Bir ömrə sığmayan hərbçi həyatı

219

Azad vətən kəlməsinə şəhidlər, qazilər və hərbçilər dayaqdı. Bu qəhrəmanların sayəsində biz suveren ölkədə yaşayırıq. Hərbçi demək bütöv ölkənin məsuliyyətini çiyinlərində daşımaq deməkdi. Bir hərbçi üçün torpağının düşmən tapdağı altında olması qəbul edilməz bir haldı.

“Torpaqlarımız azad olunmasa mənə rəqs etmək yaraşmaz!” Bu sözlər Abbaslı Arif Firuz oğlunun tez – tez dilə gətirdiyi sözlərdi. Qarabağın adını eşidib özünü şəkillərdə görən bu qəhrəman İlahi bir eşqlə bağlanmışdı Qarabağa.

Abbaslı Arif Firuz oğlu 15 dekabr 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində üç uşaqlı (2 qardaş 1 bacı) ailədə anadan olmuşdur. 2000-ci ildə Qıvraq rayonunda Sirac Əsədov adına 1 N – li tam orta məktəbə getmişdi. 2009-cu ildə IX sinifi bitirmişdi. 495 bal toplayaraq Naxçıvanda Heydər Əliyev adına Hərbi liseyə daxil olmuşdu. 2009-cu ildə Heydər Əliyev adına Hərbi liseydə kimya fənni üzrə keçirilən olimpiadada 3-cü yerə çıxmışdı. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyin birincisi olmuş və fəxri kötüyə adı həkk olunmuşdu. Daha sonra 2012-2016-cı illərdə AAHM-nin Motoatıcı ixtisasına yiyələnmiş və Akademiyanı müvəffəqiyyətlə bitirmişdi.Daha sonra 6 aylıq Xüsusi Təyinatlı Qüvvələrin kursunu müvəffəqiyyətlə bitirmiş və Türkiyədə 6 aylıq komando kursunda xizəkçilik, üzgüçülük,dağçılıq, paraşutçuluq ixtisasına yiyələnmişdi. Orduda xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdi.

Oğulların vətən sevgisi bir başqa olur. Bir oğul vətənə sevdalandımı o sevdası uğrunda canından keçmək ən böyük arzusu olur. Axı müqəddəs sevgilər uğrunda canından keçənlər ölümsüzləşir. Vətən sevdalısı olan Arif də ölümsüzləşdi. Hər ürəkdə bir məqbərə ucaldan qəhrəman “Mən şəhid olacam” dedi və dediyini də etdi. Onun bu arzusunu duyan xanımı hər dəfə göz yaşlarına qərq olurdu. “Bəs mən, bəs Ləman?” Arifin cavabı isə belə olardı “Mən bu vətəni qorumalıyam ki, mənim ailəm, başqa ailələr firəvan yaşasın”. Öz ömrünü vətənin, vətəndaşların rifahı naminə fəda etdi. Sonuncu nəfəsində “Ləmanımdan doymadım” sözlərini dilə gətirdi. Bəs həyatdan doydunmu şəhidim?

“Mən həyatdan şəhid kimi köçəcəm.Əgər bir də həyata gəlsəm yenə hərbçi olacam” . Bu idi Arifin fərqli yönü. Vətən eşqi ürəyində, ruhunda kök atmışdı. O,  hər zaman özünü şəhidlər cərgəsində görürdü. Doğmalarını da buna hazırlayırdı.

Arifin doğmaları sentyabrın 27-si Vətən müharibəsinin başladığını eşitdiyi anda Arifin dönüşünün necə olacağını təxmin etdilər. Hər kəs Arifin illərdi bu günü gözlədiyini yaxşı bilirdi. Arifin sonuncu nəfəsini vətən üçün verəcəyi heç kimə sirr deyildi.

Abbaslı Arif Hardruta ilk ayaq basanlardan biri olub. XTQ – nin peşəkar zabiti özü ilə bərabər 100-dən çox esgeri döyüş meydanına aparıb. Savadı və idarəetmə qabiliyyəti ilə döyüşdə fərqlənən Abbaslı Arif Firuz oğlu Murovdağ ,Cəbrayıl ,Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Murovdağ istiqamətində gedən döyüşlərdə çox böyük şücaət göstərərək düşmənin həmləsini dəf edərkən yaralı yoldaşlarına kömək edib. Hadrutda gedən döyüşlər zamanı düşmən həmləsini dəf edərkən öz tabeçiliyində olan yoldaşlarını qorumaq üçün özünü önə atıb düşmənin üzərinə  gedib.20 nəfərə yaxın düşməni tək başına qumbara ilə məhv edib və özü də qəhrəmancasına şəhid olub.

Arifin döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan onun komandiri və döyüş yoldaşları danışdıqca əslində bu sakit görünüşlü qəhrəmanın illərdi bir vulkan kimi dayanıb püsgürəcəyi günü gözlədiyini düşünür insan.

Vətən qəhrəmanı, Qarabağın azadlığı uğrunda canından keçən baş – leytenant Abbaslı Arif Firuz oğlu şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Qarabağ ordeni”, “Vətən uğrunda”medalı” və  “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Sən dediyin kimi yenidən dünyaya gəlib hərbçi olmayacaqsan Arif. Ancaq səni örnək götürüb sənin yolunu davam etdirən oğullar çox olacaq. Sən bir qəhrəmanlıq simvolusan şəhidim.

 

ŞƏHİD ARİF

Səninlə ərdi göyə ana vətənin başı,

Qucaq açdı sevincə torpağı, dağı, daşı,

Azadlığa qərq oldu vətənin hər qarışı,

Sən bu azad vətənin qeyrət təcəssümüsən

Şəhidim, azadlığı bəxş edəndən birisən.

 

Zəfərə cığır açdın yenilməyən əzminlə,

Vətən sevgin hər zaman qürurla gəldi dilə,

Murov dağ, Cəbrayılda axan qan döndü selə,

Gücünə şahid oldu Suqovuşan, Füzuli,

Düşmənin pəncəsindən qurtardın neçə eli.

 

Düşmən üstə yeridin düşmən oldu dərbədər,

Yenilməyən qəhrəman, göstərdin böyük hünər,

Ərənlərlə qazandı bu vətən şanlı zəfər,

Can verdiyin vətəni əmanət etdin bizə

Sonsuzadək olacaq xalqım minnətdar sizə.

 

Elə zəfər anında dondu qaldı həyatın,

Dünyaya vida edib şəhid kimi yaşadın,

Qanınla tarix yazıb yeni tarix başladın,

Tanıdı Azərbaycan Arif kimi zabiti

Zəkası kəskin olan qılınclardan da iti.

 

Manya SƏXAVƏTQIZI