Müxalifət partiyalarının sədrləri “solo” oxumaqdan əl çəkməli, “xor”da birləşməlidirlər…
Hazırda Azərbaycan xalqı özünün dövlətçilik tarixinin həlledici mərhələsini yaşayır. 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanla sərhəddə yenidən dəqiqləşdirmə prosesi gedir. Düşmən ölkədə “Vətənin xilası uğrunda” hərəkat yaradılır. Bu işlərə Rusiyapərəst qüvvələr rəhbərlik edir. Ermənilərə mənəvi dəstək vermək üçün bu yığıncaqlarda Rusiya kazakları adından ehtiyatda olan polkovnik Andrey Jiqov və vətən müharibəsi qəhrəmanları təmsilçisi polkovnik Oleq Kryukov da iştirak ediblər. Sanki qaranlıqda işıq axtarırlar. Hadisələrin gedisi göstərir ki, Ermənistan bir dövlət olaraq bataqlıqda çabalayır.
Bütün bunlara baxmayaraq etiraf etməliyik ki, bizdə də vəziyyət ürəkaçan deyil. Dövlətçiliyimiz böhran içərisindədir.
Vəziyyət o həddə çatıb ki, prezident İlham Əliyev bir çox məmurların adını çəkərək tənqid edir. Onları öz işləri ilə məşgul olmağa çağırır. Xalqımızı və ölkə rəhbərini narahat edən hallar baş verir .
Səbəbsiz hadisə baş verməz. Bu səbəblər nədir, axı?
Fikrimcə, illər boyu bəzi vətənpərvər jurnalistlərimizin, ziyalılarımızın zaman-zaman idarəetmədəki nöqsanlara etdiyi etirazların nəzərə alınmaması əsas səbəblər sırasındadır .
Məsələn, Əlisa Nicat, Ənvər Börüsoy -( Allah rəhmət eləsin), Sərdar Əlibəyli, Əvəz Zeynallı, Vüqar Məmmədov kimi cəsarətli – savadlı jurnalistlər ölkə daxilində hər kəsin deyə bilmədiyi nöqsanları dilə gətiriblər.
“Azərbaycanın dostları” Cəmiyyətinin qurucusu və iqtidar- müxalifət fərqi qoymadan fukirlərini sərbəst ifadə etməyə meydan verən “Xudafərin” jurnalının baş redaktoru olan Elman Mustafazadə 30 (otuz ) ildir Avropa ölkələrində Azərbaycanımıza təmənnasız xidmət edir. Çətinə düşən soydşlarımıza yardım edir. Dövlət adamlarımız, yaxud da Diaspor Komitəsi çagırıb o kişiyə bir dəfə “sağ ol” deməyib .
Ziyalı alimlərimizdən Dilavər Əzimli, Yasəmən xanım Qaraqoyunlu illərdir bu xalqın problemlərindən yazır, danışır, təkliflər verirlər.
Son illər ölkə xaricində fəaliyyət göstərən “Azərfreedom TV”, “Azad Söz TV”, “Oğuz TV”, “El İcində TV” və bəziləri nöqsanları ilə birlikdə ümumilikdə millətimizi, xalqımızı, dövlətimizi narahat edən problemləri və onların həlli yollarını soydaşlarımız və dostlarımızla müzakirə edirlər. Dövlətimizə, xalqımıza xidmət etməyə çalışırlar .
Partiya sədrlərindən Sərdar Cəlaloğlu( ADP), Mirmahmud Mirəlioğlu (KXCP), Əli Əliyev (VİP) və bəzilərinin çıxışlarında onların dövlətçiliyimizin taleyindən narahat olduqları kəskin hiss olunur .
Bu insanlar müxtəlif dönəmlərdə xalqın, dövlətin milyonlar, hətta bəzən milyard dollarla ölçülə biləcək sərvətlərini oğurlayan, talayan məmurların konkret adlarını çəkərək onların cəzalandırılmasını tələb etmişlər və bu gün də edirlər.
Lakin çox təəssüf ki, ölkədə sosial, iqtisadi və psixoloji vəziyyət durmadan ağırlaşmaqda davam edir .
