Erməni katolikosu Rusiya paytaxtına teleqram vurub –KÖHNƏ QƏZETLƏRİ VƏRƏQLƏYƏRKƏN

201

Əziz Rzazadə

“Strateq”, 06.02.2021

 

Bir neçə gündür ki, XX əsrin əvvəllərində nəşr olunmuş çar Rusiyası qəzetlərini vərəqləyirəm. İmperiyanın bütün künc-bucaları arasında Qafqazda baş verən hadisələr barədə məlumatlar marağımın əsas hədəfidir. Qərara gəldim ki, seçmələri “Strateq” oxucuları ilə paylaşım.

 

“Telefon”

1 yanvar 1907

BAKI. Neft sənayeçilərinin qurultayı istehsal sahəsində içki müəssisələrini bağlamaq üçün vəsatət qaldırmaq qərarı verib. Ərizə fəhlə nümayəndələri tərəfindən xüsusilə dəstəklənib. <…>

 

“Novoye Vremya”

2 yanvar 1907

TİFLİS. Qars bölgəsindəki Xoroşi kəndinin sakinləri Tomsk vilayətinə köçməyə qərar verib, evlərini və avadanlıqlarını satmağa başlayıblar… Əgər Qafqazın vəziyyəti dəyişməz qalarsa, Zaqafqaziyanın rus əhalisi Xoroşi sakinlərindən nümunə götürməli olacaq.

 

“Russkoye Slovo”

4 yanvar 1907

VLADİKAVKAZ. Burada yaşayan müsəlmanlar Tehrandakı Məclisə bir teleqram göndərərək İran hökumətindən Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının İrana nəqlini qadağan edən əmrinin ləğvini xahiş ediblər.

 

“Russkoye Slovo”

11 yanvar 1907

TİFLİS. Burada Rusiyada ilk olan müsəlman klubu açılır. Təsisçilər müsəlman qadınları kluba qəbul etməyə qərar veriblər.

BAKI. Dünən bir neçə silahlı şəxs Takuntsevin mağazasına girib və havaya 2 dəfə atəş açaraq kassirdən nağd pul tələb ediblər. Atəş səsinə hadisə yerinə patrul gəlib. Qarətçilər pul almadan, atəş aça-aça aradan çıxıblar.

Günün günorta çağı casuslar Şuşkalov və Turinenko şəhərin mərkəzində öldürülüb.

 

“Novoye Vremya”

13 yanvar 1907

BAKI. Müsəlman partiyaları arasındakı mübarizə nəticəsində şəhər vahiməli anlar yaşayır. Hər gün küçələrdə atəş səsi eşidilir, şəhər rəhbərliyi bunun qarşısını almaq gücündə deyil. Döyüşən tərəflərdən əlavə, təsadüfən yoldan keçənlər də tez-tez atəş qurbanına çevrilirlər. Dünən şəhərin mərkəzində belə bir atışmada 2 müsəlman yaralanıb və yoldan keçən 1 nəfər öldürülüb.

BAKI. Dünən şəhərdəki kitab mağazalarında və dəmir yolu vağzalında axtarışlar aparılıb. Bir çox broşura, Marks və keçmiş Dövlət Duması üzvlərinin portretləri müsadirə edilib.

 

“Russki Qolos”

19 yanvar  1907

BAKI. Qradonaçalnik müsəlman partiyaları arasındakı düşmənçiliyi sona çatdırmaq üçün qəti tədbirlər görür. Nüfuzlu müsəlman partiyasının başçısı Teymur bəy Əmirbəyov dünən həbs edilib.

 

“Russkoye Slovo”

26 yanvar 1907

BAKI. Katib Plexanov soyadı ucbatından Duma üzrə seçici siyahılarından çıxarılıb.

 

“Qolos Moskvı”

7 fevral 1907

BAKI. Dünən günortadan sonra 4 qarətçi kassir Melnikova hücum edib, onun tapançasını götürüb, 3000 rublu əlindən alaraq qaçmağa tələsib, amma polislə qarşılaşıb. Atışmada ayağından yaralanan 1 qarətçi saxlanılıb. Digərləri pulu götürərək qaçıblar.

 

“Telefon”

7 fevral 1907

BAKI. Şəhərdəki Dumaya seçkilər keçirilib. İş adamı, orta təhsilli, 40 yaşlı, sağçı “kadet” İsmayıl Tağıyev seçilib.

 

“Novoye Vremya”

14 fevral 1907

NAXÇIVAN. Mixmamuda erməni kəndində 2 siyasi partiyanın qanlı toqquşması baş verib: “hnçak”çılar və Daşnaksütyun. “Hnçak”çıların başçısı öldürülüb, digəri yüngül yaralanıb, həmçinin, 1 daşnak yaralanıb. Yaralı “hnçak”çı həbs olunub.

 

“Russkoye Slovo”

24 may 1907

BAKI. İrandan “İmperatriçə” gəmisində fövqəladə səfir Xan Müşürül-Mülk gəlib. O, Peterburqa gedir. Sahil körpüsü və küçələr bəzədilib.

 

“Russkoye Slovo”

26 may 1907

TİFLİS. Bütün ermənilərin katolikosu İmperatora teleqram göndərib: “İcazə verin, mən, qədim Haykan Kilsəsinin yaşlı rəhbəri, əzəmətinizin müqəddəs şəxsinə sui-qəsd planının vaxtlı-vaxtında aşkarlanmasına hamının, o cümlədən mənim və icmamın yaşadığı böyük sevinci sədaqətlə dilə gətirim.

Tanrı bütün sadiq təbəələrin xoşbəxtliyini qorusun.

Mkrtıç, bütün ermənilərin katolikosu”.

 

“Telefon”

5 iyun 1907

BAKI. Bu gün günorta saatlarında şəhərin mərkəzində, Birjevaya küçəsində, kassirə hücum zamanı, atışmada təsadüfən yaxınlıqdan keçən atlı polis və şərab anbarının işçisi öldürülüb. Təcavüzkarlardan biri saxlanılıb.

 

“Russkoye Slovo”

21 iyul 1907

BAKI. Lənkəran bölgəsindən xəbər verilib ki, leytenant Məmmədbəyovun komandanlığı altında Salyan alayının əlahiddə dəstəsi dağlıq ərazidə qarət olunmuş əmlakla İrana dönən 40 nəfərlik iranlı quldur bandasını təqib edib. 1 soyğunçu öldürülüb, üçü yaralanıb. 4 at və bəzi şeylər geri alınıb.