“Büdcədə pul varsa, bunu iş yerlərinin açılmasına yönəltmək lazımdır”

162

Fərhad Mehdiyev: “Uşaqpulu məsələsindən əvvəl başqa problemləri həll etməsək, onun ödənilməyə başlaması arzu olunan effekti verməyəcək, büdcə defisiti artacaq”

“Uşaqpulu ilə bağlı ölkədə uzun zamandır sürən bir debat var. Sosial müavinətlərin artışına tərəfdar olanlar təbii ki, “uşaqpulu ödənilsin” deyir. Bir az kapitalist, bir az realist, bir az da iqtisadiyyatın strukturuna və demoqrafik artım tempinə baxanlar deyir ki, bu, bu günün məsələsi deyil”. “Hürriyyət” qeyd edir ki, bu fikirlərin müəllifi beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevdir.

Belə düşünənlərin söyüldüyünü bildirən professorun qənaətincə, xalq olaraq bizə sosialist iqtisadiyyat modelinin, yoxsa sərbəst təşəbbüsə əsaslanan kapitalist modelin lazım olduğuna qərar verməliyik: “Şəxsi qənaətim budur ki, uşaqpulu məsələsindən əvvəl başqa problemləri həll etməsək, onun ödənilməyə başlaması arzu olunan effekti verməyəcək, büdcə defisiti artacaq, həmin defisitin doldurulması da öz fəsadlarını verəcək. İnsanlar pis dolanır, uşaqpulunu da ona görə istəyir. Lakin əvvəlcə iqtisadiyyat şaxələnməlidir, kəndlər, regionlar inkişaf etdirilməlidir. Uşaqpulu kimi ödənilməsi düşünülən pulları kiçik və orta biznesin dəstəklənməsinə yönəltsək, bütövlükdə effekti daha çox olacaq. Təhsilin keyfiyyətini, iş tapa biləcək səviyyədə mütəxəssis yetişdirən təhsilin qurulmasını tələb etmək lazımdır. Çünki artan işsizlik və iqtisadi tənəzzül şəraitində demoqrafik artış gələcək nəsillərə yaxşı heç nə vəd etməyəcək”.

Fərhad Mehdiyev hesab edir ki, büdcədə pul varsa, bunu kəndliyə, fermer təsərrüfatlarının dirçəlməsinə, iş yerlərinin açılmasına yönəltmək lazımdır: “İrad tuta bilərsiniz ki, bəs neft pulları, oliqarxların sovurduğu pullar hanı? Doğrudur, amma reallıq budur ki, həmin pazı çıxara bilmirik. Qərb dövlətlərinin bəzilərində uşaq pulu verilir. Amma orda iqtisadiyyat böyüyür, iş yerləri açılır, onlara da işçi gücü lazımdır. Halbuki, onlarda demoqrafik artış olmur, məcbur qalıb miqrant işçi işlədirlər. Bax, özlərini bu miqrantlardan asılı vəziyyətə salmamaq, öz xalqının çoxalması üçün uşaqpulu ödəyirlər. Rusiya da bunu eyni məntiqlə edir, çünki hər il təqribən slavyan əhalisi 100 min azalır”.

Valeh TÜRKSOY