44 günlük müharibə kasıb, ac, xəstə xalqı Vətənin xilası məsələsində toparladı. Vətəndaşlarımız yumruq kimi birləşdi və arxasında güclü dövlətlər dayanmasına baxmayaraq düşməni məhv etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimiz tez sağalsın. Qələbəni bizə bəxş edən zabitlərimizin, Generallarımızın başı uca olsun!
Bizim möhtəşəm birliyimizdən qorxuya düşən düşmənlərimiz müharibəni təcili yarımçıq dayandırmağa məcbur oldular. Və dərhal mehribançılığımızı pozmağa başladılar. “Parçala, hökm sür” prinsipini həyata keçirmək üçün özlərinin uzun ilərdən bəri ölkəmizdə yerləşdirdikləri emissarlarlarına tapşırıqlar verdilər . İndi onlar hər yerdə – Milli Məclisdə, Nazirliklərdə, Cəmiyyətlərdə, Komitələrdə, İcra hakimiyyətlərində , televiziya kanallarında, sosial şəbəkələrdə gecə-gündüz fəaliyyət göstərirlər .
Lakin hesab edirəm ki, belələri nə qədər çox olsalar da vətənsevər xalqımızın sayı ilə müqayisədə azlıqda qalırlar . Onların gücü maliyyələrində, vəzifələrində və tapşırıq aldıqları təşkilatlardadır .
Xalqın gücü isə tükənməzdir. Dövlətimizin bütövlüyünə, müstəqilliyinə və suverenliyinə məsul olanlar xalqın yanında olsalar, bütün təhlükələri dəf etməyə gücümüz çatar. Bu vəzifənin öhdəsindən gəlmək üçün iqtidar-müxalifət-xalq birliyini qorumalıyıq .
Mən bir vətəndaş olaraq aşağıdakı işləri görməyi zəruri sayıram:
1.- Özlərini xalqın cəfakeşi kimi göstərən partiya sədrləri bir araya gəlməlidir ;
2.- İqtidar nümayəndələri ilə müxalifət partiya rəhbərlərindən ibarət “Dəyirmi Masa” təşkil olunmalıdır ;
3.- “Dəyirmi Masa” ayda ən azı 2( iki ) dəfə toplanmalıdır . Müzakirələrdən sonra ortaq qərarlar qəbul olunmalıdır ;
4.- Qəbul olunmuş qərarlar Dövlət başçısına çatdırılmalıdır;
5.- Prezident tərəfindən konkret addımlar atılmalıdır.
Ölkə rəhbəri bu təklifləri qəbul etməyə də bilər. Bu halda “Dəyirmi Masa” ictimaiyyətə müraciət etməlidir. Qeyd etdiyim təkliflər nəzərə alınmaya, yəni iqtidar-müxalifət nümayəndələri ortaq məxrəcə gəlməyə bilər .
Bu halda müxalifət partiyalarının sədrləri “Solo” oxumaqdan əl çəkməli, “Xor“da birləşməlidirlər. Daha sonra ambisiyalarını boğub öz aralarından bir “dirijor” – Ağsaqqal-seçməyi bacarmalıdırlar .
Bundan sonra birləşmiş müxalifət Konstitutsiyada əks olunan prinsiplərə söykənərək xalqa müraciət edə bilərlər .
Dövlətçiliyimizin, müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzü qorumaq;
Ölkəni idarə edən orqanlara demokratik, şəffaf seçkilərin keçirilməsini təmin etmək;
Vətəndaş cəmiyyətinin formalaşmasına nail olmaq;
Xalqın iradəsini əks etdirən, qanunların aliliyini təmin edən hüquqi dövlətin yenidən qurulmasına nail olmalıyıq .
Ümumbəşəri dəyərlərə sadiq qalaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı təmin edən cəmiyyət qurmalıyıq .
İnanıram ki, hamımızın maraqlarını özündə ehtiva edən bu çətin, lakin şərəfli vəzifəmin həlli prosesində iqtidarda yaxud müxalifətdə olmasımdan asılı olmayaraq bütün vicdalı vətənpərvər insanlar yaxından iştirak edəcək.
Allah xalqımıza yar və yardımçı olsun!
Qəvami SADIQBƏYLİ,
Jurnalist -politoloq