“Can Vətən” – deyib, şəhadətə qovuşan fədai

39

Zaqatalalı–Axıska türkü –Alim Məmmədov

Bibisi Mətlubə xanım isə Alim Məmmədov barəsində danışarkən əvvəlcə göz yaşlarını saxlaya bilmədi… Sonra isə dedi: “Alim elə bil anadan alim doğulmuşdu. Hələ də onun gəlişini səbirsizliklə gözləyirik. Heç vaxt da ümidimizi qıra bilmərik…O, bizim ciyər parəmiz idi, bibisi qızları Hədiyyə, Sərvi, Əminə və Gülüzar onu doğma qardaşından çox istəyirdilər… Daima bizə gələr, bizim hal-əhvalımızı xəbər alar, hətta müəyyən işlərimizdə bizə kömək edərdi. Çox qohumcanlı idi. Gah əmiləri, gah da ki, bibilərigilə gedərdi. O, həm də dostcanlıydı. Təkcə Fındıqlıdan deyil, Qazangül qəsəbəsindən, qonşuluqdakı  Maqov və Danaçı kəndlərindən çoxlu dost – tanışları vardı. Alim avtomobil həvəskarı idi, maşınların hər markası və hissələri ilə maraqlanar, avtomobillərin xarab hissələrini düzəltməyə həvəsli idi. Deyərdi ki, hərbi xidmətimi başa vurduqdan sonra güclü avtomobil mütəxəssisi olacaq və iri avtoservis açacaqdı. Qardaşım oğlunun arzuları bir deyildi, iki deyildi, çox idi… Ən böyük arzusu isə Vətənimizin işğal altında olan ərazilərini düşməndən xilas edib, dinc, sülh və mehriban şəraitdə yaşamaq idi. Qeyd etdiyim kimi, o anadan çox uzaq görən, çox bilmiş və alim tək doğulmuşdu. Humanist gənc idi. Atası Birinci Qarabağ Savaşından danışanda Alim deyərdi ki, “doğurdan da ermənilər niyə başa düşmək istəmirlər ki, işğal etdikləri, zorla, qan tökməklə əldə etdikləri bu ərazilər Azərbaycanın əbədi və əzəli, tarixi yerləridir. Qan tökmək, hərbi silahlar, texnikalar işlətmək, günahsız hərbiçiləri və mülki vətəndaşları öldürmək nəyə lazımdır, hər iki tərəf üçün?!..Başlıca meyar, ədaləti bərqərar etmək və dinc şəraitdə yaşamaqdır. O, müharibə tərəfdarı deyildi… Çünki, Alim biz Axıska türklərin də tarixlər boyunca işğəncələrə məruz qaldıqlarını, yurd-yuvalarından, evlərindən didərgin salındıqlarını, repressiya qurbanları olduqlarını, necə əziyyət çəkdilərini də çox yaxşı bilirdi və müharibə ocaqları yaradanlara nifrət edərdi. Kim bilərdi ki, onun da taleyinə müharibə adlı bir bəla, qanlı olay qismət olacaq…

…Biz, hamımız Alimlə görüşümüzdən sonra onun xeyli müddət bizimlə əlaqə saxlamamağından çox narahat olduq. Hər gün qardaşımgilə gedib, qardaşıma, Alimin anasına toxtaqlıq verir, səbirli olmalarını deyirdim. Demə, müharibə başlayıbmış

…Anası Yetər xanım çox çətinliklə də olsa söhbətimizə qoşuldu: “Gecələr yuxularım ərşə çəkilmişdi. Oğlum əsgərə çağırılan gündən beləydim… Çox narahatçılıq keçirirdim, 40 gün idi ki, Alimdən bir soraq yox idi… Fikirləşirdim ki, görəsən nə olub, oğlumun başına nə iş gəlib?!… Dəfələrlə xidmət etdiyi hərbi hissə ilə əlaqə yaratsaq da, “narahat olmağa dəyməz… Oğlunuz hərbi xidmətdədir, sağlıq-salamatlıqdır” –deyirdilər. Nəhayət, 26 sentyabr 2020 –ci il tarixində Alim bizimlə telefonla danışdı, hərbi xidmətini müvəffəqiyyətlə davam etdirdiyini, hərbi tapşırıqları uğurla icra etdiklərini və hərbi təlimlərdən yenicə qayıtdıqlarını söylədi: “Canım ana, əziz ata, əzizlərim nigarançılığa əsas yoxdur, bu mənim vətəndaşlıq, hərbi and borcumdur, əməl etməliyəm – vicdanla, namusla, oğlunuzun Azərbaycan Ordusunda kişi qeyrəti ilə,  alnı açıq,üzü ağ xidmət etməsi Sizə fəxrdir. Unutmayın ki, mən hərbidəyəm,  Azərbaycan xalqım, sizləri azğın düşmənlərdən müdafiə edirik. Tez-tez danışmadığıma görə nigaran qalmayın, vaxtımız, imkanımız olanda Sizinlə əlaqə saxlayacağam…” Ola bilər ki…” O, fikrini tamamlamadı… Bir daha Alim bizimlə canlı danışmadı… Ertəsi gün isə, yəni 27 sentyabr 2020 –ci il tarixində mənfur düşmənin güclü təxribatlarından sonra Azərbaycan və Ermənistan arasında müharibə başlandı, İkinci Qarabağ Savaşı…

