“Daxili bazarda işləmək müəssisə yaradanlar üçün ağır yükdür”

45

Araz Ağalarov: “Məcmu tələbat azalıb, bir çox insanın maaşı aşağı salınıb, gəlirlər hər il azalır”

“İqtisadiyyatda situasiya mürəkkəbdir, indiki mərhələdə biznesin inkişafı barədə deyil, onu qoruyub saxlamaq barədə düşünmək lazım gəlir. Hər şey üst-üstə düşüb – həm pandemiya, həm vergi yükü, hansı ki, sahibkarları sıxır… Fikrimcə, bu vergi yükü reallıqlara uyğun gəlmir”. “Hürriyyət” virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov TASS-a verdiyi geniş müsahibəsində deyib.

Biznesmen bildirib ki, hökuməti tənqid etmək ən yaxşı iş deyil, amma faktdır ki, bütün səviyyələrdə biznes büdcəyə hər 1 rubl gəlirdən 40 qəpiyini verir. “Daxili bazarda işləmək müəssisə yaradanlar üçün ağır yükdür. Mənim mövqeyim belədir. Məcmu tələbat azalıb, bir çox insanın maaşı aşağı salınıb, gəlirlər hər il azalır…” – Ağalarov gileylənib.

Biznesmenin fikrincə, vergiləri azaltmaq çoxdan lazımdır. Lakin o, hökumətin indi bu addıma getməyəcəyini başa düşdüyünü deyir. Bununla belə “nələrisə dəyişməyin lazım olduğunu” bildirir:

“Ölkədə sanki iki iqtisadiyyat var. Kimsə kredit vəsaitləri və öz vəsaitləri hesabına biznes qurub. Və bu ayrı mövzudur. Digərləri isə iri müəssisələrin sahiblərinə çevriliblər, hansı ki, onları özləri qurub yaratmayıblar, özəlləşdirmədə əldə ediblər. Onlara afərin. Lazım olan vaxtda lazım olan yerdə olublar, bu gün isə istehsala nəsə yatırırlar, onların aktivlərinin məcmu dəyərinə uyğun gələn kredit öhdəlikləri də yoxdur. Razılaşın ki, bu, tamam başqa şərtlərdir. Burada müəyyən ədalətsizlik var, mən belə hesab edirəm. Ona görə də deyirəm: bizə piylənmək vaxtı deyil, indiki repertuarı saxlamaq, sifətini itirməmək lazımdır. Bu, çətindir, amma öhdəsindən gəlirik”.