Doktorantura təhsili ilə bağlı YENİLİK

93

Ali təhsilin dördüncü səviyyəsi olan doktorantura akademik və peşə yönümlü olacaq.

“Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda yüksək ixtisaslı elmi kadrların hazırlanması doktorantura səviyyəsində (hərbi təhsil müəssisələrində – adyunktura) həyata keçirilir. Doktoranturaya magistraturanı bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili (kvalifikasiyası) ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan vətəndaşları qəbul olunurlar. Doktoranturaya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

Doktorantura kreditlərinin toplanması aşağıdakı şəkildə müəyyən edilir:

– elmi-tədqiqat sahəsi üzrə müvafiq tədris fənləri – 90 kredit

– elmi tədqiqatın aparılması, dissertasiyanın hazırlanması və əlaqələndirilməsi – 120 kredit;

– dissertasiya işinin müdafiəsi – 30 kredit.

Sənəddə bildirilir ki, doktorantura təhsilini başa vurmuş (o cümlədən elmi tədqiqat işini başa vurmuş) və 150 kredit toplamış, lakin dissertasiya müdafiə etməmiş şəxslərə maksimum 2 il müddətində elmi tədqiqat işinin əlaqələndirilməsi və müdafiəsi üçün imkan yaradılır.

Bir şəxsin iki fərqli ixtisas üzrə doktoranturada təhsil almaq hüququ müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalar çərçivəsində mümkündür. Bu zaman aşağıdakı tələblər yerinə yetirilməlidir:

– eyni zamanda iki doktorantura proqramında təhsil almaq bir proqramın təlim kreditlərinin toplanmasından sonra mümkündür;

– bir doktorantura proqramının təlim hissəsi üzrə təhsil müddəti bitdikdən sonra və ya doktorantın müəyyən səbəblərdən həmin proqram üzrə təhsilini dayandırması zamanı ikinci proqrama qəbul olması mümkündür;

– hər bir şəxs yalnız bir dəfə əyani və dövlət hesabına doktorantura proqramında təhsil ala bilər;

– ikinci doktorantura proqramına qəbul olunmuş doktorantın birinci doktorantura proqramında qazandığı təhsil kreditlərinin (maksimum 120 kredit) tanınmasının təmin edilməsi müvafiq ali təhsil müəssisəsinin məsuliyyətidir.

Fəlsəfə doktoru doktorantura və onun ekvivalenti səviyyəsini doktorluq dissertasiyasının müdafiəsi ilə bitirən məzunlara verilən elmi dərəcədir, pilləsinin sonuncu kvalifikasiyasıdır. Müvafiq idarəetmə ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MBA) qazanmış və magistr dissertasiyası müdafiə etmiş şəxslər biznesin idarəedilməsi doktoru (DBA) təhsil proqramı üzrə təhsillərini davam etdirə bilərlər. Biznesin idarəedilməsi doktoru (DBA) təhsil proqramı 6 moduldan ibarətdir. Elmi-tədqiqat və tədris 5 modul, dissertasiya müdafiəsi 1 moduldan ibarətdir. Biznesin idarəedilməsi doktoru elmi dərəcəsi almış şəxslər akademik vəzifələr tuta bilərlər.

Əyani təhsil alan doktorantlar elmi rəhbərinin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsində 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxsin postdoktorantura tədqiqatçısı hüququ yaranır. Postdoktorantura tədqiqatçısı statusu ali təhsil müəssisələrinin müvafiq ixtisas (təhsil) proqramları daxilində elmi tədqiqat aparılması və ya peşə bilik və bacarıqlarını inkişaf etdirmək, praktikada tətbiq etmək istəyənlər üçün yaradılan qısamüddətli (2-4 semestr) sikldir. Postdoktorantura tədqiqat dissertasiyası ilə yekunlaşmır və hər hansı elmi dərəcə vermir, müvafiq sertifikatın alınması ilə başa çatır. \\Axar