Dövlət büdcəsinin gəlir mənbələrində ARDNŞ-in payı

825

ARDNŞ yaradılandan (1992) bəri onun idarəetmə strukturları dəfələrlə dəyişikliklərə məruz qalıb. Onun Azərbaycan Respublikası prezidentinin 14 noyabr 1992-ci il tarixli, 312 saylı Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Direktorlar Şurası, Şirkətin prezidenti və İdarə Heyəti Şirkətin rəhbər orqanları hesab olunurdu.

İndi də AR-nın 2021-ci il dövlət büdcəsinin gəlir mənbələrini araşdıraq.

Öncə onu qeyd etmək yerinə düşər ki, SSRİ dövründə Azərbaycan SSR-in büdcəsində “gəlirlər” və “xərclər” ayrı-ayrılıqda göstərilsə də bənd-bənd verilmirdi. Bunun səbəbi ondan ibarət idi ki, hər il 2,0 milyard rubl fiksal gəlir (gəlirlərin xərclərdən artıq hissəsi) xalqdan gizlədilirdi.

Onu da qeyd etməliyəm ki, Sovet dövründə Azərbaycan SSR-in dövlət büdcəsində “inkişaf fondu” nəzərdə tutulurdu. Bunun üçün xərclərin cari büdcəyə və inkişaf büdcəsinə bölünməsi, yəni

 

Xərclər

——————————- =  1 prinsipi əsas götürülürdü.

cari büdcə+inkişaf fondu

 

İnkişaf büdcəsi geniş təkrar istehsalın maliyyələşdirilməsi ilə əlaqədar olurdu.

2021-ci ilin dövlət büdcəsi haqqında qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə AR prezidentinin fərmanında: 2021-ci ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı özəlləşdirmədən daxil olmalar üzrə nəzərdə tutulmuş vəsaitin tam məbləğdə büdcəyə təmin edilməsi üçün təsirli tələblərin ödənilməsi iqtisadiyyat nazirinə tapşırılır (fərmanın 7.4 bəndi).

Fərmanın bu bəndi ölkə prezidentinin 16 may 2000-ci il tarixli 878-1Q nömrəli AR qanununa ziddir. Orada deyilir: maddə 11.1 – Dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan vəsait dövlət büdcəsinə köçürülür. 2017-2020-ci illərdə bu defisit 5.427.200,0 min manat olmuşdur.

Deməli, bu qanunu pozmaqla dövlət büdcəsinin gəlirləri özəlləşdirilmədən əldə edilən gəlirlər qədər azaldılmışdır.

Bəs qanun pozuntusu da olsa, görəsən hesabat ilində, məsələn 2020-ci ildə özəlləşdirmədən əldə edilən vəsait ölkə büdcəsinin maliyyələşdirilməsini təmin edibmi? Bu suala cavab vermək çətindir. Bu məsələ İqtisadiyyat Nazirliyinin görəcəyi tədbirdən asılıdır. İqtisadiyyat Nazirliyi bu tapşırığın öhdəsindən gələ bilibmi? Əminliklə deyə bilərəm ki, nazirlik bu işin öhdəsindən gələ bilməz, çünki dövlət əmlakı sayılan irili-kiçikli dövlət obyektləri elə günə salınıb ki, ağlı başında olan heç bir investor bu obyektləri özəlləşdirməz. Məsələn, 2021-ci il dövlət büdcəsindəki kəsiri (3.116.000,0 min manat) maliyyələşdirmək üçün min ədəd Sumqayıt “Azərboru” kimi əmlakı olan obyekti özəlləşdirmək lazımdır ki, bu da mümkün deyil.

Məlumat üçün qeyd etməliyəm ki, “Azərboru” 2013-cü ildə 3 mln manata özəlləşdirilib.

2017-2021-ci il dövlət büdcəsinin araşdırılması göstərir ki, dövlət büdcəsi tavandan götürülmüş rəqəmlərlə heç bir məntiqə, qanuna uyğun olmadan formalaşdırılmış, bu səbəbdən onun icrasına nəzarət mümkünsüzdür.

