Dövlət maraqlarının təsnifatı; Dövlət maraqları ilə ictimai maraqların qarşılıqlı əlaqəsi və vəhdəti

180

Dövlət maraqları – vahid dövlət məkanında zamanla formalaşmış ümumi maraqların vəhdətidir.

Dövlət maraqları – dövlətin dərk edilmiş tələbatıdır; onun iqtisadi və geosiyasi maraqları, mədəni-tarixi ənənələri, təhlükəsizliyin təminatı zərurəti, əhalinin xarici təhlükələrdən və daxili iğtişaşlardan, ekoloji fəlakətlərdən və s. müdafiəsi ilə müəyyənləşir.

Dövlət maraqları anlayışı – şəxslərin maraqları ilə ictimaiyyətin maraqları kimi iki digər anlayışı birləşdirir və onlardan qaynaqlanır.

Şəxsin marağı – fərdin müəyyən maddi və rifaha, imkanlara, tələbatının ödənilməsi cəhdləridir. Lakin burada başlıca şərt həmin şəxsin maraqlarının təmin edilməsinin qanunla qadağan edilmiş, hüquqa zidd olmamasıdır.

İctimai maraq (cəmiyyətin maraqları) – cəmiyyətin bütün üzvlərinin, yaxud da əsas hissəsinin müəyyən rifaha, imkanlara, tələbatlarının ödənilməsinə dair ümumi maraqlarıdır.

Dövlətin marağı – şəxslə ictimaiyyətin tələbatının tarazlılıq kompleksidir, onun reallaşdırılması dövlət hakimiyyəti institutları tərəfindən ictimai birliklərlə qarşılıqlı təsir prosesində baş verir.

Beləliklə, dövlət maraqları ictimai maraqların bir hissəsidir və hakimiyyət orqanlarının əsas fəaliyyət sahələrində reallaşır. Bu fəaliyyət sahələrinə – istisadi, daxili siyasət, sosial, beynəlxalq, hərbi, sərhəd və s. sahələri daxildir. Dövlətin prioritet maraqlarının sırasında xalqın suverenliyinin, ölkənin ərazi bütövlüyünün təminatı, demokratiyanın inkişafı, siyasi sabitliyin möhkəmləndirilməsi və s. daxildir.

Dövlət şəxsin, ictimaiyyətin, dövlətin qanuni maraqlarının reallaşdırılmasına imkan yaradır. Dövlət vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıra bilər – bu məhdudlaşdırmalar qanuni maraq çərçivəsində olmalı və ümumilikdə, ictimai və dövlət maraqlarına xidmət eləməlidir.

İstimaiyyət vətəndaş cəmiyyətinə doğru yönəlirsə, ilk növbədə şəxslərin və kollektivlərin birgə maraqlarını təmin etməyə çalışacaqdır. İctimai  maraqlara azad iqtisadi inkişaf, dövlət işlərininin və ictimai işlərin idarəçiliyində iştirak, mədəniyyətin nailiyyətlərindən faydalanmaq imkanı və s. daxildir. Vətəndaşların maraqlarını qoruyan dövlətlə yanaşı, ictimai maraqların müdafiəçisi olaraq ictimai birliklər, elm və mədəniyyət xadimləri çıxış edirlər.

Dövlət maraqları müxtəlif prinsiplərlə təsnif edilir:

  • Maraqların daşıyıcılarına görə fərqlənirlər: dövlət maraqları (bir dövlətin maraqları); qrup maraqları (bir neçə dövlətin maraqları); ümumilikdə beynəlxalq ictimaiyyətin maraqları (ümumbəşəri maraqlar).
  • Dövlət maraqlarını müvafiq şəkildə belə qruplaşdırmaq olar: daxili inkişaf maraqları (daxili məsələlər); dövlətin beynəlxalq münasibətlərin subyekti kimi maraqları (xarici məsələlər).
  • Obyektinə görə dövlət maraqları belə təsnif edilir: iqtisadi, siyasi, hüquqi, intellektual (sosial-mədəni, mənəvi) maraqlar, ərazi maraqları və
  • Maraqlar xarakterinə görə birbaşa və dolayı maraqlara bölünürlə
  • Dövlət maraqları daimi və müvəqqəti (vəziyyətə, dövrə görə dəyişən) ola bilə
  • Həmçinin, taktiki və strateji maraqlar mövcuddur.
  • Dövlət ərazisində yaşayan əhalinin milli maraqlarının yerli və beynəlxalq müstəvidə müdafiəçisidir. Xarici dünyaya ekstrapolyasiya edilmiş milli maraqlar öz əhəmiyyətinə və beynəlxalq arenaya təsirinə görə fərqlənirlə Bu əlamətə görə onlar həyati vacib (əsas) və ikinci dərəcəli, daimi və müvəqqəti, uzunmüddətli və şəraitə uyğun ola bilərlər. Əsas və daimi milli maraqlar mühüm geosiyasi parametrlərlə müəyyənləşir – həmin dövlətin dövlətlərarası münasibətlərdəki yeri və rolu, onun nüfuzu, hərbi gücünün sanbalı, öz suverenliyini qorumaq qabiliyyəti, müttəfiqlərinin təhlükəsizliyinə təminat vermək imkanları və s. Dövlət öz maraqlarını imkanı və ixtiyarı daxilində olan bütün – siyasi, ideoloji, iqtisadi, diplomatik, hərbi vasitələrlə qoruyur. Hərbi vasitə – güc tətbiq edilməsi təhdidi, yaxud da gücün real tətbiqi, hətta müharibə elan edilməsidir. İkinci dərəcəli və dəyişən maraqlar birinci dərəcəlilərdən törəmə maraqlardır. Xarici-siyasi amillərin təsiri altında dəyişərək, dövlətin əsas və daimi maraqlarının reallaşdırılması üçün sövdələşmə predmeti ola bilər.

