Eyni zamanda Ermənistan növbəti müharibə cinayətinə görə də cavab verəcək.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”