Dünya Bayden-Harris hakimiyyətindən nə gözləyir? – Qlobal ümid

891

ABŞ-ın yeni prezidenti Cozef Baydenin hakimiyyətə gəlməsi dünyanın demək olar ki, bütün ölkələri tərəfindən müsbət qarşılanıb. Yeni prezidentə təbrik məktubları göndərən müxtəlif ölkələrin rəsmiləri gələcək əməkdaşlıqla bağlı ümidlərini dilə gətirir və bunu səbrsizliklə gözlədiklərini bildirirlər. 
 
Təbrik edilən təkcə Cozef Bayden də deyil. Onunla yanaşı, ABŞ-ın vitse prezidenti Kəmalə Harris də ən azı Bayden qədər təbrik yağmuruna tutulur. Bu da, yəqin ki, ABŞ tarixində ilk belə hadisədir. Zira bu zamanadək ABŞ administrasiyası yalnız prezidentin adıyla tanınırdı. İndisə Baydenlə yanaşı Kəmalə Harrisin də adı qoşa çəkilir. Zənnimizcə, bunun bir səbəbi Kəmalə Harrisin qadın, qaradərili və Asiya-Afrika kökənli olmasıdırsa, digəri Co Baydenin səhhəti ilə bağlıdır. Prezident seçkilərində qələbəsini elan edərkən səhnəyə qaça-qaça gəlməsinə baxmayaraq, yaşı 90-na yaxınlaşan Co Baydenin hakimiyyəti idarə edə bilməyəcək qədər xəstə olduğu bildirilir. Dünya liderlərinin təbriklərindən anlaşılır ki, qarşıdakı dörd ildə Kəmalə xanımın da çiyninə ağır yüklər düşəcək.

Bayden və Harris siyasi cütlüyünə ən səmimi və ümidverici təbriklər Avropadan göndərilib. Bu da səbəbsiz deyil. Yeni administrasiyanın hakimiyyətə gəlişi ən çox Avropada alqışlanıb.

Britaniyanın Baş naziri Boris Conson parlamentdəki çıxışında qeyd edib ki, Bayden və onun komandası ilə işləmək, onların dövlətləri arasında tərəfdaşlığı möhkəmləndirmək və ümumi prioritetlər üzərində çalışmaq imkanını səbirsizliklə gözləyir.

Almaniya kansleri Angela Merkel də Baydenin inauqurasiyasını “demokratiyanın təntənəsi”adlandırıb. “Demokratiyanın təntənəsinə çevrilmiş inauqurasiya ilə əlaqədar prezident Co Baydenə və vitse-prezident Kamal Harrisə səmimi təbriklərimi çatdırıram. Gözləyirik ki, tezliklə dostluq və əməkdaşlığa əsaslanan Almaniya-Amerika münasibətlərində yeni fəsil açılacaq”, — Merkelin bu sözlərini təmsilçisi Şteffen Zayber dilə gətirib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer videomüraciətdə qeyd edib ki, bu gün “demokratiya üçün əlamətdar gündür”: “Mən Co Baydenin bu gün Prezident kimi and içməsi və Ağ evə köçməsi ilə bağlı özümü çox rahat hiss edirəm. Almaniyada bir çox insanın bu hissi paylaşdığını bilirəm”.

Fransa dövlətinin başçısı Emmanuel Makron da Co Baydenin seçilməsinə sevinənlərdəndir. O, bu barədə yazdığı Tvitter paylaşımında qeyd edib: “Zəmanəmizin çağırışlarına qarşı durmaq üçün daha güclü olacağıq. Gələcəyimizi qurmaq üçün daha güclü olmaq lazımdır”.

İspaniyanın Baş naziri Pedro Sançes də Baydenin hakimiyyətə gəlməsini demokratiyanın ultrasağçılar üzərində qələbəsi kimi qiymətləndirib: “Beş il əvvəl Trampın pis bir zarafat olduğunu düşündük, amma beş ildən sonra biz onun dünyanın ən güclü demokratiyasını başqa bir şey təhlükə altına aldığını gördük”.

İtaliyanın Baş naziri Giuseppe Konte parlamentdəki çıxışında İtaliyanın “Bayden prezidentliyini səbirsizliklə gözlədiyini” etiraf edib.

Avropa İttifaqı, NATO kimi beynəlxalq qurumlar da Bayden-Harris hakimiyyətinin fəaliyyətə başlamasından xeyli məmnun görünür. Bu qurumlardan ilk müsbət reaksiya Avropa Komissiyasının sədri Ursula fon der Lyayendən gəlib. Xanım diplomat ABŞ-ın yeni hakimiyyətinin formalaşmasını onun “həmfikir dövlətlər dairəsinə qayıtması” kimi qiymətləndirərək deyib:

“Co Bideni ABŞ prezidenti və Kəmala Harrisi isə ABŞ-ın ilk qadın vitse-prezidenti kimi andiçmə mərasimi münasibətilə təbrik edirəm! İlham verən andiçmə sözü və əməkdaşlıq təklifi üçün təşəkkür edirik. Avropa yeni bir başlanğıc üçün hazırdır. Prezident Baydenə yeni bir transatlantik gündəm təklifimizi təqdim edəcəyik”.

