“Dövlət idarəetməsində peşəkarlığın 2 meyarı varsa, biri mütləq şəffaflıqdır” – RÖVŞƏN AĞAYEV

225

“Hazırda Mərkəzi Bankın kommersiya bankları qarşısında xalis tələbinin həcmi 7.2 mlrd. manata yaxındır”

“Dövlət idarəetməsində peşəkarlığın 2 meyarı varsa, biri mütləq şəffaflıqdır. Və 2 qurum var ki, onlar siyasi hakimiyyətdən maksimum müstəqil olmaqla yanaşı, son dərəcə şəffaf olmasını ölkənin strateji maraqları tələb edir, hakimiyyətlərin taktiki maraqlarına zidd olsa da. Söhbət Mərkəzi Bank və Statistika qurumundan gedir”. Hurriyyet.az xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

İqtisadçı ekspertin sözlərinə görə, bir sıra ölkələrin mərkəzi bankları müntəzəm olaraq “bank sektorunda likvidlik profisiti/defisiti” göstərcisinə dair informasiyaları detallı şəkildə hər kəs üçün açıq saxlayırlar: “Azərbaycanda kimsə belə bir adda göstərici, onun dinamikasında və strukturunda baş verən dəyişikliklərə dair rəsmi izahatlar görübmü? Mərkəzi Bankın heç bir bülletenində qarşıma çıxmayıb. Başqa bir adda var, amma yarımçıq və qapalı formada. Bank sektorunda likvidlik profisiti o zaman yaranır ki, kommersiya banklarının Mərkəzi Bankdakı resursları onların Mərkəzi Bankdan cəlb etdiyi resursları üstələyir. Bu iqtisadiyyat üçün neqativ situasiyadır – iqtisadiyyatın resurs tələbatı zəifdir. İqtisadiyyat inkişafa meylli deyil. Bank sektorunda likvidlik defisiti isə bunun əksidir – bankların Mərkəzi Bankdakı resurslarından daha çox resursu həmin kanaldan cəlb etməsidir. Bu isə pozitiv situasiyadır – iqtisadiyyat inkişaf üçün resurs tələb edir, banklar qarşılaya bilmədikləri üçün Mərkəzi Bankdan cəlb etməyə məcburdur”.

“Bizdə durum necədir?” sualını cavablandıran Rövşən Ağayev qeyd edib ki, nəhəng profisit var, hazırda Mərkəzi Bankın kommersiya bankları qarşısında xalis tələbinin həcmi 7.2 mlrd. manata yaxındır: “”Xalis tələb” dedikdə Mərkəzi Bank və kommersiya banklarının bir-birindən yerləşdirdiyi resursların saldosu başa düşülür. Mərkəzi Bankın kommersiya banklarına təqdim etdiyi resursları bilirsiniz: valyuta svopları, repo əməliyyatları, mərkəzləşdirilmiş kreditləşmə çərçivəsində verilən resurslar. Kommersiya banklarının Mərkəzi Banka qarşı tələblərinin də təxmini strukturunu bilirsiniz: strelizasiya (depozit və not hərracları) əməliyyatları, ehtiyat normaları, bloklaşdırılmış əməliyyatlar çərçivəsində Mərkəzi Bankda yerləşdirilən vəsaitlər, eləcə də Mərkəzi Bankdakı müxbir hesablarda saxlanması mümkün olan resurslar. Bəs niyə Azərbaycan Mərkəzi Bankı bu qarşılıqlı tələblərin strukturu ilə bağlı hər ayın sonuna statistika açıqlamağa, struktur likvidlik profistinin (yaxud defisitinin) hansı elementlər hesabına formalaşdığını görməyə imkan yaratmır? Eləcə də sadalanan göstəricilərdə baş verən dəyişikliklərə dair rəsmi şərhlər verməyə ehtiyac hiss etmir? Bunlar ki, təhlillərdə siyasi sui-istifadə üçün əsas verəcək bir göstəricilər deyil. Məsələn, müxbir hesablardakı vəsaitlərin qalıqlarını açıqlayanda bunun hansı hissəsinin kommersiya banklarının bir-birilərində olan hesablarına, hansı hissəsinin Mərkəzi Bankdakı müxbir hesablara aid olduğunu göstərəndə dövlət sirri yayılmış olurmu?”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az