“ERMƏNİ ƏSGƏRLƏRİ MİLÇƏK KİMİ QIRILMAĞA BAŞLADI…” – “Le Figaro” + VİDEO

273

“Bahalı olmayan və effektiv pilotsuz uçan aparatlar müharibənin aparılmasının yeni erasını açır. Türkiyə bu tip müharibələrin ustasına çevrilib və o, özünü Dağlıq Qarabağda da sübut etdi. Lakin bu yeni müharibələr özündə bir çox təhlükələri də gizlədir”,-Fransanın “Le Figaro” qəzetinin 44 günlük Qarabağ müharibəsində pilotsuz uçan aparatların rolundan bəhs edən məqaləsində belə deyilir.

Qəzet yazır ki, Türkiyə son illərdə məhz dronların sayəsində Suriyada, Liviyada və İraqın şimalında hərbi əməliyyatların gedişini öz xeyrinə dəyişdirə bilib. Qarabağ müharibəsində isə Türkiyənin təchiz etdiyi döyüş pilotsuz aparatları Ermənistan ordusunun məğlub edilməsində əhəmiyyətli rol oynayıb.

“Hərçənd müharibənin əvvəllərində Dağlıq Qarabağdakı erməni hərbi qüvvələri özlərini xeyli arxayın hiss edirdisə cəmi bir neçə gün sonra onları panik qorxu bürüdü, bu da əsasən havadan irəli gələn təhlükə ilə bağlı idi. Onların artilleriyası və tankları ağacların altında maskalanmışdı, komanda məntəqələri yüksəkliklərdə, təpələrdə möhkəmləndirilmiş bunkerlərdə yerləşirdi, ərazi boyu isə onların uzun və dərin tranşeyləri uzanırdı. Hər şey hərb ənənələrinə uyğun edilmişdi, amma belə strategiya intihara bərabər oldu. Ermənilərin mövqeləri havadan asanlıqla aşkar edilirdi və zərbə pilotsuz aparatları üçün asan hədəfə çevrilirdi. Ermənilər bu hücumlar qarşısında aciz qaldılar və milçək kimi qırılmağa başladılar”,-qəzet yazır.

 

 

“Le Figaro” Qarabağ müharibəsini və Azərbaycan ordusunun müharibə strategiyasını nəzərə alaraq yazır ki, bu gün kim müharibədə qalib olmaq istəyirsə əvvəllər aparılan müharibələrdən imtina etməlidir. “Hərbi təyinatlı pilotsuz təyyarələr artıq 20 ildir istifadə olunur, amma onlar ilk dəfə Dağlıq Qarabağda bütün münaqişənin gedişinə təsir göstərdilər. Qafqaz müasir müharibə arenasına çevrildi və sanki ondan xəbər verdi ki, gələcəkdə müharibələr necə aparılacaq. Ona görə də dünyada dronlara müraciət edənlərin sayı getdikcə artır”,-məqalədə bildirilir.

“Le Figaro” qeyd edir ki, PUA-lar təkcə kəşfiyyat və məhvetmə vasitəsi deyil, onlar artilleriya atəşlərini, tankları və piyadaları nizamlamaq üçün də tətbiq edilir. Bundan əlavə PUA-lar düşmənin hava müdafiəsini və rabitəsini də korlayır. Hazırda döyüş pilotsuz aparatlarının 40-dan çox növü var. Onlara raketlər və ya bombalar atan döyüş dronlarından tutmuş hədəfə çatanda ona çırpılıb məhv edən kamikadze-dronlar da daxildir. Sonuncuları əsasən İsrail istehsal edir.

“Dronlar effektivdir və bahalı deyil. Birləşmiş Ştatlar onları illərlə “Əl-Qaidə” və digər terrorçu qruplaşmalara qarşı istifadə edib. Bu gün isə dronlar müharibələrin aparılması üçün ideal şəkildə işə yarayır və başqa silah sistemləri ilə uzlaşır”,-Niderlandda mənzillənən “Rax” beynəlxalq sülhməramlı təşkilatından Vim Tsveynenburq deyir.

Məqalədə belə narahatlıq ifadə olunur ki, döyüş dronları sürətlə yayıldığı üçün gələcəkdə onlar qara bazarlarda da peyda ola, qeyri-leqal silahlı birləşmələrin əlinə keçə bilər.

“Le Figaro” uzun illər ərzində dron istehsalçılarının və ixracatçılarının ABŞ, Çin və İsrail olduqlarını qeyd edir. Bildirir ki, bu gün onların sırasına Türkiyə də qoşulub. Vaşinqton Ankaraya pilotsuz təyyarələr satmaqdan imtina edəndən sonra Türkiyə öz hərbi sənayesini inkişaf etdirib, 2014-cü ildə Türkiyənin “Bayraktar TB2” döyüş dronu ilk uçuşunu həyata keçirib. Sonradan Türkiyənin pilotsuz aviasiya parkının mərkəzi elementinə çevrilib. Bu il isə yeni, daha güclü variantı meydana çıxıb. İndi Türkiyənin pilotsuz aviasiya parkının flaqmanı “Bayraktar Akıncı”dır. Onlar daha çox idarəolunan raketlər və bombalar daşıya bilir.

“Türkiyə ordusu özünün yeni hərbi strategiyasını bir çox beynəlxalq əməliyyatlarda möhkəmləndirə bilib. Ötən ilin fevralında və martında Ankara Suriyanın İdlib əyalətində öz hərbi gücünü ortaya qoyub. Həmin vaxt Əsəd rejiminin qırıcıları aviazərbə ilə 36 Türkiyə hərbçisini öldürdü. Türkiyənin cavabı ləngimədi. Bir həftə ərzində Suriya ordusunun 100-dən çox döyüş maşını məhv edildi və 3 minə qədər hərbçisi öldürüldü. Bu ölümsaçan irimiqyaslı əməliyyat ancaq pilotsuz aviasiyanın, artilleriyanın və qırıcıların kombinasiyası sayəsində mümkün oldu”,-Fransa nəşri yazır.