Buna misal, 2021-ci il dövlət büdcəsində AR prezidentinin Administrasiyasına, AR prezidenti yanında və AR prezidenti fərman və sərəncamları əsasında təsis edilmiş, əsasnamələri prezident tərəfindən təsdiqlənmiş qurumlara ayrılmış vəsaitləri araşdıraq.

2021-ci il dövlət büdcəsində AR prezidentinin Administrasiyasına ayrılmış vəsait – 153.951.883,0 manat, yəni qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ayrılmış vəsaitin (1.062.439.566,0 manat) 14,5%, 2021-ci il dövlət büdcəsindən bu bənd üzrə ayrılmış vəsaitdən 20% çoxdur.

AR prezidentinin yanında təsis edilmiş, əsasnamələri prezident tərəfindən təsdiq edilmiş qurumlara ayrılmış vəsait – 699.947.543,0 manat, yəni qanunvericilik orqanlarnın fəaliyyətinə ayrılmış vəsaitin 65%-ni təşkil edir.

Bu qurumlardan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (E və TSN) və nəzdində təsis edilən və əsasnamələri ölkə prezidenti tərəfindən təsdiq olunmuş qurumlara 2021-ci ildə dövlət büdcəsindən ayrılmış vəsaiti nəzərdən keçirək.

Öncə AR E əv TSN-yi və tabeli qurumlar haqqında qısa məlumat verək:

AR E və TSN-yi ölkə prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı fərmanı ilə təsis edilmişdir.

Tabeli qurumlara:

  • Ətraf Mühitin Mühafizəsi Departamenti;
  • On rayon üzrə ərazi E və TSN-nin şöbəsi;
  • İşğal olunmuş Ağdam, Qubadlı, Şuşa, Zəngilan, Fizuli regional E və TSN-nin İdarəsi;
  • Bakı şəhəri E və TSN-nin Departamenti;
  • Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı;
  • Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu;
  • Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə edilən Təbiət Ərazilərinin İnkişaf Departamenti;
  • Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi;
  • İxtisaslaşdırma və İxtisasartırma İnstitutu;
  • Kompleks Hidrometeoroloji və Ekoloji Elmi-Tədqiqat Elm Mərkəzi;
  • Layihəlndirmə Mərkəzi;
  • Meşəçilik Elmi-Tədqiqat İnstitutu;
  • Meşələrin İnkişafı Departamenti;
  • Meteorologiya və Standartlaşdırma Mərkəzi;
  • Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “fəaliyyət” göstərmişdir.

AR prezidentinin 27 mart 2020-ci il tarixli “AR E və TSN-nin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanı imzalanməşdır.

Bu fərmanla:

  • AR E və TSN-yi haqqında Yeni Əsasnamə təsdiq edilmiş;
  • AR E və TSN-yi haqqında AR prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ləğv edilmiş;
  • AR E və TSN-yi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaradılmış və haqqında Əsasnamə təsdiq edilmiş;
  • AR E və TSN-yi yanında Meşələrin İnkişafı Xidməti (əvvəlki tərkibdə – Meşələrin İnkişafı Departamenti Əsasnaməsi təsdiq edilmiş;
  • AR E və TSN-yi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə təsdiq edilmiş (əvvəlki tərkibdə – Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu);
  • AR E və TSN-yi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti (əvvəlki tərkibdə – Bioloji Müxtəlifliyin qorunması və Xüsusi Mühafizəedilən Təbiət Ərazilərinin İnkişafı Departamenti) haqqında Əsasnamə təsdiq edilmişdir;
  • Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiq edilmiş və AR E və TSN-nin strukturu 840 nəfərdən ibarət ştat vahidi müəyyən edilmişdir.

AR Maliyyə Nazirliyinə bu fərmanla təsdiq edilmiş “Dövlət Ekspertiza Agentliyi”-nin Nizamnaməsinin 5.1-ci bəndində göstərilən məbləğlə (2 mln manat) maliyyələşdirilməsini təmin etmək tapşırılır.

Məlumat üçün qeyd etmək lazımdır ki, AR E və TSN-nə 2021-ci ilin dövlət büdcəsində bu bəndlər və yarımbəndlər üzrə – 51.738.904,0 manat ayrılmışdır. Bu məbləğ AR NK-nə ayrılmış vəsaitdən 1,187 dəfə çoxdur.

