Deputatdan ailə planlaması, repuroduktiv sağlamlıq, Aliment Fondu ilə bağlı təkliflər

78

Milli Məclisin deputatı Könül Nurullayeva Milli Məclisin iclasında insan hüquqları üzrə müvəkkil – Ombudsmanın hesabatı ilə bağlı rəy və təkliflərlə çıxış edib.

Bildirib ki, 2020-ci il ərzində insan hüquqlarının müdafiəsi sahəsində çox böyük işlər görülüb. Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən tədbirlər, o cümlədən qanunvericilik aktlarının təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına, xüsusilə aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan əhali qruplarının rifahına xidmət edir. İdarəetmənin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı inam və etimadın daha da artması cəmiyyətin inkişafı və respublikamızın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.

Millət vəkili qeyd edib ki, ümumilikdə, bu sahədə Ombudsman Aparatının informasiya kommunikasiya texnologiyalarından fəal şəkildə istifadə edərək vətəndaşların 27500 müraciətini qəbul etməsi və cavablandırması bu orqanın fəaliyyətinə qarşı inamdan və düzgün idarəçilik mexanizmlərindən irəli gəlir.

K.Nurullayeva insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi məqsədilə Ombudsmanın illik məruzələrdə irəli sürdüyü, habelə aidiyyatı dövlət qurumlarına təqdim etdiyi təkliflərdən bir neçəsinə xüsusi diqqət çəkib. Onlardan biri ailə planlaması üzrə strateji proqramın hazırlanması, təsdiq edilməsi, tətbiqi, digəri isə uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmin (Aliment Fondunun) yaradılmasıdır.

“Hər iki təklif reallaşarsa, onların dövlətin özəyini təşkil edən ailə institutunun möhkəmləndirilməsinə, həmçinin uşaqların maraq və mənafelərinə ciddi təsir göstərəcəyinə ümid edirik” deyən millət vəkili dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində müraciətlərə daha effektiv baxılması mexanizmləri üzərində də işlərin aparılmasını təklif edib. O, bunu əksər müraciətlərin baxılması üçün şikayət edilən şəxsin sonda özünə göndərilməsi ilə izah edib: “Təbii ki, bu zaman nəticə əldə etmək də çətinləşir. Yəni, Ombudsmana edilən müraciətlərin aidiyyatı üzrə göndərilməsi ilə yanaşı, həmin müraciətlərin baxılması qaydaları da nəzarətdə saxlanılmalıdır”.

K.Nurullayevanın qənaətincə, vətəndaşlarla dövlət qurumları və yerli özünüidarə orqanları arasında vasitəçilik missiyasını həyata keçirən Ombudsmanın insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə təsir etməsi, habelə əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təşəbbüşlərlə daim çıxış etməsi, fəaliyyətinin real nəticələri onun uğur dinamikası ilə bu işləri davam etdirəcəyini deməyə əsas verir.

Musavat.com