BOŞ MƏZAR

90

Hər qarışı müqəddəs bir səcdəgahdır bu vətənin. Sinəsində büküb saxladığı gənc ömürlülərin sayı-hesabı yoxdu. Hər bir gənci tarix qoxur. Nə oxumaqla bitmir, nə də yazmaqla. Hər biri ayrı bir qəhrəmanlıq dastanıdır şəhidlərin. Qısa ömür, uzun yol. O yolu gedənlər də çoxdu. O yola ilk addımı atdığı anda əslində o yolun sonunun hara vardığını bilirlər o qəhrəmanlar. Ancaq “Sonunu düşünən qəhrəman olmaz” deyiblər. Etibar da sonunu düşünmədi. Təki vətənin sonu olmasın deyib qoşuldu haqq yolunu tutanların cərgəsinə.

1964-cü ilin 30 aprelində (bəzi sənədlərdə 29 mart yazılıb) Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 10 uşaqlı ailənin 6-cı uşağı Etibar idi. 1971-ci ildə Hindarx kənd tam orta məktəbinə getmişdi. 1981-ci ildə məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində çilingər kimi işə başlamışdı.

1990-cı il vətənin “Oğul” deyə fəryad etdiyi bir zamanda Etibar da könüllülər dəstəsinə qoşulmaq qərarına gəlmişdi. Həmin il özünümüdafiə batalyonunun tərkibində vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparmışdı. Vətənin dağı-dərəsi Etibarın ev-eşiyinə çevrilmişdi. Naxçıvanik və Şelli kəndlərinin müdafiəsi zamanı xüsusi rəşadət göstərmişdi. Daha sonra Ağcabədi özünümüdafiə taboru yaranan zaman həmin tabora qoşulmuş və Xocavəndin müdafiəsinə başlamışdır. O zaman düşmənin arxasında duran güclü qüvvələr var idi. Lakin buna baxmayaraq Azərbaycanın mərd oğulları sona qədər mübarizə aparmaqda qərarlı olmuşlar. Etibar kəşfiyyatçı olduğu üçün tez-tez düşmən tərəfə keçib mühüm məlumatlar gətirirmiş. 4 yanvar 1994-cü ildə Etibarın olduğu kəşfiyyat qrupu Xocavəndin Qarakənd istiqamətində düşmənin tutduğu mövqeyə sızmalı və məlumat gətirməli olduqları barədə tapşırıq almışlar. Bu çox çətin və risqli  bir əməliyyat idi. Ancaq əməliyyatı öz öhdəliyinə götürənlər də qorxmazlar oldu. Hər kəs bu yolun dönüşü olmayacağı ehtimalının böyük olduğunu bilirdi. Düşündükləri kimi oldu. Kəşfiyyatçı dəstə mühasirəyə düşdü. Hər kəs şəhid olacağını düşündüyü anda o məqam yalnız bir nəfərə qismət olur. İsmayılov Etibar qumbaranı əllərində sıxaraq özünü onlara doğru irəliləyən tankın altına atır. Tank və ekipaj üzvləri məhv olur. Etibarın parçalanan cismindən axan qan vətən torpağına hopur. Onun məzarı torpağın altı yox, torpağın üstü olur. Anasının, atasının üstünə təkcə qara xəbəri gəlir. Cismindən bir parça belə dəfn edib təsəlli tapa bilməyən ailə Ağcabədi rayonunun Şəhidlər xiyabanında Etibara məzar yeri götürürlər. Lakin o məzarın boş olduğu gerçəyi hər kəsin ürəyini dağlayır. Çox çətindi “oğul” deyib ağladığın məzarda oğlunun olmadığı gerçəyi ilə baş – başa qalmaq.

Belə bir qəhrəmanlıq göstərən oğulun şücaəti bir anda bütün Azərbaycana səda salıb. Elə həmin vaxt 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə İsmayılov Etibar Bəylər oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Daha sonra şəhidin oxuduğu Hindarx kənd tam orta məktəbinə şəhidin adı verilib və büstü qoyulub.

Şəhidlərin ölməzliyinin, qəhrəmanların unudulmazlığının bariz nümunəsidir Milli Qəhrəman İsmayılov Etibar Bəylər oğlu.

 

ŞƏHİD ETİBAR

Duyduqca vətənin səhri səfasın,

Yadıma kəm qalan ömürlər düşür.

Qışın ayazında donan biri tək,

Qəlbim həsrət adlı sazaqda üşür.

 

Düşünüb məzarsız şəhidlərimi,

Qəlbimi onlara məzar sanıram.

Qəhrəman Etibar adını duyub,

O adla hər kəs tək qürurlanıram.

 

Sən necə bir ürək bəxş etdin Allah?

Bu vətən eşqiylə yanan bəndənə.

Dostları, vətəni var olsun deyə,

Bilərək son verdi o öz ömrünə.

 

Sonuncu nəfəsdə alıb qisasın,

Özüylə bərabər düşmən məhv etdi.

Bir məzar yeri də olmayan şəhid,

Cənnətdə ən uca məqama yetdi.

 

MANYA SƏXAVƏTQIZI