Ölkə prezidentinin fərmanları və sərəncamları ilə qanunvericiliyə uyğun fəaliyyət göstərən qurumların tərkibində və ya prezident yanında qurumlar təsis etmək, onların nizamnamə və ya əsasnamələrini təsdiq etmək ölkə prezidentinin səlahiyyətləri xaricindədir, hüquqi şəxslər haqqında AR Mülki Məcəlləsinin uyğun maddələrinə, nizamnaməsi dövlət qeydiyyatından keçmiş hüquqi şəxsin nizamnaməsinə ziddir. Çünki, hüquqi şəxsin nizamnaməsində onun strukturu, fəaliyyət növü, yerləşdiyi ünvan və ləğvi göstərilir. AR Konstitusiyasının 109-cu maddəsinə (AR prezidentinin səlahiyyətləri) 32-ci bəndi (bu konstitusiya ilə AR MM-nin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir) istinad etmək heç də o demək deyil ki, qanunvericiliyə uyğun fəaliyyət göstərən qurumun tərkibində yeni hüquqi şəxs təsis etmək ölkə prezidentinin icra qaydasında həll etməsi kimi qəbul edilməməlidir.

 

İndi də ARDNŞ-nin ÜDM-da payını araşdıraq.

Yuxarıda qeyd etmişdim ki, ARDNŞ-nin ÜDM-da 2018-ci ildə payı – 40.120,0 mln manat olmuşdur.

Ümumi daxili məhsul (ÜDM) – verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM – xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir.

ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya və ya digər ölkələrin şirkətləri Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-da əks olunur və əksinə, Azərbaycan şirkətləri digər ölkələrdə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstərdiyi xidmət bu və ya digər ölkələrin ÜDM-da əks olunur. Bu səbəbdən dövlət qurumlarının xaricdə fəaliyyət göstərməsi məqsədəuyğun deyildir.

2018-ci ildə Azərbaycan Respublikasının daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəri – 79.797,3 mln manat olmuşdur (AR-nın dövlət statistika komitəsi Azərbaycan rəqəmlərdə 2019, səh. 62, cədvəl 10)

2021-ci ilin dövlət büdcəsinin gəlir mənbələrində “Əlavə dəyər vergisi” (ƏDV) – 4.710.000,0 min manat göstərilmişdir.

ƏDV – istehsal olunan əmtəə və xidmətlərin dəyərinin 18,0 faizini, yəni 2018-ci ildə ƏDV – 79.797,3 mln. manat x 18,0%=14.363.514,0 min manat təşkil etmiş olardı. ARDNŞ-nin gəlir vergisi isə, 2018-ci ildə gəlirlərin (11.559.956.200,0 manat) 28,0%-i – 3.236.787,8 min manat, yəni birlikdə – 17.600.301,7 min manat təşkil edir ki, bu da 2021-ci il dövlət büdcəsi gəlirlərinin 69,2 faizini təşkil edərdi.

Ölkə prezidentinin məlum çıxışında deyilir: sitat: “Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşları ilə birgə çalışdıqları konsorsumdakı payının maliyyələşdirilməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən özü də böyük vəsait”.

Doğrudan da, AR-nın 2019-cu il dövlət büdcəsində “ARDNŞ-nin nizamnamə kapitalının artırılması” üçün 481.600.000,0 manat vəsait ayrılmışdır (əsaslı vəsait qoyuluşu bəndi).

Ölkə prezidentinin məlum çıxışından daha bir sitat: “Amma necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin, bu işi görək, lakin bu işin səmərəliliyinə heç kim baxmır – bu iş görülməlidir, yaxud görülməməlidir. Bu iş bu ilmi görülməlidir, yoxsa iki il gözləyə bilər. Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə diqqət yetirilməlidir”.

Prezidentin bu iki deyiminə cavab verməyə çalışacağam.

(Ardı var)

Rahib Zeynalov

 “İnnovativ İstehsalat Mərkəzinin baş direktoru, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, dosent