Elektrik enerjisinin qiyməti də artırıla bilər

540

“Azərenerji”nin “zərəri” qiymətlərin qaldırılmasına gətirib çıxaracaq?

İqtisadçı Pərviz Heydərov: ““Azərenerji”nin fəaliyyətindəki çatışmamazlıqlar şirkətin işinin düzgün qurulmamasından, qeyri-şəffaflıqdan və s. kimi amillərdən irəli gəlir”

Əhaliyə satılan suyun qiymətinin qaldırılmasından qopmuş “qəzəb və təəssüf tozanağı” sakitləşməmiş, saytlarda ““Azərenerji” ASC 2019-cu ili 228,998 milyon manat zərərlə başa vurub” sərlövhəli xəbər peyda oldu. Bu, 2018-ci ilə nisbətən 24,7% azdır. Bununla belə, iddia olunur ki, hesabat dövründə qurumun yığılmış zərəri 8,9% artaraq 2 541,548 milyon manata çatıb. Halbuki, ölkənin enerji təchizatı bazası heç də zəif deyil, əksinə nəinki daxili təlabat ödənilir, hətta başqa ölkələrə ixrac da edilir. İlk öncə ölkənin enerji insfrastrukturunu təşkil edən qurumlara diqqət edək.

“Azərenerji” ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda səhmdar cəmiyyətin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; “Mingəçevir”, “Şəmkir”, “Yenikənd”, “Füzuli”, “Taxtakörpü”, “Şəmkirçay” və “Varvara” daxil olmaqla 7 ədəd su elektrik stansiyası (SES), “Göyçay”, “İsmayıllı-1”, “İsmayıllı-2”, “Balakən-1” və “Qusar” da daxil olmaqla 5 ədəd kiçik su elektrik stansiyası, ”Azərbaycan”, “Cənub”, “Sumqayıt”, “Şimal”, “Səngəçal”, “Bakı İEM”, “Bakı”, “Şahdağ”, “Astara” , “Şəki” və “Xaçmaz” da daxil olmaqla, 11 istilik elektrik stansiyası (İES) daxildir. Naxçıvan Muxtar Respublikası ərazisində “Naxçıvan” istilik elektrik stansiyası, “Naxçıvan” qaz-turbin elektrik stansiyası, “Araz”, “Arpaçay-1”, “Arpaçay-2”, “Vayxır”, “Biləv” su elektrik stansiyaları və “Naxçıvan” günəş elektrik stansiyası mövcuddur. Yaxın bir neçə il ərzində yeni-yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır.

Elelktrik enerjisi təchizatı sahəsinin müqayisəsi üçün Gürcüstanı misal gətirək. Qonşu ölkənin enerji sistemi Gürcüstanın dövlət elektrosistemi ASC-yə məxsusdur. Ölkənin enerji ilə təchizatına gözətimi isə Milli Nəzarət Mərkəzi gerçəkləşdirir. Nəzarət paketi 100 % dövlətə məxsus – Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru aksioner cəmiyyəti – enerji sektoru qurumları ilə enerji təchizatını təmin edən təşkilatlar arasında disiplinar münasibətləri həyata keçirir. Bütün yeni su elektrik stansiyalarına tarif məhdudiyyəti yoxdur, investora bazar seçimində və qiymət şərtlərində seçim azadlığı verilir. Elektrik xətlərinə qoşulma pulsuzdur. Kənar kompaniyaların elektrik şəbəkəsinə qoşulmasında heç bir məhdudiyyət yoxdur. Elektrik enerjisi ixracatını həyata keçirərkən lisenziya tələb olunmur, tarif məhdudiyyəti yoxdur. Hökumət yeni stansiyaların tikinti təklifləri üçün yeni tələbləri təsdiqlədi və ümumi daxili istehlakın istehsal həcminin 20% -ni almağa dair müqavilələr təklif edir. İstehsalçılar karbon kvotaları ticarətindən qazanırlar. Enerji istehsalı və ixracından ƏDV tutulmur. Bununla yanaşı bazarda 3 özəl şirkət enerji təchizatını həyata keçirir: Telasi, Enero-Pro Qruziya, Kaxeti Distribyuşn.

Qayıdaq ölkəmizə. Azərbaycanın müzakirə etdiyimiz sferada mövcud potensialı heç də zəif deyil. Ən azından “zərərlə işlədiyinə görə əhaliyə verilən elektrik enerjisinin qiymətini qaldıracaq qədər”. Əksinə, Azərbaycan enerji təhlükəsizliyini tam təmin etməyə nail olmuş ölkədir.

