“Ermənilər məni “Azərbaycan canavarı” kimi tanımışdılar…”

15

Raul İsaqlı: “Rusqafalı məmurlarımız nə atama, nə də mənə hörmətlə yanaşmayıblar”

“İcra Hakimiyyətində mənə dedilər ki, səni müharibəyə biz göndərməmişik, Səfərbərlik İdarəsindən, “ASAN xidmət”dən iş istə

İmişli rayonu, Camələddin Nəsirov küçəsi, 2 saylı evdə yaşayan II Qarabağ Müharibəsinin qazisi İsaqlı Raul Zahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

29 Sentyabr 2020-ci ildə könüllü olaraq II Qarabağ Müharibəsində döyüşmüş, 31 dekabr 2020-ci ildə evə qayıtmışam. Çirkli formamı ilk dəfə yalnız qayıdanda evimizdə yumuşam, orada vaxt olmayıb. Ermənilər məni “Azərbaycan canavarı” kimi tanımışdılar. Atam Zahid isə I Qarabağ Müharibəsində iki il səkkiz ay tankçı olub. Atamın tankını atla dəyişib, erməniləri iti qovan kimi qovduq.

Rusqafalı məmurlarımız nə atama, nə də mənə hörmətlə yanaşmayıblar. Atam hara şikayət etsə də, onu müharibə qazisi kimi tanımadılar, veteran statusu vermədilər. I Qarabağ Müharibəsində iştirak etməyən, saxta veteran, əlillik alan şəxslərə ev verilməsini görən atam Zahid xəstə düşdü. 2 dəfə ürəyindən cərrahiyyə əməliyyatı olundu. Əlilliyi də cərrahiyyə əməliyyatı olunduğu üçün verildi.

6 nəfər ailə üzvümüz atam Zahidin pensiyası ilə dolanır. İmişli rayon İcra Hakimiyyətində bircə başçının qəbulunda olmadım, qalan rəhbər şəxslərdən iş istədim. “Səni müharibəyə biz göndərməmişik, Səfərbərlik İdarəsindən, “ASAN xidmət”dən iş istə”, – dedilər. Belə çıxır ki, şəhid olmalı imişəm, məmurlar sifətlərinə saxta qəmginlik ifadəsi verib, bir az kədərlənməli, atama başsağlığı verməli, aşxama isə məhşur kafedə yeyib-içməli imişlər.

Siz deyirsiniz ki,məmurlar xalqın xidmətçisidir. Əksini gördüm. Nə qazi sayırlar, nə şəhid ailəsini. Deyirlər “Yaşat” fondu yardım paylayır, biz görmədik. İnternetdə şəhid ailələrinin ƏƏSMN naziri Sahil Babayevi qınadıqlarını gördüm, kövrəldim. Qardaşım İsaqın üç nəfərlik ailəsinə ƏƏSMN sosial yardım vermədi, nə də iş vermədilər.

Güllə səsi eşitməyənə, saxta “veterana” özlərini qorumaq üçün hər şərait yaradanlar rusun adamlarıdır. Biz qazilər şəhidlərimizin, torpaqlarımızın, qayalarımızın da qisasını 200 il at oynadan ermənilərdən aldıq. Şəhidlərimizin qisasını aldıq. Məmur-oliqarx balaları isə heç vaxt müharibə görmədi, güllə səsi eşitməsələr də vəzifələrdə oturublar. Səfərbərlik idarəsi məmurların övladlarını himayə etdi.

Vətəni sevmək imandandır, bu məmurlar isə əsl qaziləri sevə bilməzdi. İranda döyüşçüyə ali təhsil verdirib, vəzifələrə qoydururlar ki, indi də qanunları qorusun. Məmurlarımız isə qazini mühacirətə vadar edir, çıxış yolu qoymurlar. Ümidvaram ki, şikayətim araşdırılacaq.

Odur ki, şikayətimi nəzərə alıb, araşdırılmasına göstəriş verməyinizi Ali Baş Komandanım kimi Sizdən xahiş edirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.