Daha bir ölkədə Ermənistan əleyhinə aksiya – Foto

201

İsveçdəki Azərbaycan diasporu Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı etiraz aksiyası keçirib.

İsveç-Azərbaycan Dərnəyi “SAF-ın” təşkilatçılığı ilə Stokholmun mərkəzi Sergel meydanında baş tutan etiraz aksiyasında mövcud koronavirus qaydalarına əsasən diasporumuzun yalnız kiçik bir qrupu iştirak edib.

Diasporumuzun üzvləri beynəlxalq ictimaiyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilən minalar probleminə diqqət yetirməyə çağırıb. Qeyd olunub ki, piyada əleyhinə minaların istifadəsinin, istehsalının və yerləşdirilməsinin qadağan edilməsinə dair konvensiyaya baxmayaraq, Ermənistan bu növ silahlardan istifadəni davam etdirib və hazırda isə uzun illərdir minalanan ərazilərin xəritəsini vermək istəmir.

Diaspor üzvləri Ermənistanın atdığı addımların dəhşətli nəticələrə gətirib çıxardığını diqqətə çatdırıb, ermənilərin əsas məqsədinin mümkün qədər çox insan öldürmək olduğunu bildiriblər.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın növbəti hərbi cinayətidir. Bunu nəzərə alaraq, beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqi öhdəliklərinə riayət edərək minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur etməlidir. \\Axar