Burada bir haşiyə çıxaraq deyək ki, gələcəkdə neft-qaz hasilatını artırmaq üçün Şəfəq-Asiman, Babək, Abşeron, Ümid, Qarabağ və digər bəzi perspektivli strukturların inkişafı üçün ardıcıl tədbirlər görülür. Elektrik enerjisi sisteminin infrastrukturu və yeni elektrik stansiyalarının inşası işləri nəinki Azərbaycanın elektrik enerjisinə olan təlabatını tam təmin edir, həm də ölkənin ixrac potensialını artırır. Son 10 ildə 2055,4 meqavat gücündə 23 yeni elektrik stansiyası istismara verilib və elektrik enerjisi istehsalı 7516,5 meqavata çatıb. Hazırda ölkədə 6 237,7 meqavat gücündə 18 istilik elektrik stansiyasına əlavə olaraq ümumi gücü 1278,8 meqavat olan bərpa olunan enerji mənbələri üzərində işləyən çoxsaylı su elektrik stansiyaları və digər stansiyalar mövcuddur. Son 10 ildə elektrik enerjisi istehsalı yüzdə 39,7 artmışdır. Artan tələbat yeni istehsal müəssisələrinin yaradılması və 2018-ci ildə həyata keçirilmiş təmir proqramı ilə qarşılanmışdı. Bu il 385 meqavatlıq yeni Gobu elektrik stansiyasının təməli qoyulub.

Bildirək ki, İranla iş birliyində ortaq şəkildə həyata keçirilən hidroelektrik layihələr, günəş və külək enerjisi sahəsindəki investisiya layihələri həyata keçirilir və bu ölkəyə bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməyə imkan verəcək. Bu layihələr isə təbii ki, həm də təbii qaz ehtiyatlarına qənaətə və onların ixracına kömək edəcək. Hazırda Azərbaycan yalnız karbohidrogen ehtiyatları deyil, elektrik enerjisi də ixrac edir. Hələ 2019-cu ilin yanvarında yayılan məlumata görə, Azərbaycanın 2018-ci ildə ixrac etdiyi 1,44 milyon kilovat/saat elektrik enerjisinin 80,3 milyon kilovat/saatı İranın, 13,45 milyon kilovat/saatı Türkiyə-Gürcüstan tranzitinin, 121,5 milyon kilovat/saatı Rusiyanın, 1,23 milyard kilovat/saatı isə Gürcüstanın payına düşüb. Bu rəqəm 2017-ci ildə ixrac olunan enerji miqdarından 14,2 faiz çoxdur. Ümumi desək, 2018-ci ildə Azərbaycandan ixrac olunan elektrik enerjisinin dəyəri 66 milyon ABŞ dolları olub. Həmçinin, hələ 2018-ci ildə “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunmuşdu və onun 8,2 milyon kilovat/saatı ümumi enerji sisteminə ötürülmüşdü. MMC-nin bütün obyektləri üzrə enerji sistemindən alınan enerjinin həcmi 664,6 min kilovat/saat, xüsusi sərfiyyatın həcmi isə 1,4 milyon kilovat/saat təşkil etmişdi.Ümumilikdə ötən il ölkədəki günəş elektrik stansiyalarında (GES) 38,3 milyon kilovat/saat, külək elektrik stansiyalarında (KES) isə 57,5 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyinin 2020-ci ildə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatına görə il ərzində respublikada elektrik enerjisinin istehsalı 25 milyard 811,2 milyon kilovat/saat olub. İstilik elektrik stansiyalarında (İES) istehsal 24 milyard 398,2 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 1 milyard 69,5 milyon kilovat/saat, 46,9 milyon kilovat/saatı günəş, 96,1 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında, 200,6 kilovat/saat Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda istehsal edilib.

Ötən il ixrac olunan 1 milyard 150,7 milyon kilovat/saat elektrik enerjisinin 204,1 milyon kilovat/saatı İranın, 101,8 milyon kilovat/saatı Türkiyənin, 118,5 milyon kilovat/saatı Rusiyanın, 726,3 milyon kilovat/saatı Gürcüstanın payına düşüb. Qeyd edək ki, 2020-ci ildə elektrik enerjisinin ixracı 2019-cu illə (1 milyard 490,9 milyon kilovat/saat) müqayisədə 340,2 milyon kilovat/saat azalıb. Göstəricilər ixracın artdığını deyir.

Dünyanın enerji təchizatında bərpa olunan enerji mənbələrinə – o cümlədən günəş və külək – yönəldiyi məlumdur. Azərbaycanda bu sahədə işlər görülür, bunun üçün təbii imkanlar da, nəticələr də var. Əcnəbi iş adamları bərpa olunan enerji sektoruna investisiya qoymağa maraqlıdırlar. Bununla əlaqədar olaraq “Acwa Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (Birləşmiş Ərəb Əmirlikləri) şirkətləri ilə 240 meqavat gücündə külək enerjisi və 200 meqavat gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün icra müqavilələri imzalanıb. Daha çox müqavilələri misal gətirmək olar, bu barədə kifayət qədər məlumat var.

