Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi – Bu layihənin adıdır

69

“ABŞ-da güclü diaspor təşkilatları qurmalıyıq”

Mehriban Nəsib: “Müharibə dönəmində biz Azərbaycana 200-300 min dollar göndərə bildiksə, ermənilər Ermənistana 200 milyon dollar göndərdilər”

“Novruz bayramında, ya hansısa günlərdə tədbirlər keçirmək diaspor fəaliyyəti deyil”

“Soydaşlarımızı çalışıb dövlətin qurumlarına senator köməkçiləri kimi vəzifələrə yerləşdirməliyik ki, səsimizi eşitsinlər və ölkəmiz üçün nəsə edə bilək”

ABŞ çoxlarının arzuladığı, can atdığı ölkədir. Həm də dünya siyasətində sözü keçən, dunyaya yön verən ölkələrdən biridir. Odur ki, bu ölkədə güclü diaspor təşkilatlarımızın olmasıdaha prioritet məsələlərdəndir. Bəs, ABŞ-da Azərbaycana bağlı diaspor təşkilatlarının durumu, fəaliyyəti nə yerdədir? ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlimiz Mehriban Nəsiblə bu mövzulara işıq tutmağa çalışdıq.

– Mehriban xanım, ABŞ-da Azərbaycanın təmsilçisi olan diaspor təşkilatları əsasən hansı ştatları və şəhərlərı əhatə edir? Ümumiyyətlə, ABŞ-da neçə diaspor təşkilatımız var və onların arasında koordinasiya necə təmin edilir?

– Onu deyim ki, ABŞ-ın demək olar, bütün ştatlarında Azərbaycan diaspor təşkilatları var. Nyu-Yorkun özündə 3 -4 diaspor təşkilatı var. O cümlədən, Vaşinqtonda, Nyu-Cersi şəhərlərində də var. Nyu-York həm ştat, həm də şəhərdir. Nyu-Cersidə Tomris Azərinin rəhbərlik etdiyi diaspor təşkilatı var. Pensilvaniyada, Minnesotada Günel xanımın, Esmira xanımın, Texasda İradə xanımın, Tərlan müəllimin, Çikaqoda Əhməd Obalının və Mehriban xanımın rəhbərlik etdiyi təşkilatlar var.

Diaspor təşkilatlarımızın koordinasiya məsələsinə gəldikdə isə, onu deyə bilərəm ki, koordinasiya olunmur. Burada türk diaspor təşkilatlarının koordinasiya mərkəzi var, onlar ayda və ya həftədə bir dəfə iclas keçirirlər. Təəssüf ki, Azərbaycan təşkilatlarında bu yoxdur. Hərdən rast gəlirəm ki, Azərbaycan Diaspor Komitəsi bütün diaspor rəhbərlərini, aktivistləri yığaraq iclas keçirir və bu iclaslarda iştirakçılar tanış olurlar, bir-birinin hansı ştatda yaşadığını, hansı işlə məşğul olduğunu öyrənirlər. Mən də ABŞ-da yaşayan diaspor təşkilatı üzvlərinin çoxu ilə belə tanış olmuşam.Yaxud Azərbaycanın ABŞ-dakı səfiri Emin Süleymanov da belə iclaslar keçirir. Amma bu, çox nadir hallarda olur.

Onu da deyim, çox təəssüf ki, bəzən eyni şəhərdə yerləşən Azərbaycan diaspor təşkilatları bir-birilə yola getmirlər. Məsələn, mən Meyn ştatında olan Tərlan müəllimlə, yaxud Çikaqoda olan Əhməd Obalı ilə yaxşı yola gedə bilərəm, amma öz ştatımda bu sahədə problem yaşayıram. Burada belə şeylər çoxdur. Mən bu barədə dəfələrlə iradımı bildirmişəm. Fikrimcə,mövqeyindən və siyasi baxışından asılı olmayaraq, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız diaspor məsələndi birlik nümayiş etdirməlidir. Fərqi yoxdur, bu işi kim görür. Dəfələrlə bu məsələyə toxunsam da,hələ də müəyyən problemlər var. Amma inanıram ki, bu problemlər tədricən aradan qalxacaq.

– Sizsə,bu problemlərin yaranmasına səbəb nədir?

– Səbəb odur ki, hamı yerləşdiyi ştatda, yaxud şəhərdə yeganə lider kimi özünün olmasını istəyir. Amma eyni şəhərdə fərqli təşkilatlar yarana bilər. Bəzi insanlar isə düşünür ki, ancaq onlar lider olmalıdırlar.

– Sizin bağlı olduğunuz təşkilatın iqamətgahı harada yerləşir? Fəaliyyətə nə zamandan başlamısınız? Qarşıya qoyduğunuz məqsədlər nədir və fəaliyyət istiqamətinin necə qurursunuz?

– Mənim bağlı olduğum təşkilata gəlincə, deyim ki, Nyu-Yorkda yaşayıram və burada olan heç bir təşkilata bağlı deyiləm. Amma burada keçirilən tədbirlərdə fəal iştirak edirəm. Daha doğrusu, əvvəllər bir neçə diaspor təşkilatı var idi, zənnimcə, sonra fəaliyyətləri dayandı. Yalnız Nyu-York Azərbaycan Assosiasiyası var. Bu, ana təşkilatdır. Mən onlarla əlaqəli çalışıram. Amma hələ ailə problemləri ilə bağlı olaraq fəaliyyətimi fəal fazaya keçirə bilmirəm. Niyyətim var ki, özüm təşkilat yaradım. Bizim diaspor təşkilatlarının bəziləri dekabrda Həmrəylik günü, Novruz bayramı, 20 Yanvar Anım Günü, Xocalı soyqırımı günü  keçirirlər və onların fəaliyyəti bundan ibarət olur. Lakin bizim ABŞ-da fəaliyyətimiz bundan ibarət olmalı deyil. Başımıza gələnləri biz bilirik və bunları amerikalılara anlatmalıyıq. Anlatmalıyıq  ki, problemlərimiz nədir, bizdə soyqırım var. Bu soyqırımı tanıtmalıyıq.