Vətən Müharibəsinin ilk günündən Alim də hərbiçi yoldaşları ilə birlikdə ən gərgin döyüşlərdə sinəsini düşmənə sipər etdi. Cəbrayıl, Füzuli və Hadrutun kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə əsl şücaət göstərdi. Sərrast atıcı kimi dəfələrlə düşmənlə üzbəüz  onlarla canlı qüvvəsini gəbərdərək, erməni mövqelərini, postlarını darmadağın etdi. Ordumuzun gənc döyüşçüləri həm də yaralanan döyüşçü yoldaşlarını döyüş meydanından çıxartmağa müvəffəq oldu… Onların düşmən çaynağına keçmələrinə imkan vermədi… Alim! Cəsur döyüşçülərlə bir yerdə Füzulinin Kərimbəyli və Hadrut qəsəbəsinin Tuğ kəndlərinin azad olunmasında neçə-neçə düşmən postlarını məhv etdilər. Düşmənin onlarla texnikasını və xeyli sayda qənimətlərini ələ keçirdilər. Döyüşlərdə fədakarlıq göstərən Alim Məmmədovun komandirləri və odun-alovun içində onunla birlikdə döyüşən silahdaşlarının söylədiklərinə görə Alim  üç rəngli bayrağımızı mənfur düşmənin uzun illərdir ki, işğal altında saxladıqları ərazilərimizdə səngərdən-səngərə, mövqedən-mövqeyə, yüksəklikdən-yüksəkliyə  fədakarlıqla daşıdı… Özü isə… Növbəti qanlı döyüşdə qəhrəmancasına həlak oldu Ölümün  üstünə mərdliklə, fəxarətlə getdi və ölməzliyə qovuşdu…

Bibisi qızı Gülüzarın söylədiklərinə mən də şərikəm: “Bizim qardaş saydığımız Alim  qəhrəmanlıq simfoniyası yaratdı.

…Bir çoxlarının yaza bilmədikləri bu simfoniyanın cingiltili, müharibəni tərənnüm edən səsi isə həmişə gələcək, eşidəcəyik, bir tarix yazacaq, nəsildən – nəsilə keçəcəkdir. Söz yox ki, onu vaxtsız, ömrünün çiçəkləndiyi, canlandığı çağlarında itirdik…

Amma, əzizimiz tarixdə silinməz izlər qoydu, belə yaş dönəmində ağır bir müharibənin iştirakçısı odlu, azğın düşmənləri susdurdu, onları məhv etdi, hərbiçi andına sadiq qalaraq, emənilərə yerini göstərdi. Hamımızın rahatlığını,  azadlığını qorudu… Canını Vətən yolunda verdi. Düşmən gözünə baxa – baxa, onu məhv edə-edə şahədətə qovuşdu, o, yüksək zirvəni fəth etdi – qardaşım… Hərbiyə kişi kimi getdin, kişi kimi də  Vətənin ağır günlərində, onu qorumayanlara bir nümunə oldun… Fındıqlı kəndinin ilk şəhidi kimi bir tarix yazdın…

…Alim, sən təkcə bizim deyil, bütöv odlar diyarıın oğlusan, xilaskarısan… Daima qəlbimizdə yaşayacaqsan… Yaşadacağıq… Bizim fəxrimiz… Sönməz çırağımız…

 

Ay fələk, bu yazı alın yazım,

Dərd üstə köklədin, ürək sazım.

Binava, qurdları basan lazım,

Vətən qeyrətini düyanlar gedir…”

 

…Beləliklə, Zaqatala diyarının daha bir cəsur, zəfər qələbəsində böyük və danılmaz rolu olan Fındıqlı kəndinin yeganə şəhidi olan, Axıska türkü Alim Qəmərşo oğlu Məmmədov  Azərbaycanın qəhrəmanlıq  tarixinə adını qızıl hərflərlə yazdırdı… Bunula belə o, Vətəni sevməyi də, oun uğrunda sevə-sevə ölməyi də özünə şərəf  bildi. Onu sevənlərə və yoxluğu ilə barışmayanlar, ələlxüsus da  anası Yetər xanıma, əbədi yaşayacaq ad qoyub, getdi. Bu həm də əbədi ucalıqdır..

28 oktyabr 2020 –ci il tarixdə Fındıqlı kəndindəki qəbristanlıqda  şəhid kimi dəfn olunan Alim ruhun şad olsun!

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə Alim Məmmədov “Füzulinin azadlığa uğrunda”, “Hadrutun azadlığı uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

…Şəhidlər ölmürlər, hər zaman yaşayırlar… Sən də yaşayacaqsan, səni sevənlərin- bütün Azərbaycan xalqının qəlbində – Alim!

 

Qeyd: Yaxşı olardı ki, müvafiq təşkilatlar, aidiyyyatı orqanlar,  ehtiyacı olan şəhid Alim Məmmədovun ailəsinə evə qaz xəttinin çəkililməsinə və evin təmirinə köməklik etsinlər…

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü