Dövlət büdcəsinin gəlir mənbələrində ARDNŞ-in payı

789

ARDNŞ birgə müəssisə yaratmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq yerin təkini Vaytxoll kompaniyasının istismarına vermiş və ən yaxşı halda 234.330,8 min ABŞ dollar və Vaytxoll kompaniyasının işçilərinin sayı qədər işçi yeri itirmişdir….

ARDNŞ yaradılandan (1992) bəri onun idarəetmə strukturları dəfələrlə dəyişikliklərə məruz qalıb. Onun Azərbaycan Respublikası prezidentinin 14 noyabr 1992-ci il tarixli, 312 saylı Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Direktorlar Şurası, Şirkətin prezidenti və İdarə Heyəti Şirkətin rəhbər orqanları hesab olunurdu.

Beləliklə, araşdırma nəticəsində məlum olmuşdur ki, ARDNŞ birgə müəssisə yaratmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq yerin təkini Vaytxoll kompaniyasının istismarına vermiş və ən yaxşı halda 234.330,8 min ABŞ dollar və Vaytxoll kompaniyasının işçilərinin sayı qədər işçi yeri itirmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, tərəflər arasında təsdiq olunmuş qrafik fakultativdir, heç bir nəzəriyyəyə və təcrübəyə əsaslandırılmamışdır.

ARDNŞ-i bir sıra xarici ölkələrdə öz nümayəndəliklərini açmışdır. İstanbul, Tehran, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi və Kiyev şəhəri bu şəhərlər sırasındadır. Rumıniyada neft-kimya emalı kompleksi, Almaniya və Avstriyadakı nümayəndəlikləri Nabukko layihəsinin reallaşdırılması istiqamətində Avropa ölkələri ilə əməkdaşlıq edirlər. İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan “SOCAR Tradinq SA” 2008-ci ildə açılmışdır ki, onun əsas funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə frankıdır.

2007-ci ildə Türkiyə hökuməti ölkədə ən böyük neftayırma zavodlarından olan Petkim zavodunu özəlləşdirməyə çıxarıb. Tenderin qalibi ARDNŞ, Türkiyənin Turcas və Səudiyyə Ərəbistanın İnjos şirkətlərinin qurduğu konsorsum olub. Müəssisənin özəlləşdirilməsinin dəyəri 1,6 mlrd ABŞ dolları olub. Konsorsum 2015-ci ilədək zavodun yerləşdiyi ərazidə daha böyük gücə malik bir neftayırma zavodu tikməyi və mövcud müəssisənin emal gücünü artırmağı planlaşdırıb. Konsorsum bu məqsədlə 10 mlrd ABŞ dolları xərcləməyi nəzərdə tutub.

ARDNŞ-i 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma məntəqəsi açmaq niyyətində olmuş, 2015-ci ilədək isə 300 yanacaqdoldurma məntəqəsi işə salmışdır.

10 noyabr 2011-ci ildə ARDNŞ-i “Exxon-Mobil” şirkətinin İsveçrə filialı olan “Esso GmbH“ı satın almışdır.

ARDNŞ-i daha bir törəmə SOCAR Energy Georgio MMC (SEG MMC) şirkətini 2006-cı ildə qurmuşdur. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. Bu şirkətin əsas fəaliyyəti neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstanda neft satışının 72%-i, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. Azərbaycan Gürcüstana hər ay 20.000 ton neft məhsulu, 15.000 (ildə 180.000,0) ton benzin idxal edir.

ARDNŞ-nin Gürcüstanda yatırdığı investisiyanın həcmi 700 mln ABŞ dollarından çoxdur.

Bundan başqa şirkət 3 il dalbadal (2008-2011-ci illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyicisi olub (həcm göstərilmir). Təkcə 2010-cu ildə ARDNŞ-i Gürcüstan büdcəsinə 100 milyon ABŞ dolları miqdarında vergi ödəyib (Azərbaycanda isə dövlət büdcəsindən dotasiya alır). Gürcüstanda şirkətin açdığı 114 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. (2013-cü ilin dekabr ayına).

Deyilənlərdən bu nəticəyə gəlmək olar:

  1. Azərbaycan Respublikası müstəqilliyinin birinci ilində (1992) ARDNŞ-nin, xarici şirkətlərin iştirakı olmadan neft hasilatı 11,196 mln ton olduğu halda, 2017-ci ildə hasilat 6,169.6 mln tona enmişdir – yəni hasilat 5,0 mln ton azalmışdır.
  2. “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin “Tammiqyaslı Birgə İşlənməsi və Neft Hasilatının Pay Bölgüsü Sazişi”ndən gəlir əldə edilənədək (1998) ARDNŞ-i hər il dövlət büdcəsinə milyardlarla manat vəsait köçürmüşdür.
  3. Layihənin mənimsənilməsinin 5-ci ilindən başlayaraq ARDNŞ-i dövlət büdcəsinə vəsait (Əlavə dəyər vergisi, gəlir vergisi) ödəmir. Səbəb: ARDNŞ-nin “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının tammiqyaslı işlənməsində və NHPBŞ-ndən Şirkətin payı onun Nizamnaməsinə zidd olaraq birbaşa hökumətə köçürülməsidir.
  4. ARDNF-nun yaradılması və fəaliyyəti AR qanunvericiliyinə ziddir:

4.1. Fond hüquqi şəxs olduğundan AR Mülki Məcəlləsinin 43.1 maddəsinin “Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır… Hüquqi şəxsin müstəqil balansı olmalıdır”. 47.1 maddəsinin “Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir”, 44.1 maddəsinin “Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqa malikdir və mülki vəzifələr daşıyır” tələblərinə cavab vermir.

Belə ki, ARDNF-nun təsisçilər tərəfindən təsdiq edilmiş və dövlət qeydiyyatından keçmiş nizamnaməsi olmadığından mülki hüquqa malik və mülki vəzifələr daşıya bilməz.

Bütün bu tələblərə uyğun gələn və büdcədən maliyyələşməyən ARDNŞ-i dura-dura yeni, AR qanunvericiliyinə zidd qurum təsis etmək başa düşülən deyil.

ARDNŞ-nin bütün layihələrinin hamısı əlbəttə ki, kredit hesabına alınıb və bu kreditlərin alınmasında dövlət təminatı olub. Göründüyü kimi layihənin heç birindən fayda əldə etməyib.

  1. ARDNŞ-nin nizamnaməsində müstəqillik illərinin əvvəlindən dövlət tərəfindən edilən “islahatlar” onun zərərlə işləməsinə (deyilənlərə görə ARDNŞ-nin borcu 14,0 mlrd-dan çoxdur) səbəb olmuşdur. Demək olar ki, ölkənin ümumi borcuna bərabər olan borcu aradan qaldırmaq və Şirkətin gələcək inkişafını təmin etmək məqsədilə ölkə rəhbərliyi Şirkətlə əlaqədar köklü islahatlar aparmalıdır.

Azərbaycan vətəndaşı kimi köklü islahatların aparılması üçün tədbirlər planının hazırlanmasında iştirak etməyə hazıram.

Rahib Zeynalov

 “İnnovativ İstehsalat Mərkəzi”nin baş direktoru, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, dosent