Böyrək xəstəliklərinin GİZLİ SİMPTOMLARI

432

Bir çox hallarda böyrək xəstəlikləri özünü büruzə vermir və ya böyrək xəstliklərinin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır. Bu haqda tanınmış rusiyalı həkim Pavel Yevdokimenko öz youtube kanalında məlumat verib.

Həkim bildirib ki, belə gizli simptomlardan biri təzyiqin yüksəlməsidir. Böyrəklər təzyiqin tənzimlənməsində əsas rollardan birini oynayır. Lakin bir çox hallarda xəstədə yüksək təzyiq aşkar olunduqda ona heç bir əlavə müayinə və analiz təyin edilmədən, təzyiqin yüksəlməsinin səbəbi araşdırılmadan təzyiqi salan dərmanlar təyin olunur. Bu dərmanlar əslində heç nə müalicə etmir, onlar yalnız təzyiqi normada saxlayaraq yüksək təzyiqin orqanizmdə yarada biləcək fəsadların qarşısını alır. Xəstə təzyiq dərmanlarını illər ərzində, hətta həyatın sonuna qədər qəbul etməli olur. Həkim bildirir ki, bu dərmanların bəziləri böyrəklərə mənfi təsir edərək onların vəziyyətini daha da pisləşdirir. Təzyiqin səbəbi böyrək xəstəliyidirsə, bu xəstəlik müalicə olunduqdan sonra təzyiq də normaya düşür.

Digər gizli simptom xolesterinin səviyyəsinin artmasıdır. Evdokimenko bildirib ki, bu simptom aşkar olunduqda mütləq xəstənin böyrəkləri və qaraciyəri yoxlanılmalıdır. Lakin bir çox hallarda həkimlər bunu etmədən xəstəyə xolesterinin səviyyəsini salan “statin” adında dərmanları təyin edirlər. Statinlər də adətən həyatın sonuna qədər qəbul edilməli olan dərmanlardır. Statinlərin uzun müddət ərzində qəbulu  böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Böyrək xəstəliklərinin növbəti gizli simptomları arasında: bel nahiyəsində ağrılar (onu bəzən osteoxondrozla qarışdırırlar), zəiflik, ürəkbulanması, üzücü baş ağrıları, yuxunun pozulması (yuxu səthi olur, insan gecə tez-tez oyanır), dərinin quruluğu və dərinin qaşınması, iştahanın pozulmasıdır.

Böyrək xəstəliklərinə xas olan digər əlamət ödemlərdir (şişkinlik). Bəzən şişkinlik gizli ola bilər. Bunu necə anlamaq olar? İnsanın çəkisi səbəbsiz artırsa, bu gizli ödemlərə işarə edə bilər.

Sidik ifrazında dəyişikliklər də böyrək xəstəliklərinə işarə edir: tez-tez və ya əksinə gec-gec sidiyə getmək, gecə vaxtı sidiyə getmək (1 dəfədən artıqdırsa, buna fikir vermək lazımdır), ifraz olunan sidiyin həcminin artması və ya əksinə azalması, sidiyin tündləşməsi, sidikdə qan.

Bədənin spesifik ammiak qoxusu da böyrək xəstəliyinin simptomu ola bilər. Bu iy tez-tez qoca insanlardan gəlir və ona bəzən “qocalıq iyi” də deyirlər. Lakin bunun səbəbi əksər hallarda məhz böyrəklərin fəaliyyətində olan problemlər olur ki, xəstənin böyrəkləri müalicə olunduqdan sonra qoxu yox olur və ya əhəmiyyətli dərəcədə azalır.

Böyrək xəstəliklərinə şübhə yarandıqda USM-dən keçmək (bəzi hallarda doppleroqrafiya və KT də təyin oluna bilər), sidik və qan (klink və biokimyəvi) analizlərini vermək lazımdır. \\Saglamolun