Sonda isə Danimarkada Şimal dənizində inşaatı gedən daha bir layihədən xəbər verərək bildirək ki, ölkəmizdə də belə bir layihə işlənə bilər. Danimarka KİV-lərinə istinadla xəbər verilir ki, Şimal dənizində yaşıl enerji tədarük etmək üçün süni ada tikilir və proses başa çatdıqdan sonra orada həm təmiz elektrik enerjisi, həm də nəqliyyatda, sənayedə istifadə üçün ekoloji cəhətdən təmiz hidrogen tədarük ediləcək.

Lakin bu qədər imkanla “Azərenerji”nin necə ziyanla işləməsi anlaşılmır. Görünür, problem resurslarda yox, idarəetmənin qüsurlu olmasındadır. Bundan başqa, bu müəssisələrin zərələ işləyən elan edilib, səmərəli işləməsi üçün xüsusi mülkiyyət kimi satılmasına hazırlıq gedir.

İqtisadçı Pərviz Heydərovun fikrincə, ““Azərenerji”nin fəaliyyətində çatışmamazlıqlar şirkətin özünün işinin düzgün qurulmamasından, qeyri-şəffaflıqdan və s. kimi amillərdən irəli gəlir: “Bu, təkcə enerjiyə aid məsələ deyil. Bu dövlət büdcəsindən külli miqdarda maliyyə vəsaitləri alan və külli miqdarda vergi ödəməli olan şirkətlərin hamısına aiddir. Keçən ilin avqust ayının 6-da dövlət başçısı ölkənin social-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə həmin şirkətlərin hamısını açıq tənqid etdi. Hətta SOCAR-ın adını da çəkdi ki, bu qurumlar dövlət büdcəsinə vəsait ödəyən qurumlar sayılsa da, amma faktiki dövlət büdcəsi onlara dayaq funksiyasını yerinə yetirir. Onlar da öz fəaliyyətlərində dövlət büdcəsinə arxalanırlar. Bu “Azərenerji”yə də aiddir, “Azərsu”ya da aiddir, “Azərqaz”a da aiddir. Ümumiyyətlə, əsas inhisarçı sahələrin hamısına aiddir. Tarif Şurası su pulunun artırılmasını “Azərsu”nun təqdim etdiyi tələblərlə əsaslandırdı ki, bu şirkət son illərdə infrastruktur sahəsində bir xeyli işlər görüblər, əhalinin 70-80%-nin fasizləsiz suyla təmin ediblər və s. Amma axı niyə deyilmir ki, onların həyata keçirdiyi layihələr xərclənən vəsaitlərə dövlət zəmanəti dayaq dururdu. Tarif dəyişikliyi ilə bu sahələrdə keyfiyyətli xidmətə nail olmaq mümkün deyil. Suyun qiymətinin artırılmasına baxmaq olardı, amma 100% həddində yox. Və əgər su pulu bahalaşdısa, elektrik enerjisi də bahalaşacaq. Qiymət artımını bu cür etmək lazım deyil, onu dövlət tənzimləməlidir. Dövlət bu qiymətləri 4-5 ildən bir yeniləyir”.

Azərbaycanın enerji ixrac edən ölkəyə çevrilməsinə gəlincə, iqtisadçı bildirdi ki, ixrac beynəlxalq bazardakı qiymətlərə görə aparılır, daxili bazarda isə qiymətlər aşağıdır. Həm də daxildə enerji təminatında itkilər var.

Az əvvəl adıçəklən müəssisələrin xüsusi mülkiyyətə verilməsinə əsas yaradılması barədə yuxarıda səsləndirilən fikirdə gerçəklik payının olmasını iqtisadiçı Pərviz Heydərovun da rəyi təsdiq edir. İqisadçının fikrincə, “adları çəkilən qurumların Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə verilməsi bu ehtimalı təsdiq edir. Yəni bu nəzarət sisteminin işə düşməsi o deməkdir ki, gələcəkdə onların investisiya qarşılıqğında xüsusi mülkiyyətə verilməsi gündəlikdədir. Amma bunu nə qədər tez eləsələr həm dövlət büdcəsi, həm kommunal xidmətlərin effektivliyi, həm də sağlam rəqabətin yaradılması üçün səmərəli ola bilər”.

Burada bir nüansı da qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri həm su ehtiyatları və təbii ki, bundan yaranan elektrik enerjisi resursları ilə zəngindir. Həm də elektrik enerjisinin digər bir təchizat üsulu olan günəş panellərindən də şəxsi yaşayış evlərində istifadə etmək olar. Necə deyərlər, istək varsa, imkan da var. Ümumi mənzərədən bəlli olur ki, bu müəssisələrin qeyri-effektiv idarəçilik üzündən dövlət mülkiyyətindən xüsusi mülkiyyətə verilməsinə hazırlıq gedir. Amma bu Azərbaycan təcrübəsində necə nəticələnəcək, şəffaflıq və əhali yönlü istiqamətlər necə aparılacaq – bax maraqlı olan budur. Eyni zamanda da narahatçılıq yaradan da bu nüansdır.

Ülviyyə ŞÜKÜROVA