Dövlət büdcəsinin gəlir mənbələrində ARDNŞ-in payı

885

ARDNŞ yaradılandan (1992) bəri onun idarəetmə strukturları dəfələrlə dəyişikliklərə məruz qalıb. Onun Azərbaycan Respublikası prezidentinin 14 noyabr 1992-ci il tarixli, 312 saylı Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Direktorlar Şurası, Şirkətin prezidenti və İdarə Heyəti Şirkətin rəhbər orqanları hesab olunurdu.

“Dövlət Neft Şirkətinə pul verilir” deyimi barədə.

Yuxarıda göstərilir ki, AÇG-ya kontraktı üzrə “Tammiqyaslı” işləmədə bu layihənin Azərbaycana böyük iqtisadi mənfəətlər verməsi potensialı olmuşdur. Və gəlirlər düşünülmüş şəkildə sərf edilərsə, bu qazanclar sosial-iqtisadi dəyişikliklərə səbəb ola bilər. Həmçinin göstərilir ki, ARDNŞ-nin “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının “Tammiqyaslı” işlənməsindən əldə etdiyi gəlir birbaşa ARDNF-na köçürülür.

Ölkə prezidenti “Dövlət Neft Şirkətinə pul verilir… Bu pul dövlət büdcəsindən verilir, özü də böyük vəsait” – deməklə kimdən kimə şikayət edir? Bu çıxışı hazırlayan məmurlar bu məsələni araşdırmamış ictimailəşdirməyə nə ehtiyac var idi?! Məruzəni hazırlayan məmurlar ARDNŞ-nin hazırda ziyanla işlədiyini bilmirlərmi? Millət vəkilləri dövlət büdcəsinin qəbul olunmasında bu suallarla maliyyə nazirinə, baş nazirə niyə müraciət etmirlər? Çünki dövlət büdcəsinin qəbulu zamanı əksər millət vəkilinin bu barədə anlayışı belə olmur. Büdcə qəbulunun müzakirəsində iştirak edən hər bir millət vəkilinin “Büdcə sistemi haqqında” Qanundan az da olsa xəbərdar olmalıdır. Əminliklə deyə bilərəm ki, millət vəkillərinin əksəriyyətinin adı çəkilən Qanunun mövcudluğundan xəbəri belə yoxdur. Həmçinin bu qanuna 2017-ci ilədək edilmiş 120 dəyişiklikdən, qanunun kontekstdən çıxmasından xəbəri yoxdur.

Bütün bu səbəblərdən ARDNŞ-i zərərlə işləyən müəssisələr sırasına daxil olmuşdur.

Ölkə prezidentinin əsas layihələrə vəsait verilməsi deyimi barədə.

Hər hansı bir şirkət istər müstəqil, istərsə də dövlət şirkəti olsun, hər hansı layihəni həyata keçirmək niyyətində olursa, o şirkət layihənin texniki-iqtisadi göstəricilərini (biznes-plan) hazırlayır. Biznes planda layihənin məqsədi, dəyəri, şirkətin resursları, kreditə ehtiyac, kreditin ödənilmə qrafiki göstərilir. Dövlət kreditin ödənilməsinə qarant olursa, bu heç də o demək deyil ki, alınmış kredit dövlət büdcəsindən ödənməlidir.

Məlumat üçün qeyd etmək istəyirəm ki, Amerika Neft İnstitutunun (API) monoqrafı ilə məhsul istehsal edən müəssisə, şirkətlərə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı tərəfindən kredit verilərkən təminat istənilmir.

Azərbaycanda isə lazımlı və ya lazımsız layihələrə, prezident demişkən, dövlət qarant verirsə, bədəlinə də özü cavab verir. Belə borcların ödənilmək vaxtı, çatan öhdəliyin məbləği

– 2018-ci ildə – 2.262.777.523,0 manat;

– 2019-cu ildə – 2.334.787.768,0 manat;

– 2020-ci ildə – 1.828.161.216,0 manat, cəmi

– 6.425.726.507,0 manat olmuşdur. Bu vəsaitin hamısı dövlət büdcəsindən ödənilir.

