“Biz bilmirik ki, SOCAR-ın 2030-cu ilə olan hədəfi nədir” – SAMİR ƏLİYEV

363

“Dünyanın iri neft qiqantları devizlərini “neftdən enerjiyə” dəyişirlər”

“Fransanın neft-qaz konserni olan “Total” adını dəyişmək istəyir. Şirkət bununla bağlı səhmdarlarına müraciət edib. Səhmdarlar dəstəkləyəcəyi təqdirdə şirkətin adı “TotalEnergies” olacaq”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, ilk baxışdan sadəcə rebrendinq təəssüratı oyadan bu addımın əslində, kökündə ciddi amillər dayanır: “Səbəb aydındır. Alternativ enerjinin ənənəvi enerjini sıxışdırıb çıxardığı və buna görə də neft-qaz şirkətlərini milyardlarla zərərə saldığı bir dövrdə çaşğınlıq içində olan şirkətlər gələcəyə doğru strategiyalarını dəyişmək məcburiyyətindədirlər. BP şirkəti 2030-cu ilə qədər olan strategiyasını açıqlayaraq investisiyalarını neft-qaza yox, alternativ enerjiyə yönəldəcəklərini bildiriblər. “Shell” də analoji addımları atır. “Total” isə bir qədər irəli gedərək bərpaolunan enerji mənbələri üzrə dünya lideri olmağı qarşısına məqsəd qoyub. 2030-cu ilə qədər satışda neftin payını 55%-dən 30%-ə endirməyi planlayır. Bir sözlə, dünyanın iri neft qiqantları devizlərini “neftdən enerjiyə” dəyişirlər. Bu deviz altında təbii ki, rebrendinq də etməli olacaqlar”.

İqtisadçı ekspertin fikrincə, rebrendinq bizim milli SOCAR-ın da qarşıdakı addımlarından biri ola bilər: “Yəqin xatırlayarsız, SOCAR-ın əvvəlki logosu neft buruğu idi. Sonra rebrendinq edərək onu alova dəyişdilər. Hətta adını də beynəlxalqlaşdırdılar. ARDNŞ idi, oldu SOCAR. Yəqin ki, yaxın 2-3 ildə şirkətin yenidən rebrendinqə getməsi məsləhət olardı. Məsələn, adını SECAR (The State Energy Company of Azerbaijan Republic) olaraq dəyişə bilər. Logosunu isə küləklər şəhəri olan Bakının simvolu olan külək elementləri əsasında formalaşdıra bilər. Yəqin ki, bütün yeni strategiya hazır olduqdan və ictimaiyyətə açıqlandıqdan sonra məlum olacaq. Ən azı biz bilmirik ki, SOCAR-ın 2030-cu ilə olan hədəfi nədir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org