Təsnifat meyarları bir çox cəhətdən şərtidirlər. Onlar nəzərdən keçirilən məsələnin mütləq göstəriciləri hesab edilə bilməz.

1) Dövlət maraqları ictimaiyyətin əsas hissəsinin maraqları ilə üst-üstə düşür. Bu maraqlar həmin cəmiyyətin bütün sosial strukturunun mövcudluğu və saxlanılması üçün əsas olan qaydaların, normaların, tələblərin mövcudluğunu nəzərdə tutur. Bu qaydalar sosial münasibətlər prosesində sosial cəmiyyətin bütövlüyünü təmin edən dayanıqlı bağlar yaradır.

2) Dövlət maraqları sabitlik, nizam-intizam tələb edir. Məhz tayfa-qəbilə həyat tərzinin ruhani ənənələrinin formalaşması prosesində meydana çıxmış, yazılmayan, nəsildən-nəsilə ötürülən etik, mənəvi-əxlaqi, təbii hüquq qanunları, mədəni ənənələr hətta ilk insan kollektivlərinin belə ictimai münasibətləri nizamlamaq və sistemləşdirmək səylərini əks etdirir.

3) Dövlət öz mövcudluğunun və inkişafının obyektiv tələbatı  olaraq, ictimaiyyətin maraqlarını özü üçün əsas götürür. İctimai maraqların təmin olunması yollarını konkretləşdirir. Dövlət öz icbari tədbirləri vasitəsi ilə ictimai maraqları müdafiə eləməyə hazırdır.

4) Dövlət maraqları həm də ərazi xarakteri daşıyır. Başqa sözlə deyilsə, hər bir dövlətin öz suveren əraziləri daxilində öz maraqları mövcuddur. Dövlət həmin ərazidə yaşayan cəmiyyətin mədəni, milli, dini xüsusiyətlərinin müdafiəsinin təminatçısıdır, həmin cəmiyyətin konkret tarixi inkişaf xüsusiyyəti nəticəsində əldə elədiyi siyasi baxışları, vətəndaşlarının vahid mənəvi-konseptual prinsiplərini ifadə edir. Bütün bu dəyərlər başqa bir dövlətin quruluşundakı dəyərlər sistemi ilə uzlaşmaya bilər.

5) Dövlətin maraqlarına özünü qoruyub saxlama mexanizmi daxildir. Bu mexanizmin qurulması zamanı şəxsi maraqlar ictimai maraqlara tabe edilir. Dövlət üçün şəxsi və ictimai maraqların qarşılıqlı nisbət əlaqəsi başqa xarakter kəsb edir – ictimai maraqların müdafiəsi məqsədi ilə fərdlərin hüquqlarının sərt, lakin legitim şəkildə məhdudlaşdırılması zərurəti yaranır. Məhz buna görə də şəxsi və ictimai maraqlar arasında tarazlığın tapılması üçün dövlətin və onun məqsədlərinin fəlsəfi anlayışından çıxış edərək yanaşmaq vacibdir.

6) Şəxsi və ictimai maraq sferaları arasındakı sərhəd dəyişkəndir, cəmiyyətin inkişafının sosial-iqtisadi səviyyəsindən və inkişaf tarixinin xüsusiyyətlərindən asılıdır, dövlətin və cəmiyyətin mövcud tələblərindən asılı olaraq qanunla tənzimlənir. Bu sərhədin müəyyənləşməsi də maraqların hüquqi tənzimləmə vasitəsi ilə formalaşması ilə birlikdə şəxsi və ictimai maraqlar arasında tarazlığın əldə edilməsi problemini təşkil edir.

Hər bir xalq özünə layiq dövlət qurur. Dövləti onu quran vətəndaşların ümumi cəhətlərinin toplusu, yaxud da ictimaiyyətin güzgüsü hesab etmək olar. Vətəndaşların fərdi maraqları ilə ictimai maraqların, dövlət maraqlarının arasındakı fərqlərin, uyğunsuzluqların minimallaşması bütövlükdə cəmiyyətin mənəvi-əxlaqi, intellektual, iqtisadi inkişafından asılıdır.

Zeynəb RÜSTƏMLİ