Məntiqi sual yaranır: borcla “fəaliyyət” göstərən bu şirkətlər dövlətə lazımdırmı, şirkətləri bu hala salmaqda məqsəd nə olub, məqsəd olmayıbsa, şirkət rəhbərləri və onların havadarları bu vaxta kimi niyə cəzalandırılmayıb.

 

ARDNŞ-nin “SOCAR ENERYORESURS” Məhdud Məsuliyyyətli Cəmiyyəti əsas fəaliyyəti “Bərk, maye və qaz halda yanacaq və uyğun məhsulların topdan satışı”, əlavə fəaliyyət növü “Xam neftin və səmt qazın hasilatı” olan “Antipin neftayırma zavodu” layihəsinin investorlar qrupuna daxil olması barədə qərar verib. Bu qərar hansı zərurətdən yaranıb? Bu məqsədlə “SOCAR ENERYORESURS” MMC Antipin neftayırma zavodu qrupunun aktivlərini əmələ gətirən Orenburq vilayətindəki yataqları üzərində nəzarəti əldə etmişdir. Şəxsən mən bunları “yaba ilə su üstündə yazı” kimi dərk edirəm.

Məntiqi sual: ARDNŞ-i zərərlə fəaliyyət göstərdiyi halda belə layihələrə qoşulmaq hansı zərurətdən yaranıb? Bu layihənin faydalı fəaliyyətini əsaslandıran iqtisadi göstəricilər (Biznes-plan) mövcuddurmu?

Neftayırma zavodunun saytına görə, zavodun neftayırma gücü ildə 9 mln ton neftdir, zavodun istehsal etdiyi dizel yanacağı “Evro-5” standartına uyğundur.

20 avqust 2020-ci il 08:15-ə olan internet məlumatına görə Tümen vilayətinin Arbitraj məhkəməsi Antipin neftayırma zavodunu bankrot elan edib. Kreditorların zavoda olan tələbi on milyardlarla rubldur (150 mln ABŞ dollarından çox).

Belə olan şəraitdə Nizamnamə kapitalı 10,0 min rubl olan SOCAR-ın Rusiyadakı törəmə kompaniyasının baş direktoru Fərid Cəfərovun belə qərar verməsində maraq nədir?

Məlumat üçün qeyd etməliyəm ki, Sovet dövründə Azərbaycanda fəaliyyət göstərən 2 neft emalı zavodunda ildə 22 milyon ton neft emal oliunurdu. Bunun 10 milyon tonu Azərbaycanda hasil olunur, qalan 12 milyon ton isə Qazaxstan və Türkmənistandan tankerlərlə daşınırdı. Hazırda Azərbaycanda emal olunan neftin miqdarı 6-7 milyon ton civarındadır. Hasil olunan neftin qalanı xam neft şəklində satılır. Sual yaranır: Niyə?

ARDNŞ – 1992-ci ildə illik hasilatı 12,0 mln ton olanda rəhbərlikdə: Prezident və 3-4 vitse-prezident olduğu halda, hazırda “Azneft” İstehsalat Birliyinin neft hasilatı ildə 7,0 mln ton (“AÇG” – yataqları istisna olmaqla) olduğu halda Şirkətin strukturunda 12 vitse-prezidentin olması hansı zərurətdən yaranıb?

Yeni sahiblərin (Rusiyanın Sberbankı – 20%, SOCAR-ın “SOCAR ENERQORESURS” MMC kompaniyası) açar vəzifələri: bu mərhələdə zavodu işə salmaq, onun aramsız fəaliyyətini təmin etmək, daxili bazarlara və eksporta neft məhsullarını göndərmək, federal və regional büdcəyə vergiləri saxlamaqdır.

Onu da nəzərə almaq gərəkdir ki, zavodu işə salmaq üçün zavodu bankrotdan çıxarmaq, yəni 10 milyardlarla rubl kredit borcunu ödəmək lazımdır.

