DELFİNLƏR DƏ ADAM KİMİ SANKİ DİL BİLİRDİLƏR… – Eldar Sabiroğlu yazır

51

Səkkiz il əvvəlin söhbətidir. Dostum Budaqla uzun bir yola çıxdıq. Gözəl və unudulması mümkün olmayan bir səfər idi. Xatirəsi haqda nəhayət ki, indi danışmaq qərarına gəldim. Fövqəladə bir hadisə olmasa da, bəzi xoş məqamları ilə yaddaşımın dərinliyinə enə bilib.

Trabzona gedirdik. Maşınımız dümdüz yolda böyük sürətlə Qara dənizin sahili ilə mənzil başına doğru irəliləyirdi. Budaq yollara bələd olduğundan mənə tez-tez təskinlik verərdi. Hər təskinliyindən sonra da sürəti artırardı. Sanki quş kimi göydə uçurduq. Qorxaqlığı buraxıb dənizə baxdım. Kükrəyən dalğaların arasınca delfin sürüsünün bizimlə yarışa girdiyini birdən gördüm və Budağa dedim ki, sənə şükür, gör delfinlər necə sürətlə üzürlər. Bəzən onlara çata bilmirdik.

Səfərimizdən zövq aldığım bu anlar hələ də xəyalımdan ayrılmayb. Axı, dünyanın 48 ölkəsini dolaşmış bir adamı möcüzələrlə heyrətləndirmək elə də asan iş deyil. Lakin ilk dəfə idi ki, Qara dəniz öz heyrətamiz möcüzəsi ilə məni məftun edirdi. Delfinlər də adamlar kimi dil qanırdılar. Dəniz dalğaları arasında bəzən itən və sonra bizdən xeyli uzaqlarda ani olaraq görünən və sakit halda oynaşan “yarış dostlarımızın” qələbəni belə şadyanalıqla qeyd etmələri başqa bir aləmi, fərqli bir dünyanı gözlərim önündə canlandırırdı. Bu maraqlı görüntülər məni sanki şahə qalxan dəniz dalğaları arasında delfinlərlə bərabər üzdürürdü.

Üzərindən xeyli keçəndən sonra bəs niyə məhz indi bu təbiət hadisəsini xatırlayıram!? Haqlı sual olardı. Etiraf edim ki, bir neçə dəfə qələmi sınamaq istəmişəm. Lakin alınmayıb. Elə bil hardasa bir qüvvə əllərimdən tutub yazmağa qoymur, mənə tələsməməyi məsləhət görürdü. Bu yerlərin ətrindən, bir-birinə dayaq duran meşələrin nəfəsindən, ciyərlərimə çəkdiyim fövqəladə təmiz havasından heç ayrılmaq istəmirdim. Türkiyənin İqdırından, Karsından, Van diyarından, Urfadan tutmuş İzmirinə, Aydınına, İstanbuluna qədər bütün türk torpaqlarının hiss və duyğularımda məxsusi yeri vardır. Trabzona Qara dənizin sahilləri ilə səyahətimin isə əvəzi yoxdur. Qardaş məmləkətin dövlətçilik tarixində onu həmişə ucalıqda saxlayan yeganə bir xüsusluq vardır ki, bunu başqa millət və xalqların tarixi mahiyyətində axtarmaq mənasızdır. Osmanlı haranı götürübsə, nə yerli xalqın dilinə, nə də dininə toxunmayıb. Bu mənada Türkiyə tamam fərqli bir diyar, fərqli bir dövlət!!!

Əgər tarixi nöqteyi-nəzərləri araşdırası olsaq, orta əsrlərdən tutmuş ta bu günəcən türkçülüyün əzəmətini, gücünü, döyüşkən və bəşəri dəyərləri üstün tutan bir xalq və dövlət olduğu xristian dünyası tərəfindən həzm olunmayıb. Keçən əsrin əvvəllərində türk anlayışını birdəfəlik dəfn etmək məqsədilə səkkiz xristian ölkəsinin birləşərək Türkiyənin üzərinə yeriməsi bu qəhrəman milləti məğlub edə bilmədi. Mustafa Kamal Atatürkün yanını kəsdirən xalq büyüyündən kiçiyinədək silaha sarıldı. Hətta bu müharibədə silah belə çatışmırdı. Vəziyyətdən çıxış yolu kimi əlində düşmənə doğru silahla yürüyən türk əsgəri ilə yanaşı silahsız türk əsgərinin dayanmadan, ölümdən qorxmayaraq birgə addımlamasında yeganə məqsəd silah yoldaşının həlakı zamanı silaha sarılıb vuruşu davam etdirirdi. Dünyada ikinci belə bir nümunəni xatırlamağa çətinlik çəkərdim.

