Dağlıdan sensasiya: Bayden Nikola görə “soyqırım” deyəcək

51

“Soyqırım” məsələsi Türkiyə üçün çox həssasdır. Hətta son illərdə artan Amerika düşmənçiliyini sonuna qədər alovlandıracaq qədər təhlükəli bir məsələdir.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.

“Türkiyə-ABŞ münasibətləri tamamilə pozula bilər. Bəs niyə ABŞ rəhbərliyi bu münasibəti ermənilər uğruna tək bir sözlə heç etsin?

Bəli, ABŞ rəhbərliyi ilə Türkiyə arasında çox ciddi problemlər mövcuddur. Erməni iddialarını “soyqırım” kimi xarakterizə etmək bu boşluğu daha da açacaq. Xüsusilə F-35 proqramından sonra “soyqırım” elanı Türkiyə-ABŞ münasibətlərini tükdən asılı hala gətirəcək. Üstəlik, PKK və FETÖ-ya verilən ABŞ dəstəyindən bəhs etmirəm.

Bayden “soyqırım” deyərək, Türkiyəni çətin vəziyyətdə qoyacaq. Buna şübhə yoxdur. Bəs bu “soyqırım” ifadəsi Baydenin nə işinə yarıyacaq? Bunu deməklə kimi məmnun edəcək? “Erməni lobbisinin təzyiqi”, “ermənilərə xoş görünmək” kimi nəzəriyyələr illərdir səsləndirilir. Amma bunların heç biri səbəb deyil. Bayden açıq şəkildə Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək üçün “soyqırım” ifadəsini işlədəcək.

ABŞ Paşinyanın Ermənistanda qalması üçün nə lazımdırsa, edəcək. Rusiya üçün isə Paşinyan ən qısa müddətdə qovulmalıdır. Ermənistanda seçkilər olacaq və Paşinyan ABŞ prezidentlərinin illərdir söz verib tutmadığı o “soyqırım” hədiyyəsini alan baş nazir olaraq seçkilərə girəcək”.

Taha Dağlı onu da vurğulayıb ki, ABŞ üçün Azərbaycanın Qarabağ zəfəri NATO əsgərinin Türkiyənin simasında Qafqaza girməsi deməkdir.