Avropa Şurasının rəhbəri Şarl Mişel isə öz növbəsində Baydenə və Harrisə ABŞ xalqını sıx birləşdirmək və ölkəni pandemiyadan çıxarmaq planlarında uğurlar arzulayıb. “İnanclarımıza yenidən diqqət yetirmək və AB ilə ABŞ arasındakı əlaqələri bərpa etmək vaxtıdır”, – deyə o, Vaşinqtona əməkdaşlıq mesajları göndərib.

NATO-nun Baş katibi Yens Stoltenberq də Baydenin seçilməsini alqışlayanlar arasındadır. O bildirib ki, yeni ABŞ prezidentinin vəzifəyə başladığı andan transatlantik münasibətlərdə yeni fəsil başlayır. Stoltenberq Bayden ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini vurğulayaraq deyib: “Güclü NATO həm Şimali Amerika, həm də Avropa üçün yaxşıdır. Çünki bizim heç birimiz tək-tək qarşılaşdığımız çağırışların öhdəsindən gələ bilmərik”.

Dünya Səhiyyə Təşkilatının (üst) baş direktoru Tedros Adhan Gebreyesus da öz “Tvitter”də Bayden və Harrisə təbrik məktubu ünvanlayıb: “Daha sağlam, ədalətli, təhlükəsiz və sabit dünya!”.

Yaxın Şərq ölkələri də Baydenin hakimiyyətə gəlməsinə böyük ümidlər bağlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni administrasiyası ilə tezliklə birgə işləmək imkanı əldə edəcəyinə ümidvar olduğunu bildirib: “Mən Amerika-İsrail Alyansının daha da möhkəmləndirilməsi, İsrail ilə ərəb dünyası arasında sülhün genişləndirilməsi və ümumi çağırışlara qarşı mübarizənin davam etdirilməsi üzərində sizinlə işləmək imkanını səbirsizliklə gözləyirəm”.

İran İslam Respublikasına gəlincə, Prezident Həsən Ruhani Birləşmiş Ştatların yeni administrasiyasını 2015-ci ilin nüvə razılaşmasına qayıtmağa çağırıb. Ruhani “topun ABŞ-ın tərəfində olduğunu” bildirib. Onun sözlərinə görə, Vaşinqton nüvə razılaşmasına qayıtmağa razılaşsa, Tehran da paktla bağlı öhdəliklərini tam yerinə yetirəcək: “Bu gün biz ABŞ-ın yeni rəhbərliyinin qanunun aliliyinə qayıdacağını, öz qarşısında öhdəlik götürəcəyini və növbəti dörd ildə əvvəlki dörd il ərzində bütün qara ləkələri aradan qaldıracağını gözləyirik. Əgər onlar qanuna vicdanla əvvəlki mövqelərinə qayıdarlarsa və praktikada dürüstlük nümayiş etdirsələr, biz öz öhdəliklərimizi yerinə yetirəcəyik”, — deyə o qeyd edib.

Baydenin hədəfə alacağı düşünülən Rusiya belə, bundan sonra ABŞ-la əlaqələrə böyük ümidlər bəsləyir. Ölkənin  XİN Baydenin prezident vəzifəsinə başladığı gün Birləşmiş Ştatların yeni administrasiyası ilə dialoqun daha konstruktiv olacağına ümidini gizlətməyib. Nazirliyin bəyanatında qeyd edilib ki, Moskva ilə ABŞ arasında bağlanan Strateji Hücum Silahlarının Məhdudlaşdırılması barədə müqavilənin maksimum beşillik müddətinə uzadılmasını məqsədəuyğun hesab edir.

Çinə gəlincə, andiçmə mərasimindən bir neçə saat əvvəl Pekin yeni Amerika prezidentinin Donald Trampın hakimiyyəti dövründə yaranmış ikitərəfli münasibətlərdəki ciddi problemləri aradan qaldırmaq üçün “rasional və obyektiv mövqe tutacağına” ümid etdiyini bildirib. “Son dörd il ərzində ABŞ administrasiyası Çinin strateji qavrayışında fundamental səhvlər edib. Çinin daxili işlərinə müdaxilə etməklə, ÇXR-i sıxışdırıb ləkələməklə, həmçinin iki ölkə arasındakı münasibətlərinə ciddi ziyan vurmaqla”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xua Çunyin mətbuata açıqlama verib. \\Ovqat.com