Dövlət büdcəsinin gəlir mənbələrində ARDNŞ-in payı

294

ARDNŞ yaradılandan (1992) bəri onun idarəetmə strukturları dəfələrlə dəyişikliklərə məruz qalıb. Onun Azərbaycan Respublikası prezidentinin 14 noyabr 1992-ci il tarixli, 312 saylı Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Direktorlar Şurası, Şirkətin prezidenti və İdarə Heyəti Şirkətin rəhbər orqanları hesab olunurdu.

O vaxtlar idarəetmənin ali orqanı Direktorlar Şurası idi. Direktorlar Şurasının iclası hər yarım ildə bir dəfədən az olmayaraq çağırılır və iclasda Şirkətin fəaliyyətinin ən mühüm istiqamətləri və perspektivləri ilə əlaqədar qərarlar qəbul edilir, Şirkətin İH-nin və prezidentinin hesabatları dinlənilirdi. Şuranın tərkibi AR-nın prezidenti tərəfindən təsdiq edilirdi. Buraya Şirkətin prezidenti, onun müavinləri, hökumətin və ictimaiyyətin təmsilçiləri daxil edilirdi.

AR prezidentinin 20 noyabr 1992-ci il tarixli, 212 saylı Sərəncamı ilə ARDNŞ-nin Direktorlar Şurasının tərkibi təsdiq edilmişdir. Şuranın tərkibinə Şirkətin prezidenti, onun 1-ci müavini, AR-nin Maliyyə Naziri, dövlət müşaviri, AR prezidentinin mətbuat xidmətinin rəhbəri, EA-nın nümayəndəsi, Bakı Dövlət Universitetinin rektoru və “Oğuz el” qəzetinin baş redaktoru daxil idi. Şuranın belə tərkibi ARDNŞ-i kimi nəhəng bir qurumun fəaliyyətini həm hökumətin, həm də ictimaiyyətin nəzarətində saxlamağa imkan verirdi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, inkişaf etmiş neft ölkələrinin təcrübəsində də bu cür iri dövlət şirkətlərinin idarəedilməsi tərkibinə həm hökumətin və həm də ictimaiyyətin nümayəndələrinin daxil edildiyi Direktorlar Şurasına həvalə olunur. Məsələn, Norveçin “Stotoyl” şirkətinin Direktorlar Şurasının 9 üzvündən 3-ü ictimaiyyətin təmsilçiləridir.

Nizamnaməyə əsasən, şirkətin İdarə Heyətinə prezident, vitse-prezidentlər, şirkətin AR prezidenti tərəfindən təsdiq edilən bütün baş idarələrin, idarə və şöbələrin birinci rəhbərləri daxil olurdular. İdarə Heyəti (İH) struktur bölmələrinin tərkibini və işçilərinin sayını, onların əməyinin ödənilməsi fondunu, şərtlərini və sistemlərinin müəyyənləşdirir, şirkətin planlarının yerinə yetirilməsinə rəhbərlik edir, mənfəətin bölüşdürülməsi qaydaları haqqında qərarlar qəbul edir, şirkətin struktur vahidləri rəhbərlərinin hesabatlarını dinləyir və müvafiq qərarlar qəbul edirdi. İH-nin qərarları şirkətin bütün iştirakçıları tərəfindən məcburi idi. O dövrdə İH-nin iclası ən azı ayda bir dəfə çağırılırdı.

Dövlət başçısının 10 yanvar 1994-cü il tarixli Sərəncamı ilə ARDNŞ-nin yeni idarəetmə strukturu, daha sonra isə 5 aprel 1994-cü il tarixli fərmanla ARDNŞ-nin Nizamnaməsinin yeni redaksiyası təsdiq edilib.

Əslində Nizamnamənin bu yeni redaksiyası ilə əvvəlki arasında fərq məhz Şirkətin idarəetmə üsulu ilə bağlı olub. Belə ki, yeni strukturda Direktorlar Şurası İdarə Heyəti olmayıb, yeni Nizamnamə və yeni struktur təsdiq edilmişdir.

Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 mlrd tona yaxın neft, 18-20 trilyon kub. metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15 faizini təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3-5 mlrd ton neft, 5 trilyon kub. metr qaz ehtiyatı mövcuddur. V.A.Baçarova görə: “Mirovaya dobıça nefti” AR-da qalıq çıxarılacaq neft ehtiyatı 0,955 mlrd tondur.

Qeyd etmək lazımdır ki, 1992-ci ildə ARDNŞ-nin neft hasilatı 11,196 mln ton, strukturda dəyişiklik edildikdən sonra 1994-cü ildə 9,563 mln ton, AR prezidentinin 27 yanvar 2003-cü il tarixli, 844 saylı Fərmanla Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat birlikləri birləşdirilərək “Azneft” İB-i yaradıldıqdan sonra strukturunda 26 trest, müəssisə və s. birgə müəssisələrin sayı 36-ya çatmış Şirkətin xarici şirkətlərlə birlikdə illik neft hasilatı 15,526 mln ton olmuşdur.

“Azneft” İB-nin Əməliyyat Şirkətləri və Ümid MMC ilə birlikdə neft hasilatı 2017-ci ildə 7427,1 mln ton, “Azneft” İB-nin neft hasilatı isə 6169,6 mln tona enmiş, yəni 1994-cü ildə istehsal olunan neftdən 3,393 mln ton, 1992-ci ildə istehsal olunan neftdən isə 5,026 mln ton az olmuşdur.

