Dilqəm və Şahbaza qardaş məktubu

150

Məcbur yazıram. Çox ağrıdır. İnanın göydəki Allaha ki, üzülürəm. Mənim əzizlərim, biz bir-birimizi yaxından tanımırıq. Bu fani dünyada nə bircə dəfə üz-üzə gəlmişik, nə də bir salam-əleykümümüz olub. Lakin haqqınızda hələ o dağlarda-dərələrdə əsir düşməmiş nələrə, hansı qəhrəmanlıq tarixinə atdığınız pozulmaz imzalarınızdan az-maz xəbərdar idim. Hər ikinizi ləyaqətli, torpağını, millətini sevən, ümumi düşmənimiz erməniyə qarşı sonsuz nifrət bəsləyən şücaət, cəsarət simvolu kimi bilir və hörmət edirəm. Allah Həsənə də rəhmət eləsin!!!

Bu qorxmaz və itigözlü kəşfiyyatçı dostunuzla bərabər üçlükdə yola çıxdınız, günün birində düşmənin böyük silahlı dəstəsi ilə döyüşə girdiniz. Həsən qəhrəmancasına bu döyüşdə həlak oldu. Füsunkar Kəlbəcərimizin hər qayasında, daşında indi də sizin nəfəsiniz, iziniz durur. Axı bərabər yürüdünüz, axı bərabər yağan yağmura qarşı mücadilə yaptınız. Düşmənin olduğu yerlərin xəritəsini bərabər çəkir, lentə alırdınız. Bərabər yatar, bərabər durardınız… Görünməmək üçün ağac budaqlarını qırıb üstünüzə sərərdiniz. Şahbaz, Dilqəm, hər dəqiqə, hər saniyə ölüm gözləyirdi sizi. Bu hisslər sizi sındırmadı, hətta düşmən əsirliyində olarkən də qürurunuzu qorudunuz. Gün olub ki, yeyəcək heç nəyiniz qalmayıb. Dərələrdən axan çay suları ilə gününüzü yola versəniz də silahı, kəşfiyyat bilgilərini toplamaq həvəsini, eşqini tərk etmədiniz. Əsirlikdə belə, Vətən namusunu, qeyrətini yerə vurmadınız. Əzab-əziyyətli dəqiqələrə dözərək torpağın təəssübünü çəkdiniz. Vüqarınızı itirmədiniz. Təzə “dil” ələ keçirdiyiniz gün sizin üçün əsl bayram olardı. Gün ərzində 2-3 saat gözlərinizin acısını alardınız!!!

İndi sizə nə oldu!? Dövlətimizin sayəsində, xalqımızın xeyir-duaları ilə düşmən əsarətindən xilas olub ailənizin yanına döndünüz. Şükür etmək əvəzinə bir-birinizi qırırsınız. Nə baş verdi, nə oldu ki, dönük çıxdınız bir-birinizə!? Millətin ürəyini qırmayın, könlünə zəhər qatmayın!!! Ünvanınıza o söz, o təhqir qalmır ki, deməyəsiniz. Xalq sizə baxır, inciməyin məndən, bəzi məsələlərə görə acı təəssüflər keçirənlər də var. Kimdi günahkar, Dilqəm, ya Şahbaz, bunu xalqdan soruşmağa ürəyim gəlmir…

Nəhayət, dönün bu yoldan, bir-birinizi heç olmazsa erməniyə satqınçılıqda günahlandırmayın!!! Artıq dərəcədə sizdən xahiş edirəm. Barışın, lənət şeytana deyib əl-ələ verin. Qucaqlaşın!!!

Eldar SABİROĞLU