Bu, Avropaya fasiləsiz qaz tədarükünü təmin edəcək

243

Avropa ehtiyacı olan əlavə qazı Cənub Qaz Dəhlizi vasitəsilə əldə edəcək və bu, gələcəkdə vacib əhəmiyyət kəsb edəcək. Çünki əhali artdıqca, həm evlərdə, həm də müəssisələrdə istilik və elektrik enerjisinə tələbat artır.

Bunu Trend-ə amerikalı ekspert Brüs Panyer deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Avropa üçün daha bir qaz mənbəyi təqdim edir:

“Bu, hər zaman digər tədarükçülərlə qiymət razılaşdırılması zamanı və ya bir tədarükçü ilə münasibətlərin qəlizləşməsi və nəticədə həmin tədarükçü tərəfindən nəqlin azaldılması və ya dayandırılması təqdirində vacibdir. Bu layihə Avropaya fasiləsiz qaz nəqlini təmin edir”.

Ekspert bildirib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Avropaya daxil olan qazın həcmini əhəmiyyətli şəkildə artıracaq:

“Avropa ölkələri etibarlı qaz tədarükündən qazanclı çıxacaq və qaz tədarükçüləri satışdan böyük gəlirlər qazanacaq. Proqnozlara əsasən, yaxın illərdə Avropaya 200-300 milyard kubmetr idxal qazı lazım olacaq. Qaza tələbat, sabit bazarın mövcudluğu Avropanı qiymətli müştəriyə çevirir. Beləliklə, ideal şərtlərdə Azərbaycan, perspektivdə isə Türkmənistan, İran, İraq, eləcə də Qazaxıstan və Özbəkistan Cənub Qaz Dəhlizindən səmərə əldə edə biləcək”.