Böyük təhlükənin anonsu: “Bu olmadan Zəngəzur dəhlizinin açılması…”

219

Aprelin 2-də Azərbaycan Minatəmizləmə Agentliyi ötən il hərbi əməliyyatlar dövründə Azərbaycanın Şuşa şəhərinə atıldığı güman edilən Rusiya istehsalı “İskəndər” raketlərinin qalıqlarını nümayiş etdirib.

HİT.Az xəbər verir ki, martın 15-də əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir-birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib. Aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, “bu, “İskəndər-M” raketidir”.

“Raketlər müharibə başa çatdıqdan sonra  atılıbsa, bu sülh sazişini heçə saymaq deməkdir. Bu, Azərbaycana tam haqq verir ki, 10 noyabr  sazişinin hüquqi əsasının qalmadığını bəyan etsin və öz təhlükəsizliyini qorumaq  üçün addımlar atsın. Yuxarı Qarabağda hazırda qalan silahlı erməni birləşmələri  terrorçular deyil, onlar tam tərkibli  hərbi hissələrdir”.

Bu sözləri HİT.Az-a Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov bildirib.

O qeyd edib ki, beynəlxalq hüquqa əsasən, hərbi hissələrin bağlı olduğu dövlətlərin beynəlxalq məsuliyyəti və hərbçilərin özlərinin fərdi cinayəti məsələsi var: “Terrorizm cinayəti ilə bağlı beynəlxalq hüquqi anlayış yoxdur. Odur ki, biz Qarabağda qalan erməniləri terrorçu adlandırmaqla məsələni yumşaltmalı deyilik. Onlar silhalə hərbi birləşmələrdir, ordu qalıqlarıdır.

İstəsək də, istəməsək də bu, faktdır. Münaqişələr bitərkən adətən sülh müqaviləsi və ya təslim müqaviləsi bağlanır. Yaponiya ilə SSRİ arasında II dünya müharibəsindən sonra sülh müqaviləsi bağlanmadı deyə hələ də Yaponiya doğru olaraq Rusiyaya qarşı ərazi iddialarını davam etdirir”.

Professorun sözlərinə görə, milli maraqlarımız tələb edir k, Orta Asiya ilə Türkiyənin yolları birləşsin, Zəngəzur dəhlizi açılsın: “Bunun bizim üçün böyük iqtisadi faydası olacaq. Amma əsas problemimiz Ermənistanın bizə qarşı gələcək ərazi iddialarının kəsilməsi üçün onun bizim dövlət sərhədlərimizi tanıması lazımdır. Bu problemi həll etmədən dəhlizləri açmaq   gələcək dövlətçilik aqibətimizi təhlükəyə ala bilər. Sülh müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan ərazi bütövlüyümüzü tanımaldır və ərazi bütövlüyümüzə qarşı hər hansı təcavüz aktı etməyəcəyinə dair öhdəlik götürməlidir. Sülh müqaviləsi bunu şərtləndirməlidir. Bu olmasa, hər hansı infrastrukturun açılması gələcəyimizi təhülkə altına qoymaqdır”.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun “İskəndər” raketlərinin qalıqlarının aşkar edilməsinə dair fikirlərini də şərh edib:

“Dmitri Peskovun “İskəndər” qalmaqalı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın öz təhlükəsizliyini yüksək səviyyədə qoruması və yenidən hərbi əməliyyatlara başlamsı üçün əsasdır. Rusiyanın “İskəndər” kimi strateji bir silahın atılmasından xəbəri yoxdursa (Onu Ermənistan ordusunun arsenalına özü verdiyi və idarə etdiyi halda),  deməli, hərbçilərə nəzarət edilmir.  Rus ordusunda  ermənipərəst generallar var və onlar istənilən an istənilən təhlükəli silahı bizə qarşı yönləndirə bilərlər? Bizim buna qarşı adekvat  cavabımız olmalıdır. Azərbaycan sülh sazişinin nəticələrini etibarsız  hesab edib öz ərazisində tam nəzarət həyata keçirə, Laçın dəhlizini bağlaya, sülhməramlıların missiyasını sonlandıra və  silahlı qruplara qarşı mübarizə apara bilər. Bütün bunlar bizim suveren hüququmuzdur”, – deyə ekspert qeyd edib.

İlhamə