DTX rəisi Əli Nağıyev Gürcüstanın Baş naziri ilə niyə görüşüb?

222

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.
 
Gürcüstan mənbələri xəbər verir ki, görüşdə dövlətlərarası təhlükəsizlik problemləri və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib, ortaq təhdidlərə qarşı sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

İclasda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq İdarəsinin rəisi Tağı Eynulayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili də iştirak ediblər.

İki dövlət rəsmilərinin Avropa Şurasında gürcü nümayəndələrinin Azərbaycan əleyhinə səs verməsi ərəfəsində görüşməsi diqqətçəkicidir. Mümkündür ki, tərəflər bu məsələni də masaya yatırıblar.

Xatırladaq ki, ötən il sentyabr ayının 6-da Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilmiş, Gürcüstan da bu beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndəsi ilə təmsil olunmuşdu. Bununla da şimal-qərb qonşumuz yeni yaranan təhlükəsizlik ittifaqında yer almaq niyyətini ortaya qoymuşdu.

Üstəlik, Gürcüstanın xarici təhdidlərə qarşı müdafiə sisteminin yaradılmasında Türkiyənin də böyük rolu var. Məlumata görə, Rusiya 2008-ci il avqustun 8-də Gürcüstan ərazilərini işğal edəndən sonra Ankara onun hərbi müqavimət gücünü artırmaq üçün bu ölkədə 2 güclü baza qurmuşdu. Bütün bunlara baxmayaraq, gürcü nümayəndələrinin Avropa Şurasında ermənilərin Azərbaycan əleyhinə qaldırdığı məsələyə yekdilliklə səs verməsi Tbilisinin səmimiyyətinə kölgə salır. Görünür, DTX rəisi Əli Nağıyev də Gürcüstanın bu mövqelərinə aydınlıq gətirmək üçün ölkənin ən yüksək rəsmisi ilə görüşməyi uyğun görüb. \\Ovqat.com