Türkiyənin böyüklüyü, qüdrətli dövlətçilik ənənələrinə malik olması bir gerçəkdir. Nəhəng dövlət və millət olaraq onun dünya birliyində yeri və əhəmiyyəti çox güclüdür. NATO- da ABŞ-dan sonra müasir ordu quruculuğuna sahiblik etdiyini Türkiyənin dostu və düşməni bu gün etiraf etməyə məcburdur. İyirmi birinci əsrin Türkiyəsi həqiqətən dünyanın qüdrətli iqtisadi-sosial-mədəni dəyərlər və nəhayət, hərbi potensial baxımından çox güclü bir ölkə və dövlət olduğunu təsdiq etmişdir. Buna misal olaraq, Suriya problemi yarandığı gündən Türkiyə Silahlı Qüvvələrinin öz mövqeyini birmənalı ortaya qoyması və indiyəcən bu mövqedən bir sm. belə geri çəkilməməsi göstərir ki, Türkiyəni enmək, onun bölgədəki maraqları ilə hesablaşmamaq mümkün deyil.

Çox həmlələr oldu. Lakin dövlət olaraq bütün təhlükələrin qarşısında təkbaşına dayandı və dayanmaqda davam edir. Onu yer üzündən silmək istəyən qüvvələr indi də var və çox yəqin ki, bu qaragüruh qüvvələr gələcəkdə də öz çirkin niyyət və kin-küdurətlərini davam etdirəcəklər. Olsun! Lakin Türkiyə də hər xain həmləyə, gözlənilməz xəyanətə cavab verməyə özünü hazır görür. Füsünkar təbiətinə heyran qaldığım Türkiyəni təkcə ecazkar gözəlliyinə yox, həm də vətəndaşlardakı torpağa, dövlətə münasibətdəki qırılmaz bağlılığa görə sevir və dərindən hörmət edirəm.

Qısası, sanki Trabzon səfərindən təzəliklə qayıtmışam. Gözəl və yaraşıqlı, möhtəşəm mənzərələri və tarixi abidələri ilə gözlərimin işığına dönən bu unudulmaz səfərin məndə doğurduğu və üstündən səkkiz il keçməsinə baxmayaraq daxilimdə yandırdığı sevgi alovu sönmək bilmir. Etiraf gözəl bir şey!!! Türkiyə tarixinə silinməz imzasını atan, dövlətin və hökumətin idarə edilməsində müstəsna xidmətləri ilə əbədi yer alan böyük lider, əvəzsiz şəxsiyyət cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ZƏFƏR savaşına verdiyi töhfələri, qardaşlıq dəstəyi unudulmazdır. Allahın lütfü və səxavətinin hər zaman Türkiyə və Azərbaycanla birgə olacağına əminəm. Və bu vahid siyasətin inkişaf və tərəqqisində iki liderin-Türkiyə və Azərbaycan prezidentlərinin bərabər olacağına inanıram.

Nəhayət, hər iki liderin bir yumruq halında birləşərək ümumi düşmənə qarşı mübarizəsi tarixin doğurduğu zərurətdir. Bu işdə hiyləgər, paxıl, idraksız, xain və satqın adamlardan, ağlı ilə şəxsi keyfiyyətləri uyğun gəlməyən ədabazlardan uzaq dayanmanızı Sizlərdən rica edirəm. Türkiyə və Azərbaycan, Ərdoğan və Əliyev birliyinə qaranlıq salan qəsbkarlara Trabzon xatirələrimi yekunlaşdırarkən bir sözüm vardır:” Özünüzü çox yormayın. Döyüşlərdə bərkimiş liderləri və qardaşları ayırmağa gücünüz çatmaz”.

Eldar SABİROĞLU