Dənizçilik tarixinin ən böyük və ən sirli gəmi qəzası haqda gerçəklər

144

Yaranışının hansı dövründəsə, insan təbiətlə mübarizəyə, onu məğlub etmə cəhdlərinə başlayıb. Bu cəhdlər bəşər tarixinə dəhşətli faciələr yazıb. O dəhşətlərdən biri olan Titanik qəzası ən sirli dəniz qəzası hesab edilir. Bu yazıda Titanik barədə yazılmayanlardan və gizlədilən faktlardan bəhs edəcəyik.

Dəniz Əjdahası

Təbiət üzərində hökmranlıq iddiası dəniz və okeanlardan başlayıb. Gəmiçiliyin inkişaf tarixi çoxsaylı faciələr, başqa sözlə desək, təbiətin insan üzərində qələbəsi halları ilə doludur.

XX əsr elm  və  texnikanın  sürətli  inkişafı ilə  başladı. Gəmiçilik  sənayesi isə, daha  sürətli  inkişaf  etməkdəydi. Stapellərdən  bir-birinin  ardınca nəhəng  gəmilər  çıxırdı və bu  mənzərə fonunda  insanı  təbiətdən güclü  hesab  edən  eyforiya  atmosferi  hökm  sürürdü. Nəhəng  sərnişin  layneri  “Titanik” də belə  bir  atmosferdə  tikilmişdi. Mətbuat  bu  gəmini “dəniz  əjdahası”, “balaca şəhər”, “batmayan gəmi” adlandırmaqda yarışa girmişdi…

Qısa Tarixi Arayış

1912-ci il aprelin 10-da səhər erkən Britaniyanın Sautqempton limanından özünün ilk səfərinə çıxan, həmin dövrün ən müasir elm və texnikasının nailiyyətləri ilə təhciz edilmiş nəhəng sərnişin layneri “Titanik” Amerika sahillərinə doğru istiqamət aldı. Göyərtəsində 2240  adam olan gəminin okeanın o tayına çatmaq üçün iki yolu var idi: Aysberqlərlə dolu olan zonadan yan keçərək, yolu 320 km. uzatmaq və ya təhlükəyə məhəl qoymadan birbaşa üzmək.

Bu dilemma qarşısında kapitan ikinci yolu seçdi… Həmin vaxtlarda radar yox idi. Gəmi aprelin 14-dən 15-ə keçən gecə tam sürətlə gedərkən gözlənilmədən aysberqlə toqquşdu. Gəminin sağ tərəfində 10 metrlik dəlik açıldı və gəmiyə su dolmağa başladı. Ortadan 2 hissəyə ayrılan “Titanik” 2 saat 20 dəqiqədən sonra şaquli vəziyyətdə okeanının dibinə qərq oldu. Dəhşətli faciə zamanı 1524 nəfər həlak oldu. Yalnız 703 nəfər xilas oldu. Maraqlı faktdır ki, faciədən salamat qurtarmış şəxslərin çoxu sonradan başqa dəniz qəzalarında həlak oldu. Bu faciə haqqında qısa və ümumi məlumatlardır. İndi isə, faciənin təfsilatı barədə. Başqa sözlə desək “Batmayan Gəmi” haqda tarixi-sənədli hekayə.

“Kicik Üzən Şəhər”

İstehsalına 1909-cu ildə  başlanan gəmi 3 il yarım zaman müddətində ərsəyə gəldi və o dövrünün ən son texnologiyası ilə inşa edilən ilk gəmi idi. İnsanın  bitmək bilməyən əzminin nəticəsi olan Titanik gəmisi, 10 Aprel 1912-ci ildə Britanyada Southampton limanından hərəkət etdi. Birinci yolçuluğunda  2240 (bəzi mənbələrdə 2227) adam gəminin ilk səfərini qaçırmamışdı. Dövrünün buxarlı gəmi sistemi ilə müqayisə ediləndə Titanik tam bir yenilik idi. O, öz dövrünün ən böyük transatlantik sərnişin gəmisi idi. İstehsalçısı “White Star Line” şirkəti idi. Gəminin uzunluğu 269 metr, eni 28 metr yarım, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr idi. Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəminin daxili quruluşu da çox  yüksək səviyyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu. Uzunluğu 7  km-ə çatan dəhlizlər boyunca 762 lüks kayut, üzmə hovuzları, saunalar, idman qurğuları, restoran və barlar, əyləncə salonları və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəminin ilk səfərində birinci sinif sərnişinlər 329, ikinci sinif 285, üçüncü sinif  710 nəfər idi…

899 nəfərlik heyəti olan nəhəng

Birinci dərəcəli sərnişinlər üçün nəzərdə tutulmuş yemək zalı hündürlüyünə görə 3 mərtəbəni əhatə edirdi. Gəminin daxilində rəqs zalları, üzgüçülük hovuzları, teatr, və s. zallar var idi. Geniş dəhlizlər lap saray otaqlarına oxşayırdı. Enli pillələr palıd və qoz ağacından, pilləkənlərin baş tərəfindəki heykəllərin hamısı gümüş və bürüncdən düzəldilmişdi.

Gəmidə hətta, tennis, qolf oynamaq üçün yerlər, xüsusi türk hamamları var idi. Lüks kayutlardan başqa, “Titanik”də 2 superlüks guşə hazırlanmışdı. Onların hər birində qonaq, yataq, vanna, qarderob otaqlarından başqa gəzinti üçün bağ da var idi. Şirkəti gəmini hər cür lazımi əşyalarla və yemək-içməklə təmin etmişdi. Birinci reysə götürülən azuqə Bakı boyda şəhəri bir ay təmin etməyə kifayət edərdi. Gəmidəki sərnişin ordusuna 899 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət edirdi.

Titaniki batmaqdan nə qorumalı idi

Ümumiyyətlə o dövrün bütün gəmilərinin alt qisimləri boş olurdu, dənizdə alınan bir zərbədə bu boşluq bir anda su ilə dolurdu. Amma Titanikdə vəziyyət fərqli idi. Yeni dizaynçılar gəminin alt qisimini boş buraxmaq əvəzinə müəyyən  bölmələr yerləşdirdilər. Bu bölmələr fövqaladə vəziyyətdə həyəcan siqnalları vasitəsi rolunu oynamalı idi və kapitan köşkünə xəbərdarlıq etməli idi. Köşkdən isə cihazlarla bölmələrin qapaqları anında bağlana bilinirdi. Bu vəziyyətdə gəminin alt qatına su dolsa üst qatdan edilən hər hansı bir müdaxilə nəticəsində suyun digər bölmələrə yayılmasına maneə törədirdi. Bütün gövdə ikiqat divarlarla əhatələnmişdi. Əgər birinci qat deşilsə, su ikinci qatı keçə bilməzdi. Korpus isə, eninə arakəsmələrlə 16 hissəyə bölünmüşdü. Buna görə də, xilasetmə qayıqları sərnişinlərin üçdə birinə hesablanmışdı.

(Ardı var)