“Dağlıq Qarabağ hələ də işğaldadır…”

303

ADP bu ərazilərin Azərbaycanın yuridiksiyasına qaytarılması üşün hakimiyyəti gərəkən bütün siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirməyə çağırıb

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçları ölkədə və dünyada baş verən bir sıra mühüm siyasi hadisələr ətrafında fikir mübadiləsi aparıb.

İdarə Heyəti ilk öncə ötən həftə ərzində Dağlıq Qarabağda rus dilinin ikinci rəsmi “dövlət dili” elan olunması və separatçı rejimin özünün müstəqillik ildönümünü Rusiya sülhməramlılarının müşayəti ilə təntənəli qeyd etməsi hadisəsini müzakirə edib. Baş verənləri kəskin şəkildə pisləyən partiya yetkililəri bu hadisələri Rusiyanın Azərbaycanın “Zəfər Paradı”na demarşı və eyni zamanda baş verənləri Rusiya tərəfindən 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatın kobud surətdə pozulması kimi dəyərləndirib. İdarə Heyəti Dağlıq Qarabağda işğalçı və separatçı qüvvələrin hələ də mövcud olmasını nəzərə alaraq, həmin ərazilərin hələ də işğalda olduğu kimi dəyərləndirib və Dağlıq Qarabağın işğal altında qalan hissəsinin Azərbaycanın yuridiksiyasına qaytarılması istiqamətində Azərbaycan hökumətini gərəkən bütün siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirməyə çağırıb.

Müzakirələrdə qeyd edilib ki, 30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ probleminin həll olunmamasının arxasında duran Rusiya bu gün artıq həmin problemin tam həll olunmasının qarşısında durub, sülhməramlı missiyasından sui-istifadə edərək Dağlıq Qarabağın işğalını həyata keçirir, beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycanın suverenliyini pozmaqla məşğuldur. İdarə Heyəti Rusiyanın bu hərəkətlərinin təkcə Azərbaycanın deyil, eyni zamanda qardaş Türkiyənin və Avropanın da strateji maraqlarına zidd olduğunu vurğulayıb və Avropa qurumlarını bölgədə baş verənlərə obyektiv və operativ qiymət verməyə çağırıb.

İdarə Heyəti belə hesab edib ki, Dağlıq Qarabağ problemi vaxt itirmədən Türkiyə-Rusiya formatında həll olunmalıdır, əks halda problemin yekun həllinə ATƏT-in Minsk qrupu cəlb edilməlidir.

İdarə Heyəti son zamanlar Dağlıq Qarabağa Rusiyadan və Azərbaycanın başqa bölgələrindən rus millətindən olan insanların köçürülməsi ilə bağlı yayılan informasiyalara da diqqət çəkərək, Azərbaycan hökumətini Dağlıq Qarabağın qeyri-qanuni olaraq ruslaşdırılması siyasətinin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməyə çağırıb.

ABŞ-ın yeni administrasiyasının Rusiya işğalına məruz qalan keçmiş SSRİ respublikaları olan Ukrayna, Moldova və Gürcüstanın birliyinin yaradılması haqqındakı fikrinə münasibət bildirən partiya yetkililəri Azərbaycanın da həmin quruma daxil edilməsinin vacibliyini bildirib.

İdarə Heyəti Azərbaycanla Ermənistan arasında kommunikasiyaların yaradılması məsələsinə də münasibət bildirib. İdarə Heyəti belə hesab edib ki, nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, kommunikasiya vasitələrinin bərpa olunması yolverilməzdir. Çünki, sülh sazişi imzalanmadan həmin kommunikasiya vasitələrinin bərpası təqdirdə onlara Rusiya nəzarət edəcək ki, bu da Azərbaycanın daha geniş miqyasda Rusiyanın nəzarəti altına düşməsinə səbəb olacaq, nəticə etibarı ilə bu da Azərbaycanın milli və dövlətçilik maraqlarına ziddir.

İdarə Heyəti son vaxtlar hakimiyyətin bəzi dairələri tərəfindən iqtidar-müxalifət qarşıdurmasına xidmət edən çağırışları da müzakirə edib. Müzakirələrin yekununda qeyd edilib ki, nə qədər ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh müqaviləsi imzalanmayıb, iqtidar-müxalifət münasibətlərinin gərginləşdirilməsinə yönələn, milli birliyi pozan, əhalinin böyük kəsiminin sosial-iqtisadi durumunun pisləşməsinə xidmət edən siyasət yürüdülməsi yolverilməzdir.

İclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra məsələlər də müzakirə olunaraq müvafiq qərarlar verilib.

Hazırladı: KƏNAN