Cəmil Həsənlinin qızı videoların ona aid olmadığını bildirir

42
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Azərbaycancaya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı “hüquqi müstəvidə işlərin görüldüyünü” bildirib.
Cəmil Həsənli Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham edib. O vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını “necə yaşamaq istəməsi onun şəxsi işidir”.
Ailəyə yaxın mənbələrdən birinin BBC News Azərbaycancaya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin “özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını” bildirib.
Hüquqşünaslar deyirlər ki, ölkədə son bir neçə ildə dəfələrlə ayrı-ayrı hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin intim görüntülərinin yayılması və bu barədə hüquq mühafizə orqanlarının tədbir görməməsi belə bir fikir formalaşdırır ki, bu, “şüurlu şəkildə və xüsusi strukturlar vasitəsilə baş verir”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilə ilə bağlı ittiham etmək absurdur və iqtidarın “belə yollara əl atmasına ehtiyacı yoxdur”.
Günel Həsənli kimdir?
Hər hansı ictimai-siyasi fəaliyyəti olmayan Günel Həsənlinin adının ictimaiyyət arasında hallanması ilk dəfə deyil. 2014-cü ildə o, idarə etdiyi avtomobillə qəza törətməkdə ittiham olunaraq 1 il 6 ay məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilmişdi.
Vəkilləri müvəkkillərinə bəraət tələb etmiş, ittihamın sübuta yetirilmədiyini bildirmişdilər. Hazırda onların şikayəti Avropa Məhkəməsindədir.
O zaman Cəmil Həsənli bəyan etmişdi ki, qızı ilə bağlı yaranmış bu məsələ onun siyasi fəaliyyəti ilə bağlıdır.
2013-ci ildə ölkənin əsas müxalifət qüvvələrinin yaratdığı Milli Şuranın prezident seçkisində vahid namizədi tarixçi Cəmil Həsənli olmuşdu. Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı yekun rəyinə görə, o, 6 faizə yaxın səslə ikinci yerdə gəlirdi. Seçkinin qalibi 85 faizə yaxın səslə indiki prezident İlham Əliyev idi. Cəmil Həsənli təbliğat-təşviqat prosesi zamanı onu və hakimiyyəti sərt tənqidi ilə ictimaiyyət arasında tanınmışdı. Cəmil Həsənli sonralar da hakimiyyətin sərt tənqidi xəttini yumşaltmadı.
Son 15 ildə
Təxminən 15 ildir ki, müəyyən fasilələrlə Azərbaycanda hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin şəxsi görüntülərinin yayılması halları baş verir.
2005-ci ildə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidov və qəzetin həmin vaxt məsul şəxslərindən birinin ictimai-iaşə müəssisələrinin birində iki qadınla çılpaq fotosu yayılmışdı.
2012-ci ildə araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın evinə yerləşdirilmiş video kamera ilə onun şəxsi görüntüləri lentə alınmış və sonradan İnternet portallarında yayılmışdı.
Son hadisələrdən biri video bloqçu Məhəmməd Mirzəli ilə bağlıdır: O bu ayın əvvəlində bildirib ki, bacısının intim görüntüləri olduğu deyilən videonun özünə və digər bloqçulara göndərilməsiylə hədələnib.
Azərbaycanda “Qadın qətlləri siyasidir” devizi altında fəaliyyət aparan feminist qruplardan birinin fəalı Nərmin Şahmarzadənin isə Facebook səhifəsi ələ keçirilib və şəxsi yazışmaları sosial şəbəkələrdə yayılıb. Onların arasında Nərmin Şahmarzadənin ictimai fəal Bəxtiyar Hacıyevlə yazışdığı iddia olunan və şəxsi söhbəti ehtiva edən ekran görüntüləri də yer alıb.
Sonradan həm Bəxtiyar Hacıyev, həm də Nərmin Şahmarzadə bu yazışmanın saxta olduğunu bəyan ediblər.
Bu halların hər birində zərərçəkənlər Azərbaycan hakimiyyətini günahlandırıb və bildiriblər ki, şəxsi həyatlarına müdaxilənin səbəbi hakimiyyətə qarşı sərt tənqidi mövqe tutmamaları olub.
“Hökumətin bu məsələ ilə bağlı açıq öhdəliyi var”
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsi dövlətin boynuna vətəndaşın şəxsi həyatının toxunulmazlığı ilə bağlı öhdəlik qoyur.
“Eyni zamanda, Cinayət Məcəlləsinin 156-cı maddəsi bütün şəxsi həyata yönəlmiş müdaxilə və şəxsi həyat sirlərinin, video görüntü yaymağı, müdaxilə edib çəkməyi və sairi cinayət əməli hesab edir və buna görə cinayət məsuliyyəti var. Əlbəttə, bu vəzifəli şəxslər tərəfindən törədilirsə, ağırlaşdırıcı hal hesab olunur,” – hüquqşünas deyib.
Cənab Məmmədlinin sözlərinə əsasən, belə məlumatlar yayılan zaman şikayətin edilib-edilməməsindən aslı olmayaraq, hüquq-mühafizə orqanları dərhal araşdırma aparmalıdır. Bu zaman görüntülərin kim tərəfindən çəkilib və yayılması müəyyənləşdirilməli və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.
Ələsgər Məmmədli vurğulayıb ki, bu hadisə ölkədə ilk dəfə baş verməsə də, “təəssüf ki, araşdırılmır və belə bir fikir formalaşır ki, bu, şüurlu şəkildə və xüsusi strukturlar vasitəsilə baş verir”.
“İnsanın ağlına başqa bir fikir gəlir ki, o zaman burada iştirakçılıq var,” – hüquqşünas deyib.
O əlavə edib ki, müxtəlif vaxtlarda ayrı-ayrı müxalifət nümayəndələri, ictimai fəallar, media mənsubları ilə bağlı yayılmış oxşar görüntüləri bunun “qisas zəminində baş verdiyi” fonunu yaradır.
Hüquqşünas, həmçinin onu da qeyd edib ki, belə hallarla bağlı açılan cinayət işləri barədə informasiya qıtlığı var.
“Bu, hüquq-mühafizə orqanlarının ən böyük problemidir və onları şübhə altında qoyur. Onlar belə hadisələri araşdırmalı və mütəmadi olaraq cəmiyyəti məlumatlandırmalıdırlar ki, cinayət işi, araşdırma hansı mərhələdədir? Kimlər şübhəli kimi cəlb olunub və ya oluna bilir?”
//www.bakupost.az/