SOCAR-ın 2017-ci il hesabatında göstərilir: “2017-ci il sentyabr ayının 14-də, əsrin kontraktından 23 il sonra AR prezidentinin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti və ARDNŞ (SOCAR) “BP”, “Chevron”, “İNPEX”, “Statoyl”, “Exxon Mobil”, “TRAO”, “İTOCHU” və “ONGC Videsh Limited” şirkətləri tərəfindən “AÇG”-in birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında kontrakt dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalanmışdır və beləliklə də AÇG blokunun işlənməsində yeni dövr başlandı”. Bununla əlaqədar hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən AÇG yataqların işlənməsi 2049-cu ilə qədər uzadılmış və layihənin operatoru olaraq “BP” qalmışdır.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər ARDNF-na 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcəkdir. Növbəti 32 il ərzində AÇG-yə 40 mlrd-dan artıq sərmayə qoyulması potensialı var. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları: “BP” – 30,37%, AzAÇG (SOCAR), fikir verirsinizmi, SOCAR-ın AzAÇG müəssisəsi – 25%, “Chevron” – 9,57% (iştirakdan çıxıb), “İNPEX” – 9,31%, “Statoyl” – 7,27%, “Exxon Mobil” (iştirakdan çıxıb) – 6,79%, “TRAO” – 5,73%, “İTOCHU” – 3,65% və “ONGC Videsh Limited” (OVL) – 2,31%-dir.

Məntiqi sual yaranır. Əsrin müqaviləsinin iştirakçıları AÇG yataqlarının tammiqyaslı işlənməsi üzrə öhdəliklərini tam başa vurmamış (müqavilənin müddəti 2024-cü ildə bitir), müqaviləni 2049-cu ilədək müddətə uzatmaq hansı zərurətdən meydana çıxıb?

AÇG yataqları tammiqyaslı işləndikdən sonra əməliyyat işləri hansı ərazidə aparılmalıdır?

Digər tərəfdən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının tammiqyaslı işlənməsi nəzərdə tutulduğu və bu layihənin AÇG Tİ- üzrə neft hasilatının proqnozlaşdırılan qrafikinin dəqiqliklə yerinə yetirilməsinə nail olunduğu halda, əlavə hasilat platforması haradan tapılmalıdır?

Bir də onu qeyd etmək yerinə düşər ki, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə olan hissəsinin tammiqyaslı işlənməsi (maksimum hasilat – 50,8 mln ton) 2009-cu ildə başa çatdıqdan sonra xarici şirkətlərin Azərbaycanda qalmasına heç bir ehtiyac yox idi. Çünki, müqavilə üzrə maksimum hasilat, sonradan hasilatın ilbəil aşağı düşməsi, məsələn 2010-cu ildə 42,33 mln ton, 2011-ci ildə 37,22 mln ton, 2012-ci ildə 37,22 mln ton, nəhayət, 2017-ci ildə 31,3 mln tona enməsi bu yataqların tammiqyaslı işlənməsindən xəbər verirdi.

Tammiqyaslı işlənmə müddəti qrafik üzrə 2024-cü ildə neft hasilatı 200.000,0 barrel və ya 27,6 mln tonadək azalanda başa çatırdı.

Növbəti 32 il ərzində AÇG-yə 40 milyarddan artıq sərmayə qoyulması potensialının olması ifadəsi də perspektiv xarakter daşıdığından həddən artıq risklidir. Tərəfdaş şirkətlər bu potensiala heç vaxt risk etməzlər. Bəlkə elə bu səbəbdən “Chevron” və “Exxon Mobil” şirkətləri iştirakdan imtina edib.

AÇG yataqları üzrə tərəfdaşlardan “Chevron” və “Exxon Mobil” şirkətləri imtina etdiklərinə görə ola bilsin ki, müqavilə müddətinin uzadılması baş tutmasın.

Məsələn, ölkə başçısının ABŞ-a rəsmi səfəri zamanı imzalanmış 1999-cu ilin aprelin 27-də “Zəfər–Məşəl” strukturunun işlənmə layihəsi barədə müqavilə parlamentdə radifikasiya olunsa da və 90 mln ABŞ dollarına yaxın xüsusi bonus alınsa da, sərbəst qazma qurğusu olmadığına görə hər hansı əhəmiyyətli bir iş görülməyib. Daha bir misal:

Ölkə prezidentinin ABŞ-a rəsmi səfəri zamanı imzalanmış 1999-cu ilin 27 dekabr tarixli “Pador” və “Xarəmi” və ona bitişik perspektiv strukturların daxil olduğu oxşar blokun işlənməsi layihəsi üzrə də iş aparılmamışdır.

“Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərin sulu hissəsinin “Tammiqyaslı” işlənmə layihəsindən sonra 2-ci müqavilə ARDNŞ-i ilə “Vaytxol İnterneyşnl Treyderz” (Böyük Britaniya) arasında 25 dekabr 1995-ci ildə bağlanmışdır. Müqaviləni ARDNŞ-i adından Şirkətin vitse-prezidenti və Quruda Neft və Qaz Hasilatı üzrə İstehsalat Birliyinin başçısı, “Vaytxol İnterneyşnl Treyderz”in prezidenti imzalamışlar.

Müqaviləni imzalamış tərəflərin təsdiq etdiyi Birgə Müəssisənin Nizamnaməsi AR Ədliyyə Nazirliyində 27 iyun 1996-cı ildə 23 №-li qeydiyyatdan keçmişdir.

Birgə müəssisənin nizamnamə fondu – 100,000.00 ABŞ dolları olmuşdur.

ARDNŞ-nin iştirak payı 49,0% – 49,000.00 ABŞ dolları; Vaytxolun iştirak payı – 51,0% – 51,000,00 ABŞ dolları olmuşdur.

Beləliklə, müqavilənin şərtlərinə görə gündəlik hasilatı 600,0 ton (4200 barrel) dəyəri (1996-cı ildə 1 barrel neftin qiyməti 20,1 ABŞ dolları olub) 84.420,0 ABŞ dolları olan Kürovdağ neft yatağı 51,000.00 ABŞ dollarına Vaytxoll kompaniyasının tam ixtiyarına verilmişdir.

Müqaviləyə əlavə № 1-də hasilat qrafiki, yəni 1997-ci ildən proqnoz hasilat göstərilmişdir. Qrafikdə hasilat 1986-cı ildən verilmişdir. Bu qrafikə görə 1986-cı ildə hasilat ildə 441 min ton göstərilmişdir ki, bu da gündə 1208,0 ton deməkdir. Qrafikdə 1997-ci ilə proqnoz hasilat 204,2 min ton (gündə 560 ton) göstərilmiş, yəni 10 ildə hasilat 2,14 dəfə aşağı düşmüşdür.

Müqavilənin 1-ci ilində hasilat 199,0 min ton göstərilib və bu rəqəm ilbəil azalır: 2025-ci ildə (müqavilə müddətinin sonunda) bu rəqəm ildə 30,2 min tona (gündə 83 ton) çatır. Belə olan şəraitdə yatağın Vaytxoll kompaniyasına verilməsinin səbəbi nədir?

Məlumat üçün qeyd etmək istəyirəm ki, müqavilə fəaliyyətinin 1996-cı ilində neftin bir barellinin qiyməti ortalama 20,1 ABŞ dolları olub və 1996-cı ildə hasil edilən 199,0 min ton və ya 1.393.000,0 barrel neftin dəyəri 27,999,300.00 ABŞ dolları olub ki, bunun da 51%-i 14,279,643.00 ABŞ dolları edir. Bu vəsait Vaytxoll İnterneyşnl kompaniyasının əmanətindən 280,0 dəfə çoxdur. Fəaliyyət göstərdiyi 11 il ərzində isə qrafikə görə 2.134,6 min ton və ya 14.942,2 min barrel neftin dəyəri ortalama 459.472,62 min ABŞ dolları olmuşdur. (Vaytxolun payı – 234.330,8 min dollar).

Beləliklə, araşdırma nəticəsində məlum olmuşdur ki, ARDNŞ-i birgə müəssisə yaratmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq yerin təkini Vaytxoll kompaniyasının istismarına vermiş və ən yaxşı halda

234.330,8 min ABŞ dolları və

Vaytxoll kompaniyasının işçilərinin sayı qədər işçi yeri itirmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, tərəflər arasında təsdiq olunmuş qrafik fakultativdir, heç bir nəzəriyyəyə və təcrübəyə əsaslandırılmamışdır.

(Ardı var)

Rahib Zeynalov

 “İnnovativ İstehsalat Mərkəzi”nin baş direktoru, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, dosent