Bu yaxınlarda Minnesotada Günel Musəvinin rəhbərlik etdiyi təşkilat ştatın meri ilə əlaqə saxladı, 26 fevralı Xocalı Günü elan etdilər. Bu artıq fəaliyyətdir. Mən Tərlan bəyin də adını çəkməliyəm. Tərlan bəy də Meyn ştatında böyük işlər görür. Amma fəaliyyətimiz Novruz bayramında, ya hansısa günlərdə tədbirlər keçirməkdirsə, bu, diaspora fəaliyyəti deyil. Biz daha çox senatorlarla, nümayəndəliklərlə əlaqələr, yaxşı münasibətlər qurmalıyıq. Bayrağımızı, uğradığımız soyqırımı tanıtmalıyıq. Mən bu fəaliyyəti Nyu-Yorkda görmədiyimə görə, inşallah, bu işləri görəcək təşkilat yaratmaq istəyirəm. Daha doğrusuŞ bu təşkilat yaranıb, onu qeydiyyatdan keçirmək lazımdır. Hələ Kolumbiya universitetində oxuyarkən bir-neçə böyük konfrans keçirmişəm, ermənilər gəlib dağıdıblar. Sonra mən 2012-ci ildə ermənilərin konfransını dağıtmışam. Onlar auditoriyaya yanlış informasiya vermişdilər ki, Azərbaycan bizim mədəni irsimizi dağıdıb, torpaqlarımızı işğal edib. Onlar bu anda bilmədilər ki, zalda azərbaycanlı var. Mən onlara dedim ki, siz zaldakı amerikalı müəllim və tələbələri aldadırsınız. Siz Azərbaycanın 20%-ni işağl etmisiniz. Onlar mənim sözümü kəsə bilmədilər. Yəni demək istədiyim odur ki, hazırda istədiyim işləri görə bilmədiyimə görə akademik ortama qayıtmaq istəyirəm. Akademik səviyyədə daha çox işlər görmək olur. İndi də tədbirlərə, aksiyalara qatılırıq, amma bu, mənim üçün kifayət deyil. Onu da deyim ki, ermənilərin ingilisdilli çox böyük təşkilatları var və onların rəhbərləri professional şəkildə ingiliscə danışır. ANCA təşkliatını nəzərdə tuturam. İnişil onlar qondarma “Artsax”ın ildönümünü keçirəndə biz mane olduq. O aksiyanı idarə edən bizə yaxınlaşaraq təxribata çəkməyə çalışırdı. Mən özüm ingiliscə professional şəkildə danışıram, amma amerikalı aksenti ilə yox. Onlar ingilis dilində professionallıq baxımından bizdən qabaqdadırlar. Biz 40-50 il bundan əvvəl ABŞ-a gəlmişiksə, onlar bizdən çox əvvəl artıq-100 il qabaq bu ölkədə idilər. Bizdən çox güclüdürlər. Çox yüksək vəzifədədirlər. Məhkəmədə xeyli erməni çalışır. Erməni vəkillər həddən çoxdur. Vəkillər 250 min-350 min dollar pul alırlar. Onlar erməni məsələsilə bağlı aksiyalara min dollar göndərəndə bizimkilər 50 dollar göndərirlər. Müharibə dönəmində biz Azərbaycana 200-300 min dollar göndərə bildiksə, onlar Ermənistana 200 milyon dollar göndərdilər. Bizim insanlar ABŞ-da yenidirlər, onlar isə burada çoxdan yerləşiblər. Onlara batmaq üçün biz bu ölkədə güclü diaspor təşkilatları qurmalı, soydaşlarımızı çalışıb dövlətin qurumlarına senator köməkçiləri kimi vəzifələrə yerləşdirməliyik ki, səsimizi eşitsinlər və ölkəmiz üçün nəsə edə bilək.

– Yəni siyasi təsir göstərə bilək…

– Bəli, onlar bunu edə bilirlər. Hökumətə bir neçə qanun layihəsi təqdim ediblər, amma biz heç bir şey edə bilmirik. Daha bir mənfi şey budur ki, məsələn, burada güneyli-quzeyli 400 min azərbaycanlının olduğunu deyirlər, amma bu sayın cəmi 20-30 mini siyasi proseslərə qarışır. Çoxu deyir ki, mən qarışmıram. Necə vətənin dərdlərinə qarışmırsan? Erməninin uşağından böyüyünə, 3-cü nəsli olsa belə proseslərə qarışırlar, kömək edirlər. Bizdə 1-ci nəsil gəlir və deyir qarışmıram. Məncə, biz uşaqlarımıza da vətənin problemlərini öyrətməliyik. Xocalı soyqırımının həm burada, həm dünyada tanıdılması ermənilər üzərində böyük qələbələrimizdən olardı. Buradakı diaspor rəhbərlərimizdən heç biri ingiliscə danışmır, 10-20%-i danışa bilirlər. Odur ki, mən ən çox gənclərlə əlaqə saxlayıram. Bizə ingiliscə səlis danışan, fikrini ifadə edə bilən, həm amerikalı, həm azərbaycanlı gənclər lazımdır.

– Ölkəmizin tanıtımı üçün fəaliyyətinizi necə qurmusunuz? İkinci Qarabağ savaşı zamanı nə kimi işlər görüldü?

(Ardı var)

“Hürriyyət”