ARDNŞ-nin ölkə prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.2 bəndində deyilir: “Şirkət kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hasil edilmiş bütün karbohidrogenlərə və onların emalından alınan neft və qaz məhsullarına münasibətdə sahibliyi həyata keçirir”.

Şirkətin funksiyası: Respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensiatlarının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur.

1994-cü ildə “Əsrin kontraktı” sayılan ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xarici Neft Şirkətləri Konsorsumu ilə ARDNŞ-i arasında “Azəri”, “Çıraq” neft yataqlarnın və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin “Tammiqyaslı Birgə İşlənməsi və Neft Hasilatının Pay Bölgüsü Sazişi (HPBS) haqqında saziş imzalanmışdır.

AÇG kontraktı üzrə Tİ-nin üstünlüklərində göstərilir: “AÇG üzrə Tİ layihəsinin Azərbaycana böyük iqtisadi mənfəətlər verməsi potensialı vardır. Gəlirlər düşünülmüş şəkildə sərf edilərsə, bu qazanclar sosial-iqtisadi dəyişikliklərə səbəb ola bilər. Hələ ki, üç fazanın iqtisadi qiymətləndirilməsi göstərir ki, neft və qaz hasilatından, həmçinin onların daşınmasından, xüsusilə, 2007-ci ildən 2017-ci ilədək 10 il ərzində gələn gəlir Azərbaycan üçün böyük əhəmiyyət kəsb edəcəkdir”.

Mənim hesablamalarıma görə, 2007-2017-ci illərdə ARDNŞ-nin hasilatı – 484,1 mln ton ondan xarici şirkətlərlə birlikdə (AÇG) – 398,52 mln ton, satışdan gəlir isə – 289.524,0 mln ABŞ dolları və ya 257.181,5 mln manat, qaz hasilatı isə bu illərdə 295,0 mlrd kub.metr, dəyəri isə 47,87 mlrd manat olmuşdur. 2007-2017-ci illərdə ARDNŞ-nin neft və qaz satışından daxilolmaların cəmi: 337,5 mlrd ABŞ dolları olmuşdur.

ARDNŞ-nin 2018-ci ildə xam neft və təbii qaz hasilatının dəyəri;

* AR Dövlət Statistika Komitəsinin məlumatına görə – 29.285,6 mln manat;

* Faktiki – 40.120,0 mln manat, ƏDV – 7.221.600,0 min manat olmuşdur.

ARDNŞ-nin 2018-ci ildə xalis gəlirləri: – 11.559.956.200,0 manat (ARDNF-nun 2018 il gəlirləri) olmuşdur; gəlir vergisi – 3.336.787,7 min manat.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında Qanunda “Gəlirlərin mənbələri” (maddə 2) 2.2 – Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi (2.144.000,0 min manat) və 2.5 – Əlavə dəyər vergisi üzrə – 4.710.000,0 min manat cəmi 6.854.000,0 min manat təşkil etdiyi halda, yalnız ARDNŞ-i hesabına bu bəndlər üzrə gəlirlər – 10.458.387,7 min manat təşkil edir ki, bu da 2021-ci il dövlət büdcəsində bu iki bənd üzrə göstərilən məbləğdən – 3.604.387,7 min manat çoxdur.

Bu hal onu deməyə əsas verir ki, AR-nın 2021-ci il dövlət büdcəsi haqqında AR MM-nin Qanununda göstərilən dövlət büdcəsinin gəlirləri maddə 2-də verilən göstəricilərdən daha çox olmalı idi, lakin bunu göstərmək mümkün olmamışdır. Bu səbəblərə: fəaliyyətdə olan bütün hüquqi şəxslərin adları, ünvanları, fəaliyyət növləri, dövriyyə vəsaitləri, istehsal etdikləri məhsulun həcmi və dəyəri, gəlirləri, o cümlədən xalis gəlirlərinin monitorinqinin aparılmaması, həmçinin ARDNŞ-nin ƏDV-si və gəlir vergisi göstərilməməsidir.

Dövlət büdcəsinin gəlir mənbələrini ARDNŞ-i misalında araşdıraq.

AR-nın 2021-ci il dövlət büdcəsinin gəlirlər mənbəyində, müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar” (transfertin yuxarı həddi) adı ilə göstərilmişdir ki, bu da heç vaxt gəlir mənbəyi sayıla bilməz.

Məlumat üçün qeyd etməliyəm ki, 2018-ci ilin dövlət büdcəsində bu bənd (2.14) “AR-nın Dövlət Neft Fondundan daxilolmalar” (transfertin yuxarı həddi) kimi göstərilmişdir.

Burada bir sirr gizlənib. Bu sirr də ondan ibarətdir ki, ARDNŞ-nin “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının “Tammiqyaslı” işlənməsindən əldə etdiyi xalis gəlir Şirkətə deyil, birbaşa dövlətə köçürülür. Sonra bu gəlir müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikası Dövlət Neft Fonduna köçürülür və bu vəsaitin müəyyən hissəsi büdcəyə “transfert” edilir, qalan hissə isə həmin orqanın rəhbərliyi tərəfindən müxtəlif istiqamətlər üzrə xərclənir. (ARDNF-u barədə gələcək məqalələrdə ətraflı məlumat veriləcəkdir).

İndi də AR-nın 2021-ci il dövlət büdcəsinin gəlir mənbələrini araşdıraq.

(Ardı var)

Rahib Zeynalov

 “İnnovativ İstehsalat Mərkəzinin baş direktoru, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, dosent